Muəllif:

Küçə itləri

“Canavarı görən saqqallı qərib kişi dirçəldi və canavara  diqqətlə baxıb birdən “Alan” deyə pıçıldadı. Elə bil canavar bu sözü eşitdi. İtin qan yaddaşı hərəkətə gəldi. Keçəl Xondulunu öldürdükdən və uzun müddət meşədə tək yaşadıqdan sonra canavar sürüsünə qoşulmuş və oralara hərlənən bir insan övladı gördükdə üstünə atılmışdı. Ona görə də heç kəs qorxusundan o tərəflərə hərlənməz, “Alan” törəmələrindən özünüzü qoruyun deyərdilər…

Alan əvvəlcə çömbəltmə oturub qərib kişiyə baxdı. Sonra biləklərinin üstündə sürünərək ona yaxınlaşdı. Sifətini kişinin dizlərinə qoydu. Qərib isə onun başını tumarladı”.

“Ölən dünyam”, İsmayıl Şıxlı

***

80-ci illərin sonu 90-cıların əvvəlində birotaqlı mənzildə yaşayırdıq. Gündüzlər qonaq üçün olan otaq gecələr yataq otağına çevrilirdi. Uşaqların ikimərtəbəli çarpayısını pəncərə olan divar tərəfə qoymuşduq ki, pərdəni çəkəndə görünməsin. Özümüzsə açılıb-yığılan kürsülərdə yatırdıq. Divarboyu mebel dəstinin içində isə nə desəniz vardı – pal-paltardan tutmuş qab-qacağa və kitablaradək. Qabaq stolumuz və dörd stulumus da həmin dəstin içində yerləşirdi. Qonaq gələndə onları açıb o qədər məclislər qurmuşduq ki… Oturmağa yer olmayanda qonşulardan stol və stul alırdıq. O zamanlar belə şeylərdən heç kim inciməzdi, əksinə əl-ayaq edər, həyan olardılar. Nə isə… Keçdi o zamanlar. İndi biz də dəyişmişik, zəmanə də…

Amma sözümün canı bunda deyil.  Mətbəx isə həm mətbəx idi, həm də iş otağı. Gecələr uşaqları yatızdırdıqdan sonra qapını çəkər və az qala sübhədək yazı-pozu ilə məşğul olardım – ailəni dolandırmaq lazımdı. Çətin vaxtlar idi – bir fövqəladə vəziyyət və komendant saatı bitməmiş digəri elan olunurdu. Qarabağda separatçılar azğınlıq edirdi, Bakıda rus qoşunları. Amma millət azadlığın qoxusunu almışdı, daha onun qabağında heç kim durammazdı. SSRİ-nin son hıçqırıqları idi…

O illər qış da elə bil indikindən sərt idi. Aylar çəkən komendant saatı olduğundan isə qaş qaralan kimi küçələrdən əl-ayaq yığışar, yalnız buraxılışı olan tək-tük maşınların təkər səsi gecənin sakitliyini pozardı. Şəhər qaranlıq və vahiməli daş qəbiristana bənzəyərdi. Gecə yarıdan sonra isə rus əsgərləri ilə yanaşı qaranlıq küçələrə yiyəsiz itlər yiyəlik edərdi.

Belə gecələrin birində oturub şirin-şirin nəsə oxuduğum yerdə küçədən it hürüşməsi və arxasınca tükürpədici pişik miyoltusu gəldi, sanki kimisə öldürürdülər. Tələsik balaca eyvanımıza çıxdım. Gördüklərimdən tüklərim biz-biz oldu. Kimsəsiz küçədə təkəm-seyrək yanan küçə lampalarının birinin sarımtıl işığında 5-10  it özü kimi yiyəsiz küçə pişiyini dövrəyə almışdı. İtlər dairəni daraldır, pişiksə belini donqarlayıb aradabir irəliyə çıxan itlərin burnunu cırmaqlamağa çalışırdı. Bu, adi it-pişik qovhaqovu deyildi. Ölüm-dirim davasıydı – yiyəsiz küçələrə yiyələnmiş yiyəsiz küçə itləri öz ərazilərində özlərindən başqa kimsəni görmək istəmirdilər. Eyvandakı səbətdən əlimə ilk keçən nar oldu. Onu hirslə yeddinci mərtəbədən aşağı tolazladım, amma gecdi. İtlər sanki sözləşiblərmiş kimi anidən dairəni qapatdılar. Pişiyin miyoltusu sonuncu dəfə boş küçələrdə əks-səda verdi…

