Muəllif:

HAMINI MURADINA ÇATDIRAN 20 YANVAR…

Yadıma bir əcnəbi tarixçinin və jurnalistin maraqlı fikri düşür. O yazırdı ki, tarixçilə jurnalist arasındakı fərq sadəcə, interval fərqidir — əgər tarixçilər daha böyük zaman intervallarını götürürlərsə, jurnalistlər bunu kiçik intervallarda edirlər, amma obyekt eynidir – tarixdir…

Bunu niyə xatırladım? Hər il 20 Yanvar elə bil bir təqvim günü kimi, hətta tarix və matəm günü kimi də deyil, canlı olay kimi qayıdır – öz fəxarəti, sualları, şübhə və tərəddüdlərilə, mübahisələri və ittihamları ilə birlikdə…

Hər il bu günü təkcə tarix kimi deyil, həm də bir canlı olay kimi yaşayırıq – elə bil yenidən küçələrə axışırıq, o vaxt olduğu kimi bizi bir neçə saatdan sonra nələrin gözlədiyini bilmədən soyuq yanvar havasında ta boğazlarımız quruyana, xırıldayana qədər mübahisələr edirik və hər birimiz də özümüzün haqlı olduğumuzu sübut etməyə çalışırıq…

Həyat həqiqətən də çox, hətta olduqca qəribədir. Bəli, o vaxt heç kim bilmirdi ki, həmin gün kiminsə taleyinə ölüm yazılacaq, kimsə illər uzunu o hadisələri xatırlayaraq içində qovrulacaq, başqa birilərisə hər il bu mövzuda yazmalı olacaq…

Hansı daha asandır? Vallah, bilmirəm. Adi məntiqdən yanaşanda, bəli, həyat həmişə ən böyük mükafat sayılır. Hamı elə bir ağızdan:“Sevin, sağ qaldın, anan namaz üstündəymiş!..”, – deyir. Amma mənə elə gəlir ki, elə ölülər də iki cür olur; torpağın altındakılar və üstündəkilər…

Hansı daha asandır? Hansı daha məqbuldur? Vallah, bunu da bilmirəm. Bir onu bilirəm ki, ortada yenə də interval söhbəti oldu. Kiçik bir kəsim, yüzlərlə insan o yanvar günlərində, böyük əksəriyyətsə bir az sonra, ola bilsin, bir neçə il sonra canlı meyitə çevrildilər…

Bəli, 20 Yanvar haqqında ən çox danışılan bir olaydır bizim həyatımızda. Bu hadisədə qəhrəmanlıq vardımı? Əlbəttə, vardı. O mənada yox ki, hamı ölümü gözünün altına alaraq çıxmışdı küçələrə! O mənada yox ki, hamı həqiqətən də şəhid olmağı qərarlaşdırmışdı…

Bəlkə də o vaxtkı “provokatorlar-təxribatçılar” qanlı olayların baş verə biləcəyindən xəbərdardı, bəlkə onlar bunu bilirdi və bəlkə də bunu hətta istəyirdilər də. Böyük əksəriyyətsə 20 Yanvar ssenarisindən xəbərsiz idi.

Çoxu Tbilisi və ya Vilnüs hadisələrindən sonra ordunun insanlara silah qaldırmayacağını düşünürdü. İnsanların çoxu, bəlkə də hamısı küçələrə əsla şəhid olmaq üçün çıxmamışdı. Şəhid olmağa yollanan adam özü ilə kiçik yaşlı qızını götürməzdi axı…

Bəs onda qəhrəmanlıq nədədir? Ondadır ki, insanlar Bakıya ordu yeridiləcəyi və fövqəladə vəziyyət elan olunacağı haqdakı planları və yaxud niyyətləri bilirdi və buna etiraz etmək üçün küçələrə çıxmışdılar.

O vaxt indiki etinasızlıq və biganəlik yox idi. Üstəlik, bir azacıq sonra, o qanlı gecədə şəhid olmuşların dəfnində iştirak etməyə yollananda artıq hamı hər şeyi gözlərinin altına almışdı, bilirdilər ki, hər şey ola bilər, gəl ki, hamı qatıldı o möhtəşəm dəfn mərasiminə…

Ən çətini bilirsinizmi nədir? Həmin olayların siyasi tərəflərinə toxunmaq. Baxıram, o gün bir nəfər yazır ki, Xəlil Rza kimi adamlara görə Qarabağı itirdik, siyasi proseslər ifrat radikal xarakter aldı. Əvvəlcə bu fikirlər ədəbiyyat ampluasında təqdim olundu, daha sonra böyüyərək siyasi mübahisələrə çevrildi.

