Muəllif:

Ən şirin meyvə — təhsilin meyvəsi


Aristotel:
“Təhsilin kökü acı, meyvəsi şirin olur.”

“Təhsilin meyvəsini ona sevgini verdiyin zaman dərə bilərsən” — dahilərdən biri də belə deyib. Əslində təhsilin vacibliyini sübut etməyə çalışmaq aksiomanı sübut etməyə çalışmaq qədər mənasız bir cəhd olar. Ona görə də mənasız bir işlə məşğul olmaq fikrində deyiləm.

Açığını deyim ki, son vaxtlarda mətbuatı az izləyirəm. Səbəbi çox sadədir; yazılanların çoxu mənə qərəzli, yaxud da tərəfli gəlir. Bəziləri tənqidin sodasını o qədər çox edirlər ki, sanki yaxşı heç bir şey yoxdur və ən pisi odur ki, təhqirə keçməkdən belə çəkinmirlər. Bəziləri də elə tərif qoşurlar ki, elə bil ki, dünyadakı bütün ölkələri ən azından bir əsr qabaqlamışıq və əksini düşünənləri təhqir edənlər də öz yerində. Ancaq əlbəttə ki, zövqlə oxuyub məlumatlandığım, maarifləndiyim yazılar da az deyil. Mən isə bu yazımda heç bir tənqid, tərif yazmadan Niderlanddakı təhsilin bəzi özəlliklərindən söhbət açmağa çalışacam, həm də mümkün qədər qısa.

Niderlandda təhsil pilləlidir. Uşaqlar dörd yaşından məktəbə gedə bilərlər, beş yaşdan isə bu məcburidir. 4-12 yaşlı uşaqlar ibtidai məktəbdə oxuyurlar, birinci qrupdan səkkizinci qrupa kimi. Daha sonra isə orta məktəbə gedirlər. Orta məktəb, təhsil aldığın pillədən asılı olaraq, 4, 5 və 6 il ola bilər. Hansı pillədə təhsil alacağın isə ibtidai məktəbin son illərində aldığın qiymətlərdən, 8-ci qrupda verdiyin imtahanın (bu imtahan ölkə üzrə verilir) nəticəsindən və bir də müəllimin tövsiyəsindən asılı olur. Bu yazımı nə ibtidai, nə orta, nə də ali təhsilə həsr etmək fikrindəyəm. Bunlar barədə yazmağa başlasam çox vaxt aparar. Sadəcə onu qeyd edim ki, orta məktəbdə dörd il təhsil alanlar ya texniki peşə məktəblərinə, ya texnukumlara gedə bilərlər (dörd illiyin hansı pilləsində təhsil almasından asılı olaraq), yaxud da orta məktəbdə, daha yuxarı pillədə təhsilə davam etmək olar, ötən illərdəki nəticələr buna imkan verərsə. Beşillik təhsil alanlar, sovet vaxtlarının dili ilə desək, institutlarda təhsillərini davam etdirə bilərlər, yaxud da orta məktəbdəki təhsil pilləsində irəli gedə bilərlər və yenə də ötən illərdə olan nəticələrə görə. Altıillik təhsil alanlar isə sonrakı təhsillərini ali məktəblərdə davam etdirmək imkanı qazanırlar. Orta məktəbin ilk iki, yaxud da üç ili (yenə də təhsil aldığı pillədən asılı olaraq) ümumi təhsil kimi hesab olunur. Sonra isə ixtisaslaşma gedir və mənim də bu yazımda toxunmaq istədiyim məqam məhz burdan başlayır. Fikrimi daha aydın ifadə etmək üçün öz övladlarımın birindən misal gətirərək yazıma davam edəcəm. Övladımın biri orta məktəbdə ən yuxarı pillənin (altıillik) beşinci sinfində təhsil alır. Artıq ötən ildən bizə (yəni valideynlərə) məktəbdən vaxtaşırı məktublar göndərir, övladımızın hansı ixtisası seçəcəyi ilə maraqlanır və məktublarda həm də ixtisaslar barədə geniş məlumat verirdilər. Bundan başqa isə vaxtaşırı məktəbdə valideynlər üçün məlumat axşamları təşkil edirdilər. Övladım, bizimlə də məsləhətləşdikdən sonra, qərarını verdi, yəni ixtisasını seçdi. Bu proses, bizdə artıq xeyli vaxtdı getdiyindən, mənim üçün adiləşmişdi. Bundan sonrası isə mənim üçün də, övladım üçün də yeni və maraqlı idi, ümid edirəm ki, sizlərə də maraqlı olacaq. Məktəb bizə övladımın seçdiyi ixtisas üzrə təhsil ala biləcəyi universitetlərdən bəzilərinin adlarını verdi və digərlərini də özümüz internetdən tapdıq. Burda hər universitetin (həmçinin institut, texnikum və peşə məktəblərinin) özünün “Açıq qapı” günləri olur. “Açıq qapı” günlərində getmək istədiyin təhsil müəssisə(lər)sinin internet səhifəsindən, seçdiyin ixtisas(lar) üzrə qeydiyyatdan keçməlisən və bunu bir neçə həftə, bəzən bir neçə ay öncədən etməyin lazımdır. Zamanı gələndə isə seçdiyin yerlərə ardıcıllıqla gedir, təhsil müəssisələri ilə tanış olur və seçdiyin ixtisas barədə daha geniş məlumat alırsan. Mənim övladım da bir neçə universitetdə qeydiyyatdan keçdi və ötən ay Leiden universitetinin “Açıq qapı” günündə iştirak etdik, bu yazını da həmən ziyarətin təsiri altında yazıram. Universitetdə hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu. Binaya daxil olan kimi öncədən ayrılmış könüllülər, bələdçilər hər kəsi olmalı olduğu auditoriyaya yönləndirirdilər. Orda isə öncə universitetin bir müəllimi həm universitet, həm də seçilmiş ixtisas barədə görüntülü və geniş təqdimat verir, gələnləri məlumatlandırdı. Müəllimdən sonra, seçilmiş ixtisas üzrə, həmən universitetdə təhsil alan bir tələbə özünün universitetdəki təhsilindən danışaraq təcrübəsini bölüşdü və o da görüntülü idi. Beləcə saat 10:15-dən 14:45-ə kimi (arada qısa fasilələrlə) müxtəlif auditoriyalarda ayrı-ayrı müəllim və tələbələri dinlədik. Universitetdə gördükləri qızımda çox yüksək təəssürat yaratmışdı. Bu elə bir təəssürat idi ki, sözlə ifadə etməkdə çətinlik çəkirəm. Təsəvvür edin, universitet xüsusi bir neçə gün də ayırıb ki, arzu edən qeydiyyatdan keçərək bir (yaxud bir neçə) gününü adi tələbə kimi universitetdə keçirə və dərslərdə iştirak edə bilsin. Sonrakı günlərdə başqa təhsil müəssisələrində də olduq və gələcək həftələrdə daha bir neçə universitetə getməliyik. Növbədə isə Rotterdamdakı Erasmus universitetidir. Bütün bunların nə kimi faydası olduğunu sizlərə izah etməyə ehtiyac görmürəm. Bununla belə, öz düşüncələrimi sizlərlə bölüşmək istəyirəm. Bu kimi ziyarətlərin nəticəsində:

