Muəllif:

İKİ-ÜÇ DƏQİQƏLİK SÖHBƏT VƏ YA R.TALIŞİNSKİ HAQDA BİR-İKİ KƏLMƏ…

Əlbəttə ki, hamı kimi mən də onu çox yaxşı taınıyırdım. Heç ola bilərdimi ki, az qala, otuz il siyasi jurnalistika ilə məşğul olasan, hətta bir ara siyasətçilik eşqinə də düşəsən, ən başlıcası isə, Azərbaycanda yaşayasan, amma ölkənin ən ciddi və maraqlı qəzetlərindən birinin redaktorunu –Rauf Talışinskini tanımayasan. Şübhəsiz, bu mümkün deyildi.

Amma nə qədər qəribə olsa da, mənim onunla cəmi bircə dəfə söhbətim olmuşdu. O da uzağı iki-üç dəqiqə ola ya, olmaya…
Ölkənin əsas müxalifət partiyalarında liberal proqramla bağlı qızğın müzakirələrin getdiyi bir vaxt idi. Bu prosesləri işıqlandırarkən qəzetlər hamının adını çəkirdi, təkcə məndən başqa.

Halbuki proqram da mənim idi, təşəbbüs də… İndi belə şey olsa, buna heç fikir də vermərəm, “Əşi, cəhənnəmə ki!..” deyərəm, amma o vaxtlar cavan idim və əməyimin başqa adamların adına yazılması bir azca ağır gəlirdi mənə…

Bəlkə də o prosesləri artıq bir-iki nəfərdən savayı heç kim xatırlamır. Amma həmin porseslərdə nə az, nə də çox, — bizim müxalifətçilərin nə qədər geridə qaldığı bir daha aydın şəkildə göründü.

Bunu xatırlayanda, eləcə də indiki siyasi prosesləri izləyəndə həmişə yadıma “Ulduz” filmi, daha doğrusu, o filmdən bir cümlə düşür:“Alim olmaya bilərsən, amma elmlər namizədi olmalısan!”…

Siyasətçilərimiz də bilməlidirlər ki, onlar demokrat olmaya bilərlər, amma demokrat kimi görünməyə borcludurlar, çünki dünyanın və əsrin tələbi budur.

Amma nə o vaxtın siyasətçiləri, nə indikilər, nə müxalifət, nə də ki, iqtidar adamları heç vaxt son iki əsrin bu siyasi maksimasının fərqinə varmadılar…

Qərəz, belə bir vaxtda R.Talışinskinin yanına yollandım ki, mətbuatın mənə qarşı ədalətsizliyinə son qoyum. Dərhal məni anladı və çox mehriban təbəssümü ilə “Əməkdaşlarımıza yaxınlaşın, necə istəyirsiniz, elə də edin – ya müsahibə verin, ya da yazı təqdim edin”,- dedi.
Düzdür, bunların heç birini etmədim, çünki çox qısaca söhbət mənə kifayət etdi. Bildim ki, əslində hamı hər şeyi yaxşı bilir və “Mən! Mən!” – deyib haray-həşir salmağın heç bir mənası yoxdur…

R.Talışinskinin ölüm xəbərini eşidəndə də ilk yadıma düşən bu, oldu. Bilirsiniz, insanın ən dəyərli keyfiyyətlərindən biri bütün vəziyyyətlərdə təmkinini saxlamağı bacarmasıdır. Talışinski axıradək təmkinni qoruya bildi. Təbii ki, mən onun həyatının qeyri-jurnalistika tərəflərini bilmirəm, amma o, bir jurnalist kimi axıradək öz təmkinini qoruya bildi,- bəli, nə SÖYDÜ, nə də YALTAQLANDI…

Elələri var ki, əvvəllər necə söyürdülərsə, indi həmin şövqlə də yaltaqlanır və tərif yazırlar. O, isə, bir daha deyirəm ki, bunların heç birini etmədi, axıra qədər əsl JURNALİST kimi qaldı.

Vəfatı ilə bağlı onun haqqında bir neçə jurnalistin kədərli ürək sözlərini oxudum. R.Talışinski həqiqətən o jurnalistlərdən idi ki, onların haqqında böyük hərflərlə USTA sözünü yazmaq olar.

Ona görə də belə adamlar haqqında tərif yazmaqdan çəkinmək lazım deyil. Onun vizit kartı qəzetləri idi. Həmin qəzetlər artıq onun intellekti, mənəvi meyarları haqqında kifayət qədər təsəvvür yaradır. Amma başqa detallar da var. Məsələn, rəhmətlik E.Hüseynovu da mətbuata gətirən elə o, olmuşdu – hər halda, Elmar özü mənə belə danışmışdı.

Düzdür, rəhmətlik Elmarın tutduğu jurnalistika istiqaməti bir az fərqli oldu, bu, Talışinski üslubu və ya tərzi deyildi, amma hətta “Monitor”da “Zerkalo”dan nəsə tapmaq olurdu.

Daha bir deyəcəyim budur ki, biz BÖYÜK jurnalistləri jurnalistika üçün çox ağır dönəmdə itiririk. Mən ixtisasca jurnalist deyiləm – Moskva Universitetinin jurnalistika fakultəsini bitirən Talışinskidən fərqli olaraq mən həmin Universitetin fizika fakultəsini bitirmişdim. Elə yazmağa da öncə AXC funksioneri kimi başlamışdım. Bir də ayılıb gördüm ki, artıq jurnalist olmuşam və bir AXC funksioneri və ya siyasi fəal olmaqdan irəli gələn çərçivələr daha mənə dar görünür. Beləcə, bir də deyirəm ki, mən də dönüb oldum jurnalist. Heç sözsüz ki, bunda bəzi BÖYÜK jurnalistlərin də əyani və qiyabi təsiri oldu. Onlardan biri də elə RAUF TALIŞİNSKİ idi. Allah rəhmət eləsin!

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 180