Muəllif:

MƏGƏR BİZ ALPİNİSTİK?..

Hətta medianın inkişafı baxımından götürəndə üçüncü on illikdir ki, müstəqil Azərbaycanın heç də bütün dövrləri eynigüclü olmayıb — burada da enişlər-yoxuşlar, irəliləmələr və geriləmələr olub.

Hətta 1993-cü ildən bu tərəfi götürsək belə, yenə də biristiqamətli tendensiyadan danışmaq olmur, baxmayaraq ki, bu, eyni bir partiyanın hakimiyyəti illəridir.

Fəqət, məcbur olursan ki, hətta bu dövrü də iki hissəyə ayırasan. Birinci dövr 1993-2003-cü illəri əhatə edir.

Bu dövrdə dövlətin media ilə bağlı siyasətində ardıcıl olaraq mülayimləşmə tendensiyaları duyulurdu. Məhz bu dövrdə KİV-lərin qeydiyyatı ilə bağlı prosedurlar xeyli dərəcədə sadələşdi və məhz elə bu dövrdə senzura ləğv olundu…
2003-cü ildən bu vaxta qədərki dövr isə özünün ziddiyyətləri, mürəkkəbliyilə daha çox diqqəti cəlb edir. Bir tərəfdən bir peşə kimi jurnalistikanın ictimai statusu ildən-ilə artır, media əhlinin sosial problemlərinə dövlət diqqəti çoxalır və bu gün də çoxalmaqda davam edir.

Amma bunu jurnalistlərin düşüncə və ifadə azadlığı ilə bağlı demək olmur, bu sahədə işlər heç də rəvan getmir, getdikcə biz məhdudiyyətlər və yasaqlar haqda daha çox eşidirik, nəinki azadlıq və sərbəstlik haqda.
Təbii, bunun obyektiv səbəbləri də var. 2003-cü ildən sonra medianın özündə keyfiyyətcə elə yeni proseslər başladı ki, bunlar 90-cı illərdə yox idi – sosial şəbəkələr meydana çıxdı, “ictimai jurnalistika” yarandı, hətta ənənəvi medianın özünün internet versiyaları daha çox üstünlük təşkil etməyə başladı ki, bunlar da həm informasiya təhlükəsizliyi məsələsinə, həm də media azadlığı problemlərinə yenidən baxmağı diqtə etdi…

Amma bütün prosesləri, yeni-yeni məhdudiyyətləri heç də həmişə obyektiv səbəblərlə yozmaq olmur, burada subyektiv meyarlar da heç də az deyil. Elə bu günlərdə eşitdiyimiz bir xəbər — KİV-lə bağlı qanuna yeni düzəlişlər təklif edilməsilə bağlı informasiya bizdə bu təəssüratı bir az da gücləndirdi.

Əlbəttə ki, Azərbaycan müharibə vəziyyətində olan ölkədir. Burada hər an hərbi əməliyyatlar başlana bilər. Ona görə də qanunvericilikdə bu cür hallar nəzərə alınmalıdır və buna heç bir söz yoxdur.

Ümumi halda azadlıqla təhlükəsizliyin nisbəti beynəlxalq praktikada belə yozulur: təhlükəsizlik üçün zəruri hallarda hətta əsas insan hüquq və azadlıqları qanunla müəyyən olunmuş müddətə məhdudlaşdırıla bilər.

Qalan dövlərdə də söz azadlığı tamamilə sərhədsiz olmur və dinc dövrlərdə də o, bir sıra hüquqi aktlarla, məsələn, “Dövlət sirri haqqında qanun”la tənzimlənir.

Ümumiyyətlə, jurnalistlər, xüsusən də hərbi mövzularda çalışanlar birdəfəlik bilməlidirlər ki, ordu hissələrinin coğrafi və taktiki-texniki göstəriciləri, şəxsi heyət və texnika ilə bağlı bilgilər, döyüşçülərin sosial- psixoloji durumu ilə bağlı məsələlər məxfi hesab edilir və bu detallar heç bir halda yayıla və tirajlana bilməz, çünki onların yayılması arzuolunmaz nəticələrə gətirib çıxara bilər…

Bəli, bu, hər jurnalistin bilməli olduğu məsələdir və bu yasaqların posulması əslində cinayət tərkibi yaratmalıdır.

