Muəllif:

İşsizliyin dözülməz yüngüllüyü

İşsizliyin nə olduğunu bilməyən varmı?

İşsizlik qlobal istiləşmənin sonuncu mərhələsi, buzlaşma dövrünün başlanqıcıdı bir insan üçün.

Göy qübbəsindən qopur, Yer yerindən oynayır. Ailələr mehvərindən qopur, dağılır, nəhəng səma cisimlərinin tör-töküntüsü altında qalır. Övladların üzü getdikcə torpaq rənginə çalmağa başlayır, dayanmadan dolub-boşalan gözləri dörd açılır, bərəlir, o gözlərdə cavabsız və lal suallar şimşək kimi çaxır, səssiz ildırımların gurultusu dünyanı başına götürür. Adama elə gəlir ki, yalnız və yalnız dünyadan qaçmaqla canını qurtara bilər bu amansız təlatümün əlindən. Bir gün zəlzələ təkanları tükənir və dəhşətli vulkan püskürməyə başlayır…

***

Görmək istədiyin dostu-yarı görüşə çağıra bilmirsən! Səni görüşə çağıran eyni durumlu yoldaşlarla görüşdən də min bəhanəylə boyun qaçırırsan – səbəb eyni – quru çay məclisinin sonuna az qalmış hamının udqunduğunu, utancaq nəzərlə bir-birinə baxdığı zaman söhbətin öz normal axarını və dadını-duzunu, rabitəsini itirdiyini, “bir az tez bitsəydi bu məşəqqət” qurcuxmalarını görmək qorxunc! Hələ imkanlı dostların “çay içmək” adıyla çağırdığı yeməklərdən nə zillətlə qaçırsan — ən işgəncəlisi də bu – bu yemək-içməklər sənə bütün məclis boyu səni xatırladır: səni, sənin miskin durumunu, sanki Qırmızı Xaç, Qızıl Ayparanın ehsan süfrələrində oturan səfillərdən birisən! Sən bahalı araq içib yüksək materiyalardan dəm vurduğun anlarda övladların “atamız bir iş tapıb qayıdar bu gün əlbət”, — deyə xəyal qurur evdə… Və imkanlı dostun deyir:“Gedim istirahətə, qayıdım, oturub bir şey fikirləşərik, ürəyini sıxma, işsizliyi dərd eləmə…”. Əlbəttə, sən bais olursan, o dost heç vaxt istirahətdən qayıtmır…

Bir həmkarın zəng vurur: “Eşitdim, filankəslə birgə işə başlayırsan? Ondan ehtiyatlı ol! Onun “moşennik” olduğunu bilmirsənmi?”

Başqa biri: “O-o, təbriklər, eşitdim-eşitdim. Çox sevindim. Nə qədər verəcək ayda? Nə? 700? Hə… Lap yaxşı. Zəng vurmuşdum deyəm ki, məndə işləsəydin, 500 verərdim. Bilirsən vəziyyəti, ondan artıq verəmmirəm. Yoxsa…” – adam böyük qardaşlıq nümunəsi göstərdiyini gözünə soxub, üstündən böyük dağ atmış kimi dərindən nəfəs alır xəttin o ucunda… Və bilirsən ki, 1000 desən, o cəmi 700 verə biləcəkmiş…

Başqa biri: “Qardaş, həmişə yanındayıq! Bir çətinliyin-zadın yoxdu ki? Birdən nəyəsə ehtiyacın olub-elər! Haçan nə lazım oldu, de, çəkinmə, ölməmişik ki! Əşi, “sağlığın bəsdi” nədi? İşsizsən, başa düşürük…”

Başa düşürük… Ciddimi? Başa düşən soruşarmı?!.

İşsizin ümiddən bol heç nəyi yox! Proletariatınsa zəncirindən başqa itirəcəyi bir şey!

***

Sevginin belə para görmədən solduğu ölkədə yaşayırıq, atam-qardaşım!

İşsizlik yazmayan adamın yazıçılığıdır. İşsiz adam yalqızdır…

İşsiz nə kimsəyə gedə bilir, nə kimsəni çağıra!

İşsizlik boşuna qurban verdiyin vaxta kəsilən işdir.

İşsizlik dünyanın ən bitib-tükənməz işidi! İşsizlikdə çəkdiyin çilələrin adı belə “iş”lə başlayır: İşgəncə…

Axı elə bir adam yoxdu ki, bunları yaşamasın, bəs bunları niyə yazdım?

