Muəllif:

“Dözümsüz” ürəklər

“Azadlıq” qəzetinin redaksiyasına çox şikayətçilər gəlirdi. O şikayətçilər arasında hər cür adam görürdük. Onlardan bəziləri ilə söhbətlər sonradan redaksiyada lətifəyə çevrilirdi.

Günlərin birində redaksiyanın telefonuna zəng gəldi. Dəstəyin o başındakı adam əlində Ziya Məmmədov haqqında yaxşı bir fakt olduğunu, bizə vermək istədiyini deyirdi, amma bu haqda telefonda danışmağı uyğun bilmirdi.

Zaman o zaman idi ki, Ziya Məmmədovun oğlu məşhur “ayı kababı” qalmaqalına görə “Azadlıq”ı məhkəməyə vermişdi. Nazir oğlunun Qəbələdəki restoranlardan birində 1 milyona ayı kababı yediyini “Azadlıq” qəzeti yazmışdı…

Uşaqlardan biri zarafatyana qayıtdı ki, tez gəlsin, bəlkə əlində ayı kəsilən yerdə çəkilmiş foto var…

Ertəsi kişi gəldi. İlk baxışdan ciddi adam təsiri bağışlayırdı. Söhbətə ölüm-itimdən başladı. Dedi ki, xəbəriniz var, ölkədə ürək-damar xəstələrinin və bu xəstəlikdən ölənlərin sayı artıb? Kişi danışırdı, amma Ziya Məmmədovla bağlı faktdan əsər-əlamət yox… Səbrsizliklə gözləyirdik ki, ondan danışsın. Söhbət çox uzandı, axırda dözməyib soruşduq ki, ay dayı, bəs Ziya Məmmədovdan nə bilirsən? Qayıtdı ki, bayaqdan nə danışıram? Bu xəstəliklərin də, ölümlərin də artmasının günahkarı Ziya Məmmədovdur. Çünki avtobuslar addımbaşı saxlayır, adamlar piyada gəzmir, ürək-damar sistemində problemlər yaranır…

Bir xeyli vaxt o əhvalatı xatırlayıb güldük. Həmin gün uşaqlardan biri kişiyə belə demişdi:“Dayı, xəstəliklərin də, ölümlərin də artmasında təkcə Ziya Məmmədov yox, bu hökumətin hər bir üzvü günahkardı…”

Həmkarım Nicat Məlikovun ölüm xəbərini eşidəndə o sözləri xatırladım. Axı Nicatın nəfəsini kəsən səbəbləri az-çox bilirdim…

Bu ölkədə çoxumuz sosial qayğıların ağır yükünü daşıya bilmirik. Nicat da daşıya bilmədi, ürəyi tab gətirmədi…

Nicatı çoxdan tanıyırdım, üç il əvvəl ABŞ səfərində daha da yaxınlaşdıq. Xatırlayıram, 21 günlük səfərin sonuncu günü Nicatla Nyu-Yorkdakı məşhur “Central Park”a getmişdik. Xeyli gəzəndən sonra yorulub oturduq, dərdləşdik. Onda bildim ki, adətən üzü gülən bu adamın içi qan ağlayırmış… İşsizlik, pulsuzluq, üç övladın dolanışığı, xəstə uşağın müalicəsi…

Ötən üç ildə də o qayğılar həllini tapmadı, Nicatın içini yedi. Daş daşdı, hər gün su damcısı eyni yerə düşəndə o da parçalanır, ürək necə dözsün?!

Nicatın ürəyini odlandıranlar həm də Azərbaycanda jurnalistikanı ürəyindən vuranlar, peşəkarları “ya dolanışıq, ya ləyaqət” seçimi qarşısında qoyanlar oldu…

Nicatın 39 yaşında gedib qara torpağın altında yatmasının səbəbkarları həm də bu ölkənin milyonlarını özlərinə rəva görüb, adi tibbi sığortanı öz vətəndaşına qıymayanlar oldu…

Sosial şəbəkələrdə oxuyuram, ürəkdən gedən başqa gənc jurnalistləri də yada salıb, təkliflər verirlər. Yazırlar ki, hökumət jurnalistlər üçün güzəşt müəyyənləşdirsin, bu sahənin adamları pulsuz müayinədən keçsinlər. Dərddən ürəyi partlayan təkcə jurnalistlərdimi? Bəs bunun fəhləsi, kəndlisi, çilingəri, traktorçusu… neyləsin?

