Muəllif:

Gürcüstan 2691- Azərbaycan 14

2017-2018-ci tədris ilində Gürcüstanda 2691 Azərbaycan vətəndaşı ali təhsil alır. Onlardan 501-i dövlət, 2190-ı isə özəl ali məktəblərdə oxuyur. Azərbaycanda təhsil alan Gürcüstan vətəndaşlarının sayı isə 14 nəfərdir. APA-nın Gürcüstan Milli Statistika İdarəsinin hesabatına istinadən verdiyi məlumatda belə deyilir.

14 nəfər Gürcüstan vətəndaşı Azərbaycandakı özəl ali məktəblərin tələbələridir və Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında iştirak edərək tələbə adını qazanıblar.

Gürcüstanın Elm və Təhsil Nazirliyinin yanında Təhsilin Keyfiyyətinin Təkmilləşdirilməsi Mərkəzinin “Zerkalo”nun sorğusuna verdiyi cavabda qeyd olunur ki, azərbaycanlılar bu ölkədə əsasən biznes idarəçiliyi, maliyyə, iqtisadiyyat, stomatologiya və hüquq təhsili alır. Tədris gürcü, rus və ingilis dillərində aparılr. Mərkəzin məlumatına görə, azərbaycanlılar Gürcüstanda 41 ali məktəbdə təhsil alır. Onların arasında nüfuzlu Tbilisi Dövlət Universiteti, Tbilisi Dövlət Tibb Universiteti, İlya Dövlət Universiteti, Texniki Universitet, Gürcüstan İctimai İşlər İnstitutu, Beynəlxalq Qara Dəniz Universiteti də var.

“Havayı pendir yalnız tələdə olur…”

Azərbaycanlı tələbələrin Gürcüstan ali məktəblərində təhsil almaları birmənalı qarşılanmayıb. Çünki, dövlət ali məktəblərindən fərqli olaraq, bəzi özəl ali təhsil olacaqlarının diplomlarının tanınmaması halları da mövcuddur. Bəzi gənclər ali məktəblərdə qəbul imtahanı vermədən təhsil alırlar. Yəni, onların xarici ali məktəblərə attestatla qəbul olmalarının perspektivdə yaxşı bir şey vəd etmədiyi həm Dövlət İmtahan Mərkəzi (DİM), həm də Təhsil Nazirliyinin müvafiq strukturları səviyyəsində bildirilib. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə müsahibələrinin birində bəzi abituriyentlərin xaricdə təhsil alması ilə bağlı məsələyə də toxunub: «Belə formada asan ali təhsil əldə etmək üsulundan valideynlər daha çox yararlanırlar. Bu da hardasa «əldəqayırma diplom» əldə etmək sevdasından irəli gəlir. Halbuki belə diplomlar vaxtilə Moskvada metroda da satılırdı. Övladını təhsil üçün xaricə göndərən valideyn, ilk növbədə, keyfiyyətə üstünlük verməlidir”.

Bundan əlavə, bu gün Azərbaycanda attestatla xaricdəki ali məktəblərə qəbul həyata keçirən özəl şirkətlər də var. Təhsil Nazirliyi belə şirkətlərlə çalışmadığını bildirir.

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsindən “Zerkalo”nun sorğusuna cavab olaraq qeyd edilib ki, Gürcüstanın akkreditə olunmuş bütün təhsil müəssisələri tərəfindən verilən ali təhsil sənədləri Azərbaycan Respublikası ərazisində tanınır. Ali təhsil ixtisaslarının tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, №64-li qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun həyata keçirilir. Seçim müxtəlifliyi müşahidə olunmaqla əsasən dövlət ali təhsil müəssisələri üstünlük təşkil edir.

Azərbaycanlılar təhsil almaq üçün niyə Gürcüstanı seçir? Xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev deyir ki, Gürcüstanda təhsil almaq azərbaycanlılar üçün bir neçə istiqamətdə sərfəlidir – sərfəli yaşayış imkanları, təhsil haqqının baha olmaması və yol xərcinin azlığı.

“Başqa bir səbəb Gürcüstanın demokratikləşməsidir ki, bu da ona üstünlük gətirən faktorlardandır. Bizim bir tələbə Batumidə təhsil almağa yollandı. Ailəsi ilə birlikdə köçdülər. Atası da rahatca orada öz biznesini qurdu”.

