Muəllif:

Nasar və biz

Şəhərdə Santyaqo Nasarın özündən başqa hamı onun öldürüləcəyini bilirdi. Pıcıldaşırdılar, müzakirə edirdilər, halına acıyırdılar, amma biri çıxıb ona gözlənilən fəlakəti demirdi. İnanmayanlar vardı, düşünürdülər ki, yox, bu qədər də olmaz. Heç kim özündən asılı olanı eləmirdi.

Fəlakət baş verdi, Nasar öldü. Halbuki, görüntü başqaydı: hamı bir nəfər kimi onun qurtulmasını istəyirdi. Ancaq bir addım atılmadı. Cəmi bir addım…

Sanki Qabriel Qarsia Markes “Gözlənilən bir qətlin tarixçəsi” əsərini bizim ölkə, bizim cəmiyyət haqqında yazıb. Əsərin fəlsəfəsi böyükdür. Santyaqo Nasar bizik, bizim ölkədir. Gözümüzün qarşısında dağıdırlar, məhv eləyirlər, durub baxırıq. Həqiqəti isə az qala, hamı bilir, hamı görür. Amma bu Nasarı da xilas eləyən yox… Pıçıldaşırıq, müzakirə edirik, halına acıyırıq, amma fəlakətin qarşısını almırıq. Nasarın öldürüləcəyinə inanmayanlar kimi, bizdə də ümidini üzməyənlər var, deyirlər ki, yox, bunu eləməzlər. Amma eləyirlər. Çünki biz də özümüzdən asılı olanı eləmirik.

Bir şeyi anlamalıyıq, ölkədə nə baş verirsə, onun bizim həyatımıza təsiri var. Fərqi yoxdur, hansı sahədə baş verir. Azad jurnalistlərin susdurulması, gerçək vəkillərin sıradan çıxarılması, məhkəmə ədalətinin yalnız kağız üzərində saxlanması… Bu siyahını xeyli uzatmaq olar, ehtiyac yoxdur. Onsuz da bütün sahələr bir-birindən bərbad gündədir.

İlk baxışdan elə görünə bilər ki, bunların böyük kütlənin həyatına isti-soyuğu yoxdur. Hansısa prinsipial vəkilin öz işini vicdanla gördüyünə görə vəkillikdən uzaqlaşdırılmasının Həsən və ya Məmmədə nə dəxli ola bilər? Yaxud da gerçəyi dilə gətirdiyinə görə həbsxanada çürüdülən jurnalistləri onlarla nə bağlayır? Dediyimiz kimi, ilk baxışdan heç nə. Amma ilk baxışdan…

Media azad olmayanda dövlətin pullarının təyinatı üzrə yox, məmur villalarına xərcləndiyini yazan, deyən olmur. Son nəticədə bütün ölkə qaranlığa qərq olur – hamı işıqsız qalır, Həsən də, Məmməd də…

Ölkədə ədalətli məhkəmə olmayanda haqqını pozanlar sənə çox rahatlıqla deyə bilir ki, “get, hara istəyirsən şikayət elə…”. Bu vəziyyət yarananda isə sənin də gücün göz yaşına, uzağı, iki metr kəndirə çatır…

Yoldaşlardan biri danışmışdı, apreldə prezident seçkisi öncəsi uşaqların oxuduğu məktəbdə müəllim valideynlərdən səsvermə günü şəxsiyyət vəsiqəsilə gəlmələrini istəyib. Deyir ki, özündən başqa qalan valideynlər müəllimin dediyi kimi də eləyiblər. Bax, böyük bəlalar da bu şeylərdən başlayır. Əgər bir sinifdə 30 valideyndən 29-u müəllimin saxtakarlıq tələbinə çox rahatlıqla “hə” deyirsə, bu artıq faciədir. Özü də təkcə 29 nəfərin yox, cəmiyyətin, ölkənin faciəsi. Həmin 29 nəfər azı 29 övlad böyüdür. Deməli, “ölkənin gələcəyi” həm də düşünüb-daşınmadan saxtakarlığa şərik olmağa qol qoymuş o 29 nəfərin əlindədir…

Adamlarımızın çoxu sanki düşünməyi də yadırğayıb. İnsan düşünəndə sorğulayır, suallarına cavab tapmaq istəyir. Düşünsəydik, bu sualı, ən azı, özümüzə verərdik: belə davranışı özünə rəva görən müəllim mənim uşağıma necə doğru yol göstərə bilər? Axı məktəb təkcə tangens, kotangens öyrətməməlidir. Məktəb həm də şagirdə düzgün istiqamət verməli, yaxşı insan, vicdanlı vətəndaş yetişdirməli deyilmi? Tədris ilinin qrafikini 15 gün o tərəf-bu tərəfə çəkməklə təhsil olmur…

Markesin əsərində Santyaqo Nasarın bağırsaqlarını yerə tökmüşdülər. Bizim Nasarın da köksünə xeyli bıçaqlar sancılıb. Hər bıçağın da öz adı var: korrupsiya, ədalətsizlik, təhsilsizlik, hüquqsuzluq… Biz isə kənardan özümüzü tamaşaçı kimi aparırıq, sadəcə, seyr edirik. Nə qatilə mane oluruq, nə də qurbana kömək edirik. Belə fikir formalaşıb ki, alınmayacaq, bacarmayacağıq. Biz nə vaxt cəhd göstərdik ki, alınıb-alınmayacağını da bilək?!

Vacib addımı atmağa gecikirik. Hər keçən gün də ziyanımıza işləyir, Nasarın vəziyyəti bir az da ağırlaşır.

Santyaqo Nasar öldürücü bıçaq zərbələrindən sonra da ayağa qalxmağa özündə güc tapmışdı. Bağırsaqlarına yapışan torpağı əli ilə ehmalca təmizləməyə çalışırdı… Ancaq gec idi, daha heç kim ona istəsəydi belə, kömək edə bilməzdi. Az qala, hər kəsin xilas edə biləcəyi Nasarı heç kim xilas edə bilmədi. Üzüqoyulu yerə yıxıldı…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 7,75 из 10)
Oxunma sayı: 170