Muəllif:

İNDİ DƏ MİSİR FİRONLARININ TÖRƏMƏLƏRİ OLDUQ?..

Yazının iddiası elə də böyük deyil: bir az gələcək, bir az da bu konteksdəki yalan təsəvvürlərimiz haqqında danışmaq istəyirəm. Özü də çox qısaca – odur ki, narahat olmayın, sizi Yeni il ərəfəsindəki daha vacib işlərdən çox da ayırmayacam.

Əslində gələcək fərd olaraq insanlara yaxşı heç nə vəd etmir, hərçənd, bütün insanlar özlərilə bağlı ən xoş məqamları gələcəyə ünvanlayır, bütün planlarını onunla əlaqələndirirlər. Bu baxımdan yanaşanda gələcək hamı üçün qurtuluşdur, həyatı boyu yaşadığı əzab və məşəqqətlərdən, fiziki və mənəvi rahatsızlıqdan xilasdır.

Hər bir insanın bütün həyatı boyu bir təsəllisi olur: “Yaxşı olacaq!”. Nə vaxt yaxşı olacaq, necə yaxşı olacaq — əlbəttə ki, gələcək deyilən zaman kəsimində baş verəcək bu…

Amma azacıq dərindən fikirləşsək, dəhşətli nəticə ilə üzləşərik: gələcəyin də son ucu ÖLÜMDÜR, bəli, başqa şey yox, məhz ÖLÜM…

Bu baxımdan gələcək finaldır, acı bir finişdir və hamımız lap freydçilərin dediyi kimi (ölüm instinkti və yaxud da tanatos), özümüz də bilmədən, duymadan bütün həyatımız boyu ölümə doğru can atır və heç vaxt gələcəyin bizə ən böyük hədiyyəsinin ölüm olacağının fərqində belə olmuruq.

Düzdür, burada mən Freydi və psixoanalitikləri bir az təhrif edir, məsələni necə deyər, ayaq-baş qoyuram. Amma olsun. Freyd filosof və psixoloq kimi yazırdı, mənsə adidən də adi bir insanam və necə düşünür, necə duyuramsa, elə də yazıram,- ən azı ona görə ki, yaşım əllini ötsə də, özümdə ölümə həvəs instinktini yox, əksinə ondan qorxu və ölümün yaxınlaşmasından təlaş hissi duyuram.

Yox, bəziləri kimi demirəm ki, hələ çox planlarım var, yox, həmin bəzilərindən tam fərqli olaraq həmişə hesab etmişəm ki, mənə bəxş olunan həyat bölünməzdir, onu kiminləsə bölməyə qətiyyən borclu deyiləm, həyatdan da ona görə bərk yapışmışam ki, sadəcə, yaşamaqdan doymamışam…

Əlbəttə ki, bu hisslər, bu aqibət böyük sosial qruplara, məsələn, ümmətlərə, cəmiyyətlərə və ya millətlərə aid edilmir – onlar daha yaşarlı hesab edilirlər və onların gələcəyindən danışmaq daha ciddi görünür.

Amma Freyd qədər məşhur və Freyd qədər zəngin olmasa da, üstəlik də yaratdığı təlim haqqında ölümündən sonra çox az danışılsa da, hər halda, Freyd qədər maraqlı bir insan olan Lev Qumilyov və onun passionarlıq nəzəriyyəsi də var və yaxud da var idi.

Bir daha deyirəm ki, indi bu nəzəriyyə haqqında çox az danışırlar. Amma onun tamam yanlış olduğunu iddia etməkçün də əsasımız yoxdur, necə ki, Freydin nəzəriyyələrinin hamısının yüzə-yüz doğru olduğunu deyə bilmərik.

Psixologiya, fəlsəfə və hətta L.Qumilyovun etnologiyası da fizika deyildir ki, təcrübənin, heç riyaziyyat da deyil ki, bir-iki aksiomun köməyilə isbat olunsun, burada məsələ daha mürəkkəbdir, ən yaxşı halda, bunları həqiqətə yaxınlaşmalar, problemə yanaşmalar və bəzən də sadəcə, bu qəbildən olan cəhdlər kimi dəyərləndirmək olar.

