Muəllif:

Niyə fərqli düşünə bilmirik?

Sentyabrın 15-də Azərbaycanda növbəti tədris ili başlanacaq. Bu il həm də ilk dəfə tələbə adı qazananlar ali məktəblərə üz tutacaq. Tələbəlik həyatın ən gözəl mərhələsi olduğu kimi, həm də ən məsuliyyətli illəridir. 4-6 illik ali təhsil bir insanın bütün gələcəyini müəyyən edir. Əgər verilən təhsil keyfiyyətli deyilsə, o zaman vəziyyət başqa məcraya yönəlir.

Azərbaycan təhsil sistemi haqqında fikirlər birmənalı deyil. Hər il qəbul imtahanlarına giriş ballarının aşağı salınması baza təhsilinin qənaətbəxş olmadığını göstərir. Bundan əlavə, dəfələrlə 9-cu sinif  buraxılış imtahanlarında da şagirdlərin əksəriyyətinin pis qiymət alması ümumi mənzərənin hansı səviyyədə olduğunu ortaya qoyur. Təbii ki, burada fərdi məsələlər ola bilər. Üstəlik, “hər şagird mütləq əla qiymət almalıdır” düşüncəsi də artıq aktuallığını itirib. Lakin vəziyyət kütləvi hal alırsa və hər il təkrarlanırsa, deməli problem fərdlərdə yox, sistemdədir.

Ali təhsilin ümumi vəziyyəti məlumdur. Bu sahədəki problemləri sadalamaq və onları arqumentləşdirmək çətin deyil. Amma bu yazıda yalnız tədris metodologiyasına toxunacağıq. Yerli ali tədris ocaqlarında tələbələrə əsasən əzbərçilik və müəyyən qədər bilik aşılanır. “Bacarıq”, “analitik düşüncə”, “fərqli düşüncə”, “tənqidi düşüncə” kimi məhfumlar demək olar ki, yox dərəcəsindədir.  Ola bilər ki, tək-tük pedaqoq fəaliyyəti zamanı yeni tədris metodlarından yararlanır, amma kütləvi vəziyyət tamamilə fərqlidir. Bəsit izahat budur: müəllim tapşırığı verir və tələb edir ki, tələbə dərsi öyrənsin, gəlsin cavab versin, imtahana hazırlaşıb qiymət alsın. Beynəlxalq təcrübədə isə fokus tələbənin öyrəndiyi yox, onun oxuduqlarını qavrayıb, nəticədə öz qənaətini ortaya qoymasına yönəlir. Çünki, 4-6 illik tədrisin sonunda mütəxəssis yetişdirilməlidir. Tələbəyə bu illər ərzində onun əzbərlədiyi rəqəm və nəzəriyyələr deyil, öyrəndiklərinə əsasən çıxardığı nəticələr gərəkli olacaq. Əslində daha da vacibi – bu nəticələrə və qənaətlərə gələrkən keçdiyi proses və belə proses nəticəsində başqa qənaətlərin də mövcudluğunu anlamasıdır.

Tələbə ali məktəbdə verilən bilik onu qane etmədiyi halda çoxsaylı təlim və seminara qatılaraq bunları kompensasiya edə bilər. Edirlər də. Xüsusən də internet əsrində istənilən məlumatı tapmaq mümkündür. Deməli, təhsil zamanı verilən bilik də zamanla uzlaşmır. Ali təhsilin fəlsəfəsi daha çox analitik təfəkkürün və dünyagörüşünün inkişafına xidmət etməlidir. Doğrudur, elə sahələr var ki, orada bilik daha çox önə çıxır – bu, dəqiq və təbiət elmləri ola bilər. Yalnız, o da məlumdur ki, peşəkar cərrah iş zamanı uzun illər aldığı bilikdən asılı qalmayaraq, mütəmadi yeni bilik və bacarıqlara yiyələnməlidir. Belə ki, dəqiq elmlərdə də bir-birini təkzib edən, hətta ziddiyyətli nəzəriyyə və metodlar mövcuddur. Bunların əsasında alınmış bilik sonradan analitik təfəkkürə çevrilməlidir.

İşəgötürənlər bəzən istehsalata göndərilən ali məktəb məzunlarından narazı qalır. Tələbənin tədris müddətində əzbərçilik yolu ilə əldə etdiyi bilik iş prosesində ona gərəksiz olur. Ali məktəb hazır kadr yetişdirməlidir. Oysa, tələbənin 4-6 illik müddəti yalnız dərs oxumaqla çərçivəyə salınıb, oxuduğu sahədən xəbərsizdir və işəgötürən əlavə xərc çəkib onun üçün təlimlər keçməlidir. Bu da, həm zaman, həm də pul itkisidir.

Hələ də bəzi ali məktəblərdə tələbələr bütün mühazirələri dinləməli, mütləq hər deyiləni yazmalıdır. Hətta, sovet dövründən qalan ədəbiyyat siyahısı ilə təhsil alanlar da var. Başqa bir problem də,  ixtisasların əksəriyyətinin daha çox nəzəriyyə əsaslı olmasıdır. Belə olan halda, tələbə inzibati işlərlə daha çox məşğul olur və düşünmək, dəyərləndirmək, öz məhsulunu ortaya qoymaq kimi anlamlardan uzaqlaşır.

Başqa bir məqam pedaqoqların tədris proqramı ilə bağlıdır. Təhsil Nazirliyinin bəlli standartları var və müəllim bu qaydalara riayət etmək məcburiyyətindədir, yəni müəllimin hazırladığı proqram qoyulmuş çərçivədən kənara çıxmalı deyil.

Bütün bunlar fərqli düşünmə qabiliyyətinin qarşısını alan amillərdir. Ölkənin gələcəyi isə düşünən beyinlərdən asılıdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 73