Mənim ədəbiyyat adamlarının “savaş”ına qatılmaq fikrim yoxdur. Sadəcə, bir məsələni deyim. Hər bir insan, xüsusən də yaradıcı insanlar haqqında bir neçə konteksdə danışmaq olar. Ortabab yazıçı və yaxud şair çox fədakar vətəndaş ola bilər, amma çox talantlı və hətta dahi bir ədibin bir qram insanlığı olmaya da bilər…

Elə sırf siyasi tərəflər də birmənalı deyil. Olsun. Azərbaycanda proseslərin radikal xarakter almasını, hətta Qarabağın itirilməsini radikal insanlarımızın ayağına yazaq. Amma Cənubu Osetiyanı və Abxaziyanı, Dnestr bölgəsini, Ukraynanın bir hissəsini, Krımı kimin adına yazaq? Kimi bu hadisələrə görə məsul edək?..

Razılaşın ki, çətin məsələdir. Əslində sonradan Azərbaycandakı radikalizmin haradan qaynaqlandığını hamı başa düşdü. O illərə, yanvar hadisələrinə gəldikdə, dövrün bütün siyasi vektorları bu proseslərin içində idi — məqsədi yalnız Ə.Vəzirovun hakimiyyətdən getməsi olan, özünün laxlamaqda və hətta itirilməkdə olan mövqelərini qaytarmağa çalışan regional klanlardan tutmuş, sadəcə, Azərbaycanı azad ölkə kimi görmək istəyən siyasi qüvvələrə və insanlara qədər…

Ona görə də bir dəfə yazmışdıq ki, 20 Yanvar hamını muradına çatdırdı, bəli, kim nəyə can atırdısa, ona da çatdı…

Hakimiyyət istəyənlər, nəinki sovetlərin və hətta müstəqil Azərbaycanın da siyasi və iqtisadi elitası olmağı qarşılarına hədəf qoyanlar, eləcə də ölkəni müstəqil görmək istəyənlər — hamının muradı bu və ya digər dərəcədə hasil oldu.

Ən çox da hakimiyyət istəyənlərin, vəzifəyə, sərvətə can atanların ambisiyaları təmin olundu. Mübahisələrsə daha çox ikincilər arasında, ölkəni azad-hürr görmək istəyənlər arasında gedir.

Əminəm ki, bu mübahisələr hələ xeyli çəkəcək, çünki bir tərəfdən, azadlıq özü statik bir şey deyil və insanlar daim onu genişləndirməyə meyllidirlər. Digər tərəfdənsə, Azərbaycan bu proseslərdə heç də Özbəkistandan və yaxud da ki, Türkmənistandan artıq müstəqil olmadı və yanvar hadisələrinə kritik yanaşanların da əsas arqumenti budur…

Nə demək olar bu xüsusda? Açığı, deyiləsi söz yoxdur. Bəli, demək olardı ki, kimsə qabağa düşməli idi, hansısa xalqlar öndə getməliydi ki, imperiya çöksün. Bu mənada Baltik ölkələri, Gürcüstan və Azərbaycan ilk zərbəni qəbul etməli oldular.

Amma bununla da razılaşmayanlar, hələ də “Görmürdünüzmü ki, imperiya özü çökür?” soruşanlar var. Onların da tamam haqsız olduğunu demirik, çünki tarix bir riyazi model deyil ki, hər dəfə yeni parametrlər və ya şərtlər daxil edib fərqli ssenariləri izləyəsən – o, bircə dəfə yaşanır. Sonra isə onu yalnız çək-çevir etmək, təftiş etmək qalır.

Amma bu da heç nəyi dəyişmək iqtidarında deyil, çünki bütün bu proseslərdən hər bir adam nəticə çıxara bilərdi. Fəqət, bunlar yoxdur, deməli “mübahisələr” — deyişmələr də vecsiz işdir.

Əvvəldə yazdıq ki, ölülər də iki cür olur — biri torpağın altında, digərləri isə üstündə. Çoxumuz torpağın üstündə qaldıq və burada deməyə bir söz qalır: Allah, bizə də rəhmət eləsin, ölülər! Torpaq altında görüşənədək…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 135