Ülkər Natiqqızı Bakıda Dillər Universitetinin Jurnalistika fakültəsini bitirib. Onun sözlərinə görə, 4 il təhsil aldığı müddətdə “jurnalistika” ifadəsi və dərslərin 90 faizi yalnız sözdə olub.

“Bir il beynəlxalq layihə çərçivəsində bizə bu peşədən nəsə öyrətdilər. Qalan 3 ilim isə boşa xərcləndi. Hazırda Gürcüstan İctimai İşlər İnstitutunun Qafqaz Jurnalistika və Media İdarəçiliyi fakültəsində təhsil alıram. Burada jurnalistika nədir, jurnalist necə olmalıdır öyrədirlər, ən əsası dərslərin çoxu praktiki üsulullarla keçirilir. Ona görə də, burada verilən jurnalistika bilgisi Azərbaycanda öyrəndiyimdən qat-qat artıqdır”, Ülkər deyir.

Fərqli düşünənlər də var…

“Gürcüstanda bir tədris ili ərzində bu qədər tələbənin təhsil alması göstərir ki, bu ölkədə təhsillə bağlı vəziyyət daha qənaətbəxşdir. Bunun da səbəbləri var: Gürcüstan bəzi xarici universitetlərə imkan yaradıb ki, onlar öz filiallarını bu ölkədə açsın. Türkiyə, ABŞ, Böyük Britaniya və Şərqi Avropanın bir sıra ali məktəbinin Gürcüstanda nümayəndəliyi, kampus və təhsil mərkəzləri fəaliyyət göstərir. Beləliklə, müxtəlif sərfəli şərtlərlə imkan yaradılır ki, xarici ölkə vətəndaşları Gürcüstana ali təhsil üçün üz tutsun. Bunların arasında azərbaycanlılar da var”. Bu sözlər “Telebe.az” portalının rəhbəri, təhsil üzrə ekspert Mürsəl Əliyevə məxsusdur.

Mürsəl Əliyev attestatla təhsilin mümkünlüyü barədə də məlumat verdi. Onun sözlərinə görə, şəxsin attestatla, qəbul imtahanı vermədən ali məktəbdə təhsil almaq təcrübəsi dünyanın əksər ölkəsində mövcuddur.

“Hətta Azərbaycanda da təhsil almaq istəyən istənilən ölkənin vətəndaşı rahatlıqla attestatla ali məktəbə qəbul ola bilər. Sadəcə attestat qiymətləri yüksək olmalıdır. Yalnız Tibb Universitetinə qəbul üçün komissiya yaradılıb, buraya tək attestatla qəbul mümkün deyil”.

Azərbaycan və Gürcüstan dövlətlərinin təhsil xərcləri

2018-ci ildə dövlət büdcəsindən təhsil xərclərinə 2001,5 milyon manat vəsait ayrılıb. Bu vəsaitin 1082,1 milyon manatı və ya 54,1 faizi ümumi təhsil xərclərinin, 628,3 milyon manatı və ya 31,4 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərin, 175,3 milyon manatı və ya 8,7 faizi məktəbəqədər təhsil xərclərinin, 41,3 milyon manatı və ya 2,1 faizi orta ixtisas təhsili xərclərinin, 42,7 milyon manatı və ya 2,1 faizi ali təhsil xərclərinin, 28,0 milyon manatı və ya 1,4 faizi ilk-peşə ixtisas təhsilinin, 3,7 milyon manatı və ya 0,2 faizi əlavə təhsilin maliyyəlləşdirilməsinə yönəldiləcək.

Gürcüstan dövlət büdcəsində ali təhsil xərcləri üçün 1, 18 milyard gürcü larisi (829.109.000 AZN) ayrırılıb ki, onun da 135 milyon larisi (94.855.700 AZN) ali təhsil üçün nəzərdə tutulub.

İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycan Gürcüstanla müqayisədə təhsilə daha çox maliyyə ayırsa da, həmin vəsaitin effektiv xərclənməsi uğurla həyata keçirilmir.

“Təhsilə ayrılan vəsaitin yarıdan çoxu sırf əmək haqlarını əhatə edir. Gürcüstanda isə təhsilə ayrılan xərclərə maaşlar daxil deyil”.

Ruscası: http://zerkalo.az/gruziya-2691-azerbajdzhan-14/

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 161