Muəllif:

İmam Hüseyn sağ olsaydı…

Əvvəl elə bildim bərbərxanadı, bərbərin əli əsib, adamın qulağını, bəlkə boğazını ülgüclə kəsib, yaxasındakı ağ önlük qana bulaşıb. Bərbərlər yığışıb adamın başına, qanını durdurmaq istəyirlər. “Yazıq bərbər, əlli-ayaqlı getdin sən”, — düşündüm. Birdən videodan səs gəldi:

— Allah qəbul eləsin, hacı…

Bunu operator qardaş deyirdi. Anında başa düşdüm. Bərbərxana deyildi. Xəstəxanaydı. Başlarını Əlinin zülfüqarının bənzəri olan qılıncla yaran 20-30 kişini xəstəxanaya gətirmişdilər, həkimlər briqadası cəm olub eyni anda bir neçə masada əməliyyat aparır, adamların alnından, üz-gözündən, başından qanı təmizləyir, açılmış yaralara tikiş atırdılar. Sanki ermənilərlə ağır döyüş olmuşdu, yaralıları daşıyıb tökmüşdülər hospitala.

Saydım, başını qılıncla yarmış birinin başına 10 tikiş atdılar. Üstəlik keyitmədən.

Sonra kamera bir-bir yeni üzlərdə gəzdi. Bu qədər qanı ancaq qurban bayramında görmək mümkün olardı, yəqin.

Azı 50 həkim (hər bimara 2-3-ü düşməklə) sürətlə çalışır, dağılmış başlara tikiş atır. Başlarını yaranların və yardıranların üzündə dəhşətli əzab ifadəsi var. İynə dəriyə girib-çıxdıqca, sıxıldıqca adamlar ufuldayır, sızıldayır, dişlərini bərk-bərk bir-birinə sıxır, gözləri qıyılır, sifətləri insan əzabının son halını ifadə edir. Ürək parçalayan mənzərələr…

Bunu düşünmək üçün alim olmaq lazım deyil – yəqin ki, həmin vaxt neçə həqiqi xəstə dəhlizdə həkim gözləyir, ancaq həkim harda? Həkim bu başı əldən getmişlərə yardım edir. Bu, intihar deyil, hətta intihara cəhd dərəcəsəində də tutarlı deyil.

Kadrda səs:

— Gəl, məni də, bunu da çək!

— İkinizi də çəkmişəm. Allah qəbul eləsin, həci. Maşallah, maşallah! Həci, görəsən mən də tikiş atdırım?.. – Operator deyir və obyektivi özünə sarı çevirir.

Video-selfi. Toyda böyüklərlə bir arada oynayan uşağın xoşbəxtliyini xatırladan qanadlı, qan pərdəsi arxasından süzülən məsud, xumar baxışlar. Baş-göz, əllər, ağ kəfəni kaftanın yaxası qan içində, başda laxtalanmış qandan qara-qırmızı rəng almış, üstünə “Allah” kəlməsi yazılı yaşıl çalma… “Allah” qanın altında itib-batıb, görünməz olub!

Daha bir “aşiq”in görüntüsü və operatorun ona tərifi:

— Əsil Hüseyn aşiqisən, əhsən! Aqşində ürək olmadı gəlsin bura, yoxsa ölüb-gedərdi burda! — Kadrda üstündə tikiş əməliyyatı aparılan adam başını astaca, çətinliklə yelləyir, bilmək olmur, bu sözü dediyinə görə operatoru təqdir eləyir, yoxsa məzəməttləyir, “düşük” deyə düşünür. – Bilirdi öləcək, ona görə gəlmədi, — operator gülərək davam edir, kadrdakı şəxsin də dodağı ağrıdan titrəyə-titrəyə qaçır, ancaq yenə anlamaq olmur, təqdirdi, ya səyliyə ikrah.

Yeni qanına bulaşmış adamlar, yeni xitab:

— Maşallah, allah qəbul etsin, inşəAllah!

— Amin inşəAllah!

— Öz aramızdı, sənə bir dənə vurdu, yek vurdu a! Paşti ikimizə də elə vurdu.