Qərəz, L.Qumilyova görə, hətta etnoslar da əbədi deyil, onlar da müxtəlif fazalarda olurlar və bəzən də başqa etnosların içində əriyərək yox olub gedirlər.

Bunu ona görə deyirəm ki, cəmiyyətin də, millətlərin də son dayanacağının olduğunu diqqətə çatdıram. Odur ki, təkcə “millətimizin başı sağ olsun” deməklə iş bitmir, millətin başının sağlığı üçün neçə-neçə və bəlkə də saysız-hesabsız sayda nəsillər öz başlarını dik tutmağı bacarmalıdır: yoxsa ki, gəldik, yetmiş-səksən il girələndik bu dünyada və bununla da hər şeyin bitdiyini düşündük – bununla nəsə alınmaz…

İndi gəlirəm, əsas mətləbin üstünə. Soruşacaqsınız ki, bütün bunlar bəs nəyə gərəkdir? Sadəcə, ötüşməkdə olan ilin başa çatması və yeni ilin başlaması ərəfəsindəyik. Belə ərəfədə gələcəkdən başqa nədən yazmaq olar? Bilirəm, deyəcəksiniz ki, əcəb gələcəkdən yazmaq oldu – bildik ki, gələcəkdə də bizi ölümdən savayı heç nə gözləmir, bunumu müjdələmək istəyirdin?..

Yox, əbəttə ki, yox. Biri var, Dünyanın və həyatın öz mənası, biri də var, bizim yalanlarımız və uydurduqlarımız. Yalanlarımız yaşamaq üçün, həyatımıza məna vermək üçün lazımdır və heç bir halda bizi əsl mənanın qarşısındakı itaətkarlıqdan və öhdəliklərdən azad etmir.

Amma nə etmək olar, yalansız yaşamaq olmur. Ən qəribəsi də budur ki, bunlar da tamam gərəksiz deyil, böyük, kosmik və yaxud da metafizik anlamda hər şey puç və mənasız olsa da, Yer kürəsinin məntiqilə onlar da lazımlıdır.

Ona görə də insan fantaziyasının bir tərəfi də var: biz məhdud zaman kəsimlərində düşünməyə, daşınmağa və hətta plan qurmağa məhkumuq, kosmik anlam, miqyasla bunlar gülünc dərəcədə kiçikdir və hətta mənasızdır.

Amma neyləmək olar? Göylərdən Yerə enməyə, öz təqvimizlə yaşamağa məhkumuq.

Təqvimdə isə qarşıdan 2019-cu il gəlir. Necə gələcəkdir, nələr aparacaq və nələr qoyub gedəcəkdir – bundan da danışanlar olacaq.

Amma bunu etmək istəmədik, çünki neçə illər bundan irəli çex (və yaxud da fransız) yazıçısı Milan Kunderanın əsərindən oxuduğumuz bir cümlə ilişib qalıbdır beynimizdə; keçmişimiz miflərlə, gələcəyimiz isə qeyri-müəyyənliklə doludur…

Gələcəkdən metafizik və kosmik anlamda nəsə deməyə çalışdıq. O ki qaldı keçmişə, bu günlərdə televiziya kanallarını çevirirdim və bir veriliş azca diqqətimi cəlb etdi. Gördüm, tarixdən danışırlar. Bir-iki cümlədən belə anladım ki, demə, Misir fironları da türk kökənli olublar!..

Amma bir şeyi başa düşmədim: bu da yaşamaq və haradansa güc almaq üçün uydurulmuş yeni, növbəti bir yalan idi, yoxsa…

Bilmirəm, çünki biz hər şeydə yalanla doğrunun çulğalaşdığı, Siam əkizləri kimi bir olduğu ölkədə yaşayırıq. “Firon məsələsi” də belədir ki, bəzi məmurlarımıza baxanda bu konteksdə deyilənlər elə də əcaib-qəraib görünmür, əksinə bircə piramidalarımız çatışmır…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 100