Muəllif:

Cümhuriyyətin 100 ili və jiletli süpürgəçilər

Süpürgəçilər daha ölməyəcək! Bu peşənin sahibləri üçün xüsusi jiletlər hazırlanıb ki, üzərindəki xüsusi işıq qaytarıcılarını qarşıdan gələn avtomobillər görsün və onları vurub öldürməsin. XXI əsrdə bəşəriyyət nanotexnologiyalar, innovativ modellər, beyin mərkəzləri, insansız tank və təyyarələr, su ilə işləyən avtomobillər, sürücüsüz taksi xidməti, Marsa turist səfərlərindən danışır, bizimkilər də dünyaya “ultrabənövşəyi şüalarla zəngin jiletlə” meydan oxuyur.

Əslində, belə “orjinal” metodlarla problemi kökündən həll etmək kimi ilk təcrübəmiz deyil. Bakıya qar yağanda qarı texnika yox, süpürgəçilər təmizləyir. Texnika da Bakının ən gözəl yerlərində “dayanıb” qarı təmizləyən nənələrə baxır. Yazıq texnikanın dili olsa, o qocalara görə fəryad edər.

Doğrudanmı, məmurlar vəziyyətin bu qədər adi, sadə olduğu qənaətindədir? Hesab edirlər ki, bir jiletlə nəhəng problemi həll edəcəklər? Ümumiyyətlə, gözəlimiz məmləkətdə “maraqlı” insanlardan ibarət bir qrup var. O an başlayırlar:“Amerikada və Avropada da süpürgəçilər var da, guya oralarda da hər yeri texnika süpürür?” Bəli, süpürgəçilik dünyanın hər yerində var- hətta dünyanın ən inkişaf etmiş ölkələrində də. Amma magistrallarda asfaltı nənələr yox, texnika süpürür. İnsanlar yalnız əhalinin gur olduğu yerlərdə, həyatlarına təhlükə törətməyəcək məkanlarda zibil təmizləyir və əyinlərində xüsusi işıq qaytaran jilet də olmur.

Odur ki, sorğulamaq haqqımızı özümüzdə saxlayırıq:

-Küçələrin, prospektlərin təmizlənməsi üçün hansı texnikalar alınıb, hansı vəsaitlə alınıb və yüksək sürətli magistrallarda nə üçün ucuz işçi qüvvəsindən istifadə olunur? Gərək ki, əlaqədar qurumların işi ilk növbədə bunu araşdırmaq və günahkarları məsuliyyətə cəlb etməkdir. Çünki, qadının ölümü nəticədir, səbəbləri aşkara çıxarmaq lazımdır.

Məhz bu ölüm hadisəsi ilə bağlı açıqlama verən millət vəkili Musa Quliyev deyir ki, fiziki əməklə məşğul olanlara yaş məhdudiyyəti qoyulmur. “Məsələn, qeyri-ixtisaslı peşə sahibləri – fəhlələr, təmizləmə, yaşıllaşdırma işi ilə məşğul olanlar işləyirsə və onun fiziki gücü, sağlamlığı imkan verirsə, ona niyə qadağa qoyulsun ki?!”

Əslində sual ilk baxışdan normal səslənir. Yalnız, insan iki halda işləmək istəyində olur: məcburi və könüllü. Azərbaycanda minimum əmək haqqı 130 AZN, orta aylıq əmək haqqı 525 AZN və yaşayış minimumu 173 AZN-dir. Təqaüdlərin də yalnız kommunal xərclərə və dərmana yetməsi barədə də çox danışılıb. Aydın məsələdir ki, belə rəqəmlərlə qane olmaq mümkün deyil, buna görə də, insanların qazanc üçün əlavə iş yerləri axtarması anlaşılandır. Bəzən, bu işlər ekstremal şəraitdə çalışma kimi şərtlər tələb etsələr belə.

Süpürgəçi işləyən qadın da ehtiyacından bu işi görürdü – həyat yoldaşı yox, himayəsində iki azyaşlı körpəsi olduğundan işləməli idi. Kirayələrdə yaşayan qadının ən böyük arzusu özünə birotaqlı ev almaq idi…. aldığı əmək haqqı da 250 AZN civarında olub.

100 il öncə Şərqdə ilk dəfə qadına seçki hüququ tanıyaraq tarixə düşmüş bir dövlətin xələfi 100 ildən sonra qadını ölüm təhlükəsindən qorumaq üçün ona jilet verir.

Əcəba, sərxoş sürücünün gözləri xüsusi işıq qaytarıcılarını görəcəkmi?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 90