Amma burada başqa məsələ də var. Doğrudanmı, mövcud qanunvericilik hakimiyyətə medianı tənzimləmək, onu Konstitusiya və qanun çevrəsində saxlamağa imkan vermir? Doğrudanmı, yeni yasaqlara və məhdudiyyətlərə ehtiyac var?..

Bizə elə gəlir ki, artıq mövcud olan prosedurlar da yetərlidir. Məsələn, hökumətin sərəncamında, səhv etmiriksə, qanunu pozan saytların hətta bloklanması imkanı var. Bunun özü yetərli deyilmi? Yoxsa yasaqlara və məhdudiyyətlərə həvəs də vərdişə çevrilir?

Burada bir məsələni də qeyd etmək lazım gəlir. Bu, xüsusən də jurnalistlərlə bağlı məsələdir. Bizim öhdəliklərimiz təkcə qanunlardan irəli gəlmir, əxlaqdan və bizim bu xalqın bir üzvü, bu Vətənin bir övladı olmağımızdan irəli gələn öhdəliklərimiz də var.

Xüsusən də bir məsələni daim diqqətdə saxlamalıyıq: bu, insanlarımızın, ələlxüsus da, zabit və əsgərlərimizin sosial-psixoloji durumu ilə bağlıdır. Bu müstəvidə insanlarımıza da, döyüşçülərimizə də pozitiv hisslər, ruh yüksəkliyi və nikbinlik aşılamalıyıq.
Amma bunu da bayağılaşdırmaq lazım deyil, çünki hər şey bayağılaşanda, çeynənəndə gözdən düşür, təsir gücünü belə itirir. Adi bir misal deyəcəm.

Məsələn, iki il bundan əvvəlki aprel döyüşlərinin siyasi və istimai tutumu olduqca böyükdür. İlk dəfə idi ki, düşmənə sistemli və nizamlı ordu kimi ciddi hərbi həmlə edirdik.

Amma nəzərə alanda ki, buna iyirmi ildi ki, hazırlaşıdıq, yada salanda ki, illərlə “Azərbaycanın sosial-iqtisadi inkişafı Qarabağ hərbi teatrında da özünün ifadəsini tapacaq!” deyirdik, əldə olunan hərbi uğurlarımız bir o qədər də böyük olmadı — təəssüf ki, yalnız bir neçə yüksəkliyi ələ keçirə bildik və həmin yüksəkliklərin taktiki və strateji önəmi nə qədər böyük olsa da, hər halda, işğal olunmuş ərazilərin ümumi miqyası baxımından bunlar az idi.

Biz bu gün də hesab edirik ki, əgər Rusiya amili olmasaydı nəticələr, — ordumuzun uğurları daha böyük olardı. Amma bizdən asılı olmayan səbəblərdən belə olmadı. Ümidliyik ki, gələcəkdə bunun əvəzini çıxmaq imkanımız olacaq.

Bir daha deyirik ki, iki il bundan öncəki aprel döyüşlərinin önəmi çox böyük idi. Amma bu qəbildən olan qiymətləndirmələr bəzən elə bayağı forma alır ki, adamda istər-istəməz sual yaranır: məgər biz alpinistik ki, bir-iki yüksəkliyi fəth etməyimizlə bu qədər öyünək?

Şəxsən özümüzə gəldikdə deyərdik ki, həm aprel döyüşlərinin nəticələrini şişirdən, həm də real olaraq belə nəticələrin əldə olunmasını əngəlləyən Rusiyanı “dostumuz, qardaşımız və strateji müttəfiqimiz” adlandıranlardan fərqli olaraq hesab edirik ki, hətta tərif və öyünmək də inandırıcı səviyyədə olmalıdır. Həm də insanlar həqiqəti də bilməlidir ki, Dağlıq Qarabağda hərbi cəhətdən irəliləməyimizə mane olan birinci amil Rusiyadır…

Bəzən deyirlər, bu, insanlarımızda ruh düşkünlüyü yaradır və onların Dağlıq Qarabağ probleminin nə vaxtsa həll olunacağına ümidlərini azaldır. Amma belə deyil. Rusiya var deyə, heç də əl-qolumuzu yanımıza salıb oturmamalıyıq.

Bəli, Rusiya var, amma bizim də siyasətçilərimiz və eləcə də diplomatlarımız var. Qoy, onlar da Rusiyanı neytrallaşdırmağın yollarını arasınlar. Əminik ki, belə yollar var…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 89