Bugünlərdə Milli Məclisin Səhiyyə komitəsinin iclasında ölümləri müzakirə ediblər. Kardioloq-cərrah-deputat Rəşad Mahmudov bildirib ki, 2017-ci ildə ölkədəki ölümlərin ən əsas səbəbi ürək-damar xəstəlikləri olub — 57.8 faiz.

Deputat həyəcan təbili çalıb, deyib ki, bu sahədə təcili dinləmələrə, təxirəsalınmaz tədbirlərə ehtiyac var.

Bilmirəm, hörmətli həkim-deputat nəyi nəzərdə tutur, amma əlində işi, cibində pulu, yeməyə çörəyi olmayan adamın ürəyindəki yaraya heç bir dinləmə, heç bir tədbir məlhəm ola bilməz. O ürək tezliklə dayanmağa məhkumdur…

Bəzi dostlar var, qınayırlar ki, niyə vaxtında sağlamlığımızın qayğısına qalmırıq, həkim müayinəsindən keçmirik? “Sağlamlığın qayğısına qalmaq” ifadəsinin arxasında nə dayanır? Normal həyat şərtləri – iş, pul, səhiyyə dayanmırmı?

Bir dəfə Hollandiyadan Fransaya getmək üçün Amsterdamda turizm şirkətində növbədəydim. İçəri yaşı 80-dən aşağı olmayan iki qadın girdi. Hər ikisi əl ağacı ilə gəzirdilər. Az sonra məlum oldu ki, Avstraliyaya səyahət paketilə maraqlanırlar…

Azərbaycanda o yaşda insanların gününü, dolanışığını özünüz bilirsiz. Hələ o yaşa çatsalar… Son illərdə xeyli yaxınımı itirmişəm, heç biri də pensiya üzü görməyib. Çoxu heç 50-yə də çatmayıb…

Ötən yay kənddəki qəbiristanlıqda məzar daşları üzərindəki rəqəmlər diqqətimi çəkdi. İlahi, bu ölkədə ölümlər necə cavanlaşıb! Hərçənd, kəndlərdə adamların əksəriyyətinin gününü-güzəranını düşünəndə insanların bu dünyadakı cəhənnəm əzabı ilə daha erkən vidalaşması təəccüblü görünməməlidir.

“Allah verən ömür” ifadəsini yəqin sizlər də eşitmisiniz. Bəs niyə insanlar məhz sosial həyat şərtlərinin yüksək olduğu ölkələrdə uzunömürlü olur? Allahın onlarla müqaviləsi, bizimlə düşmənçiliyimi var? Dünyada insanların yaş, sağlamlıq məsələlərini araşdıran OECD humanitar təşkilatının araşdırmalarına nəzər saldım. Məlum oldu ki, İsveç, İsveçrə, Yaponiya, İslandiya kimi ölkələrdə insanların orta ömür yaşı 81-82 olduğu halda, Somali, Mali, Niger, Çad kimi ölkələrdə bu rəqəm 50-dən çox deyil…

Azərbaycanda minimum əməkhaqqı keçən ay artırılandan sonra 130 manat oldu. Bir ölkədə ki, minimum əməkhaqqı heç 80 dollara çatmır, orada adamlar 80 il yaşaya bilərmi?

Bu ölkədə yaşamaq üçün ürək lazımdır. Son illərdə xaricə gedənlərin sayı artıb, çünki buradakı mühitdə yaşamaq adamların ürəyincə deyil. Bizim məmləkətdə adamların arzuları elə ürəklərində boğulur…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 363