Muəllif:

Havay köynəyi

Tomat suyunun son udumunun dadının ağzına atdığı iri zeytunun tamına qarışdığını diliylə hiss edən kimi gözlərini yumub bu həzzi bir qədər də uzatmaq üçün oturduğu kürsüyə yayxandı. Bədənindən bir rahatlıq giziltisi keçdi. Düşündü ki, həyatdan mümkün olduqca həzz almaq lazımdır, hətta tomat suyu və zeytundan da…

***

Yerindən qalxıb yan otağa keçdi və güzgülü paltar dolabını açıb nə geyinəcəyinə baxdı, amma çox düşünmədi. Yayın cırhacırında nə geyinəcəkdi ki… Ona görə də dolabdakı bədənnüma güzgüyə nəzər salanda əynində havay köynəyi və uzun balaqlı kətan şort olan 55-60 yaşlarında dərisi günəşdən tunc rənginə çalan bir kişi gördü. Aynadakı əksini bəyəndi və qımışıb özü-özünə göz vurdu. Evdən çıxanda yalın ayağa yumşaq mokasın geydi və başına hörmə saman şlyapa qoydu. Doqqaza çatanda köynəyinin yaxasından sallanan enli, sümük sağanaqlı qara eynəyini taxdı. Ətrafdakı rənglər dərhal dəyişdi – indi hər şey daha parlaq və cəlbedici görsənirdi.

Evi lap dikdirdə idi. Bəyaz divarlı, damı sumaxı kirəmitli, pəncərə çərçivələri və çatıları maviyə boyanmış tikiliydi. İkinci mərtəbəsi olmasa da, çardaqda qurduğu bir çarpayının belə güclə yerləşdiyi yataq otağının pəncərəsindən dəniz lap ovcunun içindəki kimi görsənirdi. Adətən, səhər ertə sahilə enməmişdən aynadan boylanıb sabah yelinin gətirdiyi duzlu dəniz havasını ciyərlərinə çəkir və dalğa olub-olmamasına baxırdı. Son zamanlar güclü dalğada üzmək nəsə onu yormağa başlamışdı. Suda dincəlib həzz almaq əvəzinə dalğalarla mənasız çarpışma onu bezdirirdi. Axı nə qədər çarpışmaq olar? Bütün ömür boyu elə çarpışırsan-çarpışırsan, bir də görürsən ki, həyatdan heç həzz almamısan. Zamansa gözləmir…

Təpə aşağı, qəsəbə mərkəzinə aparan dar qənbər yolla əl-qolunu sallayaraq astadan fışqırıq çala-çala gedir, aradabir üzbəüz gəldiyi qonşularıyla ədəb-ərkanla salamlaşırdı. Qəsəbəyə təzə köçsə də bir çoxlarını artıq tanıyırdı, amma onlara o qədər də yaxınlıq vermirdi. Kimsənin onun həyatına burnunu soxmasını istəmirdi. Heç kimdən asılı olmadan özü bildiyi kimi və özü üçün yaşamaq istəyirdi. Bura qədər bəsdi.

Bu minvalla tələsmədən gəlib sahilboyu kafelərdən birində boş yer tapıb əyləşdi. Barmendən içməyə mohito, bir də oxumağa təzə qəzet istədi. Kokteyli hazırlananadək qəzeti vərəqlədi. Xəbərləri tezcə gözdən keçirdi. Əhəmiyyətli bir şey baş verməmişdi. Səhifələri tələsmədən vərəqləyib idman yerinə çatdı. Zatən xəbərlər onu artıq maraqlandırmırdı – dünyanın dərdi onamı qalmışdı?

Barmenin gətirdiyi mohitodan bir udum aldı – buz kimi soyuq içki əvvəl ona sərinlik verdi, sonra isə şirimtil nanəli rom qırtlağından süzülüb mədəsini qızdırdı və canına yayıldı. İkinci qurtumu alıb qəzeti qırağa qoydu və döş cibindəki yarımçıq Havana siqarını çıxarıb ətrini burnuna çəkdi. Qara şokolad və qəhvə rayihəsi burnuna doldu. Gözlərini qıyıb həmişə üstündə gəzdirdiyi alışqanın qapağını açdı. Qapağın cingiltiylə açılması da başqa bir keyfdi. Siqarı alışdırmazdan əvvəl müştük hissəsini dodaqlarıyla islatdı. Dilinə xəfif viski tamı gəldi. Adətən axşamlar viskinin üstündən siqar çəkəndə müştük hissəsini viskiylə azca islatmağı xoşlayırdı. Siqardan bir qullab alıb tüstünü havaya buraxdı və ətrafına boylandı. Gömgöy dəniz, qıy vurub suya şığıyan qağayılar, çimərlikdə gəzişən və günəşlənən bikinili gızlar… Mohitodan bir udum da alıb fikirləşdi ki, insana rahatlanmaq və dünyadan razı qalmaq üçün heç də çox şey gərək deyilmiş. Sadəcə bunu anlamaq üçün bir ömür yaşamaq lazımiymış. Hərçənd, bir çoxları bunu ölənədək belə anlamırlar…

***
Özü öz xorultusundan diksinib hövlnak ayıldığından bayaqdan əlində tutduğu çappa stəkan yerə düşüb çilik-çilik oldu. Tomatlı şüşə qırıntıları döşəməyə səpələndi. Key-key ətrafına boylandı və yalnız indi başa düşdü ki, içdiyi mohito yox, tomat suyu imiş. Hərçənd, mohito və Havana siqarının dadı hələ də damağından getməmişdi. Siqareti on il olardı ki, tərqitmişdi. İndiyədək heç yuxusuna da girməmişdi siqaret. Qəribə yuxu idi…

Özünü yerindən qalxmağa güclə məcbur etdi. Döşəməni təmizləmək lazımdı. Mətbəxi bir təhər sahmana salıb eyvana çıxdı. Boz bulanıq çisəkli hava idi. Buludlar qaralıb lap yerlə sürünürdü. Nə Havay köynəyi, nə yumşaq mokasin, nə kətan şort, nə siqar, nə də mohito vardı. Bircə yağış vardı…

Ürəyi darıxdı, gicgahları guppuldadı və nəfəsi daraldı. Yıxılmamaq üçün qapı çatından yapışdı. Bir anlıq düşündü ki, ölür. Üşürgələndi. Bir neçə dəfə dərindən nəfəs alıb ürəyinin yerinə gəlməsini gözlədi. Nəhayət, özünü toparlayıb içəri keçdi…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (8 оценок, среднее: 9,63 из 10)
Oxunma sayı: 1235