***

Aradan illər ötdü, artıq nə komendant saatı vardı, nə də küçələrdə keşik çəkən rus əsgərləri. İndi özümüz mitinq edib, özümüz də özümüzü kötəkləyirdik. Mən də birotaqlıda deyil, daha böyüyündə yaşayırdım. Ayrica iş otağım da vardı, amma yenə də gecələr çalışırdım…

Uşaqlar irilənmişdi deyə hamılıqla razılaşıb bir alman qurdu da almışdıq. Adını tərəddüd etmədən Alan qoymuşduq, çünki nəslimizdə belə adda it vardı. Bunu həm qohum-əqrəbadan eşitmişdim, həm də atam son romanı “Ölən dünyam”da onu təsvir etmişdi. Bir sözlə, itin təlim-tərbiyəsinə xeyli zaman və səy sərf etmişdik. Təlim bitəndən sonra köpək hər şeyin, xüsusilə də özünün yerini bilirdi. Ondan nə tələb edildiyini isə az qala baxışlarımızdan anlayırdı.

Qış idi. Həmişəki kimi nəsə oxuyurdum. Evdəkilər, anam demiş, doqquzuncu yuxu görürdülər. Bir də baxdım ki, Alan gəlib yazı masamın yanında çömbəltmə oturdu və gözlərini mənə zillədi. Saat 2 olardı. Əvvəlcə, ona fikir vermədim, sonra gördüm ki, astadan zingildəyib quyruğunu bulayır. İşin nə yerdə olduğunu anladım. Geyinib həyətə endik, oradan da evimizin qarşısındakı ağaçlığa tərəf getdik. Maşın yolunu keçən kimi onu buraxdım. Özünü tezcə kolluğa verdi. Mən də ayazlı havadan uda-uda həmişəki kimi bulvara tərəf yollandım. Hara getdiyimizi ikimiz də bilirdik. Alanı görməsəm də əmindim ki, haradasa qabaqdadı.

Əvvəlcə kiminsə ayağının altında sınan budaq şıqqıltısı eşitdim sonra isə hənirti duydum. Elə bildim Alandı. Qanrılıb geriyə baxanda bayaq yanından ötdüyüm ağaclığın içində bir cüt parıldayan göz gördüm. Bir an sonra mənə zillənən parıldayan gözlər çoxaldı və qaranlıqdan üstümə 5-10 küçə iti ayaqlandı. Təlaşlanmasam da, xoflandım. Yadıma illər əvvəl gördüyüm səhnə düşdü. Özümü həmin pişiyin yerində hiss etdim. Dodağım qaçdı və qımışdım, amma itlər yaxınlaşdıqca xınanın o xına olmadığını anladım. Qaçmaq yeri deyildi. Ətrafıma göz gəzdirdim ki, özümü müdafiə etməyə bir şey tapım və elə bu yerdə itlərin qamaşdığını duydum. Bir çoxlarının qabaq pəncəsi növbəti addım üçün yerdən aralansa da, elə havadaca qalmışdı. Alan məndən iki addım irəlidə məğrurcasına durub baxışlarını məni əhatələyən itlərə zilləmişdi. Bu lal-dinməz səhnə təxminən iki dəqiqə çəkdi. Sonunda küçə itlərindən ən irisi, görünür başçı imiş, qabaq pəncələri üzərinə sinib yerə yatdı və quyruğunu buladı. Bayaqdan dimdik duran quyruğu qısılmışdı. Yerdə qalanlar da ona baxıb şırvandılar. Alan bir az da duruşunu pozmadan dayandı və nəhayət mənə tərəf boylandı – artıq yolumuza davam edə bilərdik…

***

Təbiətin yazılmamış qanunları çoxdur. Yuxarıda təsvir etdiyim səhnədə onlardan biri işə düşmüşdü. Əsli-nəsli bilinməyən, damarlarında min cür tulanın qanı axan, yalnız kürsək zamanı birləşib sürü halında ətrafındakılara hürənlərin qarşısına cins və qorxmaz biri çıxanda gec-tez onun qabağında şırvanırlar. İnsanlar da belədir. İndi, görünür, insan cildində olan bu tulaların kürsək vaxtıdır, amma mən qəti əminəm ki, gec-tez onlar dürüst və namuslu insanların qarşısında şırvanacaqlar. Sadəcə, problem ondadır ki, cins adamlar YALQUZAQ olurlar – onları SÜRÜyə  qatmaq olmur, çünki SÜRÜ psixologiyası onlarin təbiətinə yaddır!

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (18 оценок, среднее: 8,44 из 10)
Oxunma sayı: 3293