— Eşq əhli-beyt budu, eşq Kərbəla budu, hər kim deyirsə nədi bu, o illətdü də, zilləti var, çünki aşiq bunu deməz, aşiq əhsən deyər, — operator nöqtəni qoyur.

Hə, nə deyək, operator qardaş, biz də əhsən deyək, əhsən!

***

Bu tip videoları izləmək gerçəkdən adamı çaşqınlığa salır. Hətta düşünürsən ki, islamı gözdən salmaq üçün quraşdırılmış səhnələrdi. Ağlı başında adam bu qədər qana necə sevinə bilər?

Böyük əqidə savaşçısının yolunu getməkdənsə, yezidizmi yenib, o zatı yaşatmaqdansa, aqressiyasını şəbih, tamaşa şəklində, öz qanını axıtmaq, üzünü cırmaq, başını yarmaq şəklində sərgiləmək, matəm saxlamaq — budur islam şərqinin əsas mərəzi… Şərlə Xeyirin savaşında qətlə yetirilmiş xeyiri belə qan ilə anmazlar, atam-qardaşım, sadəcə, gedib Şərə qalib gələrlər, daha anmaq adıyla öz qanını axıdıb tamaşa göstərməzlər!

Hər kəs bilir, adətimizdi, matəm içindəykən qısas almaz yas yiyələri, mərhumun qohumları, sadəcə, matəm tutarlar, ağlar, sızlarlar. Matəmdən sonra matəm bitməli, savaş başlamalıdı. Ancaq görünən bu ki, 1300 ildən çox keçib, ancaq hələ yas mağarı sökülməyib, matəm hələ bitməyib. Yezid hələ də qalibdir! Qisas alınmayınca düşmən qalib sayılır.

***

…Atası namərdcəsinə öldürülmüş biri vardı, yas içindəydi, onu sakitləşdirir, yas bitməyincə qisasa qalxmamağı xahiş edirdilər, “matəm bitsin, sonra”, — deyirdilər. Məsələ ondaydı ki, onun qisas almaq fikri yox idi, bir az ziyalıfason adamdı, qorxurdu, ürəyindəndi ki, bu yas, bu yas mağarı illərlə sökülməsin, ehsan versin, ah-nalə etsin, ağlasın, sızlasın, qan-yaş töksün, ancaq bircə düşməniylə savaşmasın — hətta özünü öldürməyə belə hazır idi. Ancaq adət var, qanun-qayda var, yas bitdi, hamının gözü ona dikildi, qulaqlar qisas xəbərinin gələcəyi ana şəkləndi, di gəl, adam heç nə etmədi, gününü elə zarımaqla, məzar daşı üstünü seylaba verməklə keçdi və bir gün havalandı. Atasının ruhuna biclik gəlmək istədi, əvəzində ağlını itirib Şorsulu dəlixanasına aparıldı…

***

Görüntülərdə əli gerçək qılınclı yüzlərlə adam görürük. Öz qanlarını axıdırlar, başlarını yarırlar, alınmayanda bu işi məzhəb qardaşlarına gördürürlər, təki qan çıxsın, görüntü al-əlvan olsun. Bu, əhli-beyt uğruna ölmək də deyil barı, məntiq tapasan, bu, şərin başına endiriləcək qılıncı öz başına çalıb həkimə getməkdi… Di gəl, adamı vahimə basır! Bu adamlar sabah ilk fürsətdə, bir cahil fitva ilə o qılınclarını şərin yox, fikri onlarla üst-üstə düşməyən başqalarının başına endirə bilərlər. Düşünmədən belə! Artıq bu qılınclara xalça üstdən asılan suvenir kimi baxmaq olmaz!

Məni həmişə düşündürür – İmam Hüseyn sağ olsa, bu hərəkətlərə baxıb nə deyərdi? Zənnimcə, həyatını az-çox oxuyub bildiyim o kişi, o təfəkkürdə olan adam bunu söyləməliydi:“Bitirin bu tamaşanı”.

Etiraf edək, biz bu əliqılınclılardan qorxuruq. Və bildiyim bir şey var: insan kimdən qorxursa, haqqında düşündüklərini deməkdən çəkinirsə, o qorxulu tərəf heç vaxt Xeyir ola bilməz…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (5 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 124