Muəllif:

İşçilərinin güngörməzini izləyən rəhbərlər

Qədim Roma imperatorları dünyanın hər zövq-səfasını, hər həzzini görəndən sonra yaman duruma düşmüşdülər. Daha heç nə onların kişiliyini oyandıra bilmirdi.

O zaman insan şüurunun alt qatında gizlənmiş çox iyrənc özəlliklərdən birini kəşf etdilər, yaxud xatırladılar. Ya da bu, sadəcə, onların ağlına gəldi və sonradan psixoanalitiklər onu rəsmiləşdirdilər.

Onlar öncə açıq total orgiyalar təşkil edir, orgiyaları açıq seyr edir, özlərində hiss oyandırmağa çalışırdılar. Sonra bu da öz sehrli gücünü itirdi və haqqında danışdığımız məsələyə start verildi. Kimlərinsə xüsusi təşkil edilmiş dörd divar arası sevişmələrini imperatorlar bir gizli dəlikdən, ya bacadan izləməyə başladılar. Psixologiyada buna pərdə effekti də deyilir. Adi gözlə görünən şey pərdə arxasından görünən eyni şeyin effektini vermir.

İmperatora elə gəlirdi ki, izlənənlərin izlənmələrindən xəbəri yoxdu. Əslində isə onun bu iyrənc xəstəliyi bütün saray əhlinə bəlli idi və onlar öz yataqlarını imperatorun şəninə ən möhtəşəm şəkildə keçirməliydilər. Yəni əslində nə baş verdiyindən, izləndiklərindən yerli-yataqlı xəbərdar idilər. Hətta imperator öz arvadını belə başqalarıyla otağa saldırır, bir küncdən seyr edirdi. (Bu son abzası lütfən bir neçə sətir sonraya qədər diqqətdə saxlayın.)

***

Dünya erotik film sənayesinin dahi rejissorlarından olan Tinto Brasın misilsiz qəddarlığı, hiylə və xəyanətləri ilə yadda qalmış qədim Roma imperatoru Kaliqulanın həyatından bəhs edən, totalitarizm əleyhinə çəkdiyi kulta çevrilmiş “Kaliqula” filmi də təxminən bu mövzuya həsr edilib. Film insan mənəviyyatının dəhşətli deqradasiyasından bəhs edir.

Simulyasiyasız, real 6 dəqiqəlik pornoqrafik səhnələrinə görə film bir sıra ölkədə qadağan edilib.

Tinto Bras 1979-cu ildə çəkdiyi 22 milyon dollar büdcəlik bu filmdən sonra kinoşünaslar tərəfindən dünya erotikasının şedevri hesab edilən filmlərini çəkməyə başlayır. Bu filmlərdə isə o yazımızın əvvəlində dediyimiz nüansı özü üçün kəşf edir və filmlərinin ana ideyasına çevirir: özününkünün başqaları ilə sevişməsinə kənardan baxma, izləmə və vəcdəgəlmə…

***

Və… Əziz Nesinin də bu mövzuda, yəni vuayerizmdən — başqa adıyla vizyonizmdən bəhs edən möhtəşəm bir hekayəsi var (təəssüf ki, lap çoxdan oxuduğum bu hekayənin adını xatırlaya bilmədim).

Xatırladım ki, vuayerizm — insanların soyunmaq, cinsi əlaqədə olmaq, vanna qəbul etmək, duş almaq, tualetə çıxmaq kimi intim anları və fəaliyyətlərini güdmək, bundan cinsi oyanış duymaq, həzz almaqdır.

Necə deyərlər, bu xəstəliyə yoluxmuş 7 nəfərlik mütəşəkkil bir qrup əlində nərdivan gecələr şəhəri dolaşır, əvvəlcədən müəyyən etdikləri otaqlara uzaqdan “soxulur” və tanımadıqları insanların yataq səhnələrini növbəylə izləyirlər. Bu qrupa tanınmış professorlar, iri müəssisə sahibləri, tanınmış jurnalistlər, yəni cəmiyyətdə çox hörmətli şəxslər kimi tanınan adlı-sanlı adamlar daxil olur. Toplumda çox sayğıdəyər sayılan, hətta hamıya əxlaq dərsi keçən bu adamlar izləmə anlarında miskinləşir, sıradan xəstəyə, bədbəxt, cılız insanlara çevrilirlər. Sonluq faciəlidir. Axırıncı izləmə obyekti dəstə üzvlərindən birinin qızı olur…

***

Nəhayət, necə deyərlər, gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşı. Qayıdaq ölkəmizə!

Əlbəttə, onları yaxşı tanıyırsız. Hamı tanıyır. İçlərində kimlər yoxdu?! Ancaq onlar gecələr əllərində nərdivan ev-ev, küçə-küçə gəzmirlər. İndi onların işi çox asandı. Texniki tərəqqininin öz ilkin məzmununu itirdiyi yerdə, əlbəttə, vətənimizdə onlar bu imkandan yararlanırlar. Ən sanballı idarə-müəssisə, holdinqlərdə tualeti çıxmaqla hər künc-bucaqda kameralar quraşdırılıb. Rəhbərlər hər kəsi izləyir, hətta harda olurlarsa olsunlar, xüsusi proqramla yenə izləməni davam etdirirlər. Ancaq bu, onlara yetmir. Bir də hər kəsin şəxsi poçt qutusunu, inboksları, yazışmaları izləyirlər. Adamların dərdinə-sərinə, işinə-gücünə bax. Hansı işçim kiminlə yazışdı, nə yazışdı, nə yazdı…

Belə demək olarsa, şəxsi yazışma odalarını adamların məhrəmi saymaq olar. Adamlar burda sevgilisi ilə intim söhbətlər edir, bəzən söyüşün, bəzən iyrənc, vulqar kəlmələrin biri bir qəpik olur və s. Qısaca desək, burda p…x-p…xa qarışır və bu adamlar, bu rəhbərlər kanalizasiya qurdları kimi o p..xun içində eşələnməkdən həzz alırlar. Bütün hallarda bu, vuayerizm xəstəliyi olsa da, onlar bəlkə də özləri üçün mini KQB yaratdığını, öz təhlükəsizliklərini təmin etdiklərini düşünürlər. Amma və lakin… Kiminsə kiminləsə intim, seksual yazışmasını izləmək təhlükəsizlik tədbiri sayıla bilərmi? Sizə iş lazımdır, yoxsa kiminsə intim yerlərinin yazılış şəkli?

Beləcə, bu gözəl məmləkətimiz bu miskin vuayeristlərlə dolub-qaynaşır. Bəs ölmək üçün ən münasib yer olan vətəndə onlar niyə ölmürlər?

Görünür, iş hələ o mərhələyə çatmayıb. Ancaq acı da olsa, yazmalıyam. Vuayerizm ciddi rahatsızlıqların inkişafına və yekunda mazoxizmə gətirib çıxara bilər. İnsanların məhrəminə, belə lap ürəyinə girib dolaşmaq çox əyləncəli, hətta həzzverici olsa da, çox ağrılı məşğuliyyətdi.

Nə qədər gec deyil, psixoterapevtə-zada baş vurun. Və düşünməyin ki, başınızı ora-buralarına soxmağınızdan işçilərinizin xəbəri yoxdu. Heç olmasa, utanın. Onlar sizi görəndə üzünüzə gülümsəsələr də, indicə gündöyməzlərindən çıxmış qurd kimi baxırlar sizə…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (6 оценок, среднее: 9,00 из 10)
Oxunma sayı: 307