• Seçdiyin ixtisas barədə məlumat almaq
• Təhsil almaq istədiyin yerlə yaxından tanış olmaq
• Təhsil almaq istədiyin təhsil müəssisəsinin qaydaları ilə tanış olmaq
• Orda təhsil alan tələbələrin təcrübəsi ilə tanış olmaq və.s.

imkanları qazanırsan.

Mən o tənqidi faydalı hesab edirəm ki, həm də təklif(lər) verəsən. Bu yazımda birbaşa tənqid olmasa da bəzi təkliflər verməyin heç də pis fikir olmadığı düşüncəsindəyəm.

1. Orta məktəbin son illərində şagirdlərə, valideyinlərə ixtisaslarla bağlı məlumat(lar) verilsin.
2. Orta məktəblərdə şagirdlər bacarığına, biliyinə görə düzgün seçim etməyə yönləndirilsin, onlara məsləhətlər verilsin. Valideynlərlə də bu barədə məsləhətləşmələr aparılsın.
3. Bütün təhsil müəssisələrimiz özlərinə, məlumatlarla zəngin internet səhifəsi yaratsınlar. Belə səhifəsi olanlar isə onu daha da təkmilləşdirsinlər. Sayta ixtisaslar haqqında məlumatlar, hətta videosüjetlər yerləşdirsinlər.
4. Bütün təhsil müəssisələrimiz ildə bir neçə gün “Açıq qapı” günü təşkil etsinlər. Beləliklə də yuxarı sinif şagirdləri seçmək istədikləri ixtisaslarla, universitetlərlə və.s. yaxından tanış olmaq imkanı qazanarlar və.s. Əminəm ki, bu, şagirdləri daha da stimullaşdıracaq.

Bəlkə bunlar(dan bəziləri) bizdə var. Bəlkə bunlar kiməsə mənasız görsənər. Bəlkələr çoxdur və ən önəmlisi isə odur ki, bəlkə bütün bunlar kimlərəsə çətin görsənər. Ancaq çətin hələ mümkünsüz demək deyil. Təhsil çox önəmlidir, ona görə əziyyət çəkməyinə dəyər. Əslində isə təhsil üçün edilənlərə əziyyət kimi baxmağına dəyməz, bunu sevgi ilə etməyimiz lazımdır, dövlətimiz naminə. Təhsilimizə sevgimizi verək ki, meyvəsi də şirin olsun. Ölkələrin güclü olmasının yolu təhsildən keçir və bu, aksiomadır. Sübuta ehtiyacı olmasa da, dünyaya açıq gözlə nəzər salmaq hər şeyi görməyə bəs edir.

Niderland. [email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 253