Muəllif:

Eyni vaxtda həm ağlayıb, həm gülən adam…

Atam öldü. Əslində, bir gün belə yanından çəkilməyən həkimi elə dünən düşdüyü komadan sonra məni ard-arda bahalı dərmanların ardınca göndərib aldırsa da, hər şeyi bilirmiş…

Ancaq yaşlı qohum-əqrəbaya imkan vermədim yerdən döşək salıb kişini üzü qibləyə uzatsınlar. Qoymadım çənəsini bağlasınlar! Ölməyəcək, dedim!

Amma atam öldü. Məni ağlayan görən olmadı. Tabutunun altına çiynimi vermədim. Cənazədə hamıdan arxada getdim, hamıdan axırda çıxdım məzarlıqdan. Qəbrinə torpaq atmadım. Ağlamadım. Bəlkə hansısa məqamda həmişə deyib-güldüyüm birinin hansısa sözünə gülmüşəm də. Xatirimdə deyil. Ama ağlamadım. Dəfn bitəndən sonra da qəbrin başına yığışan insan kütləsindən ən arxada dayanan yad-biganə mən idim…

Sonradan rayonda danışırmışlar bunu: “Adam bir damcı ağlamadı atası üçün…”

Kim kimin içindəkiləri, kim kimin özüylə qalanda nə çəkdiyini bilir ki?!

***

Mersonu xatırlayırsızmı? «Bu gün mama öldü. Bəlkə də dünən. Əmin deyiləm. Evdən gələn teleqram deyir: Anan keçinib», — bu sözləri deyən oğlanı. Kamyunun Mersosu. “Yad”dakı.

Onu qətldə ittiham eləyib tutdular, amma anasının dəfnində ağlamadığına, biganə qaldığına görə edama məhkum etdilər…

***

Bəlkə boş bir təsadüfdü. Onların adı iki eyni hərflə başlayır: “M+E”. Merso-Mehman. İkisinin də anası ölüb. Biri ölümdən sonra həbsxanaya gedib, biri ölümdən sonra həbsxanadan gəlib, yenə qayıtmaq şərtilə. Mersonun anası ölüb, o, müdirindən iki-üç günlüyünə necə icazə alacağını düşünür. Müdirə necə izah etsin ki, anası ölüb və o, dəfnə getməyə məcburdur.

Mehman isə bu izni həbsxana rəisindən, daha böyük rəislərdən almalıydı. Verdilər.

Merso ölüm xəbərini alır. Ağlamır. Xəbəri alandan sonra dənizə gedir, əylənir, gün beynini deşir, onu düşünür, sonra davaya düşür, adam öldürür sakitcə, sonra sevgilisini evə gətirir, yatırlar…

***

…Kameralar bir azdan dəfnə buraxılmış Mehmanın gələcəyi yola tuşlanıb. Bir neçə dəqiqə sonra obyektivdə görünür bu gənc. Yaxınlaşır. Onu qarşılayanlar əski dostlarıdı. Əski deyəndə, Mehman da naturaca Merso kimi uşaqdı. Həm yaşca da. Gülümsünür. Dostlarıyla görüşür. Dostların üzündə hüzn var hər yasa gedənin üzünə geyindiyi hüzndən. Mehman isə sanki sevinir, təbəssümdən gözləri qıyılır. Ancaq o qıyılan gözlərin dərinliyində nə var? O gözə girməsən, görməzsən ki!

***

Və… mərəkə başlayır. Mehmanın şəxsinə iki əks tərəfdən hücum qızışır, qızışdıqca şiddətlənir.

Bir tərəf ondan qəhrəman düzəldir (əslində, bunu birinci başlayan qarşı tərəf olub). Bir tərəf isə yaradılan qəhrəman obrazını dağıtmağa, gözdən salmağa çalışır.

Ümumiləşdirsək, belə yazır ikincilər:“Türmədən anasının yasına buraxılıb, hırıldayır. Budur sizin qəhrəmanınız”.

Və əks hücumların ümumi məğzi:“O, qəhrəmandır, siz kimsiniz? Siz bilirsinizmi o nəyə gülürdü?..”

Bir tərəf özünü oda-közə vurub qəhrəmanla mübarizə apardığını zənn edir, o biri tərəf isə qəhrəmanı daha da böyütməyə məcbur olur. Hər hücumda bir az daha.

Yazımızın qəhrəmanı isə — hər iki tərəf bunu unudur – qəhrəman deyil. Sadəcə bloggerdi. Seçilə bilənlərindən. Gördüyü işlərdə böyüklük yoxdu. Onu böyük görünməyə zorlayıblar! Heç bir tərəf ona öz acısını çəkməyə imkan vermir.

Hər iki tərəf onu Merso hesab edir – biri edama məhkum edərək, biri sevərək!

Məsələnin ən maraqlı bir nüansı isə, özü bütün mental dəyərlərə gülən, ağını-acını, mərsiyəni, kədəri, Füzulini, mısmırığı, qaşqabağı, matəmi, qaraqabaq Şərqi lağa qoyan bir söz ustasının Mehmandan göz yaşları tələb etməsi idi. Birdən-birə əxlaq, didaktika, görsənişli mental təzahürat davası! Ana laylasının, ana südünün müqəddəsliyinə təhkimetmə üsyanı! Bu metamorfozanın qəfil səbəbi nədi? Axı yazıq uşaq, o ana yavrusu o boyda deyil ki, onun böyüklüyünə həsəd aparasan. Hətta o qəhrəmandısa, onun qəhrəmanlığı səndən, toplumdan heç nə aparmır. Yüz səbəb yazmaq olar onun “hırıltı” adlandırılan gülüşünə. Yüz səbəb! Psixi, şok, affekt, mərdanəlik və nə bilim daha yüz də nə!

Bəlalarımızın savaşılacaq son səbəbi Mehmandımı, onun gülüşüdümü?

Dəfn günü Mehman ağladı! Onu qəhrəman kimi müdafiə edənlərə güclü atəş topları bağışladı:“Baxın kor olmuş gözlərinizlər, baxın bu şəkillərə! Ağlamırmı? Ağlayır. Həm də ürəkləri kabab edərək!”. Məgər bu cavab atəşinə, qarşı tərəfi susdurmaq üçün onun ağladığını dəlil-sübutlarla göstərməyə gərək vardımı? Demək, gerçəkdən narahatmışlar. Demək, düşüncə heç də qarşı tərəfinkindən fərqlənmir. Demək qarşı tərəfdən olan birinin başına eyni ana müsibəti gəlsə, onlar da bunu hırıltı hesab edəcəkmişlər. Güldüsə, güldü. Ağladısa ağladı. Ağlamadısa, ağlamadı. Kimə nə? Kimlərə nə!

***

Mehman iki gün iki-üç saatlığına içəridən çıxıb azadlığa mehman oldu. Qonağı belə qarşılamazlar!

Bundan qabaq Anar Nağılbazdan yazacaqdım. Bildim ki, yazını oxumağa başlayan kimi oxucu düşünəcək: Bu mövzu artıq köhnəlib. Yəni Anar gerçəkdən ölüb, artıq unudulub. Mehman söhbəti də iki-üç günə unudulacaq. Gəlin ötəri olanları unudaq, əbədi və əzəli olandan yapışaq – o, bizik. Özümüz! Qəhrəmanların yaradılışında istənilən iştirak fərdin kiçilməsidi. Bu qədər kiçildilməyimiz yetmədimi?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (5 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 564