***

Bu yazını qələmə aldığım gün işdən istefa etməyimin 4 ayı tamam oldu. İşdən çıxan günün sabahı klaviaturamı qoltuğuma vurub rayona yollandım. Bir həftəyə özümə gəldim və beş ildən bəri tamamlaya bilmədiyim romanımı işləməyə başladım. Redaktorum Hədiyə Şəfaqətin bitib-tükənməyən qeydlərilə çarpışa-çarpışa dəlilik dərəcəsinə çatan çılğınlıqla işlədim: 10 səhifə ixtisar edib, 20 səhifə yazdım, 20 səhifə silib 50 səhifə yazdım, gah romanı tam silmək istədim, gah sıfırdan başlamaq… və nəhayət iş bitdi.

Kitabın çapına lap az qalıb. Ancaq mən bu kitabı çapa verməyəcəm. On milyon əhalisi olan ölkənin, toplam 50 milyona yaxın sayı olan bir millətin onca mini kitab oxumursa, kitab nəşrinə dəyməz. Hərçənd normal ölkələrdə kitab yazmaq da işdir. Yaza bilirsənsə, həm də karından işdir. Ancaq bu ölkədə mən heç nədən başıma iş açmaq istəmirəm.

***

Bu arada dünyada tayı-bərabəri olmayan bu gözəlim ölkəmin görmədiyim yerlərini gəzib-gördüm. Yeri gəlmişkən, sual oluna bilər ki, cibində siçanlar oynaya-oynaya hansı yolla? Deyim də: sürücü işi!

Və nəhayət, bir gün illərlə həsrət qaldığım balıq ovuna getdim. Xəstəsiyəm tilovla balıq ovlamağın. Bu sahədə, necə deyərlər, parlaq xatirələrim var. Uşaqlıqdan bəri tutquluyam balıq ovuna. Həyatda iki şeyi seç, desələr, yazmağı və balıq ovunu seçərdim.

Tilovla 7 kilo çəkisi olan balıq tutmuş adamam, başqa necə olmalıydı ki, elə-belə iş kimi gəlməsin sizə!

Bir zamanlar çaylarımız, kanallarımız ağzınacan dolu olardı balıqla. Heç kim axşama ruzisiz olmazdı. Hətta işsizlər də! Ən bəd ayaqda gedib balıq tutardılar. Kəndimizin göz yaşı kimi duru şor kanalında sürüylə iri ziyad balıqlarının, hətta nərə balıqlarının üzdüyünü görmüşəm, hər axşam evə tilovla ovladığım 50-60 balıq gətirdiyim günlər olub qıtlıq illərində.

Adını unutduğum bir sovet filmi var. Oktyabr qiyamından sonra xaricə mühacirət etmiş rus emiqrantlardan bəhs edir. Filmin qəhrəmanı bir epizodda belə deyir: “Ah, Rusiya, Rusiya! Bir gün yenə sənin bol sulu çaylarında bir rus balığı tutsaydım…”

Mən bu kəlmələri Rusiyada olanda anladım. O bol sulu, balıqları ət-ətə söykənmiş Ob çayında bir dəfə də tilov atmaq həvəsim olmadı. O rusun sözlərini xatırladım, bir Azərbaycan balığı tutmağın xiffətini çəkdim.

Ölkəmə qayıdanda anladım ki, daha nə o Azərbaycan var, nə o Azərbaycan çayları, nə də o Azərbaycan balığı!

Nağıllarımızda var: əjdaha suyun ağzını kəsir, xalqa su vermir. Qurban tələb edir. İndi o əjdaha kimdisə, bilmirəm, bir başa Xəzərin ağzını kəsib, xalqa nə su verir, nə də balıq.

Mən isə bunu bilə-bilə bir neçə gün qabaq rayonda pas atmış tilovlarımı sazlayıb, minaaxtaran zilləti ilə susuzluqdan səhraya dönmüş torpaqlardan bir ovuc arıq-turuq, sap kimi soxulcan yığdım, balığa getdim. Sadəcə, qurdumu öldürmək üçün.

İndi biz hər sahədə ancaq qurdumuzu öldürürük. Heç nə gətirməyəcəyini bilə-bilə.

Əjdahaya ömrümüzü qurban verdik, bircə quru canımız qaldı…

***

Balıq olmadığını bilə-bilə qarmağı suya atıb, saatlarla gözünü qırpmadan gözləmək də bizim işimiz oldu. Sizifin işgəncəsini geyindir, toya göndər. Elə dənizdən nəhəng balığın skeleti ilə qayıdan Qoca-Santyaqonu da…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (6 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 253