Muəllif:

BİZİ 37-də TUTDULAR…

“Azərbaycan televiziyalarına baxmıram” deyənlərə əməlli-başlı qibtə edirəm.

Amma özümlə bacarmıram. Özü də bu, təkcə adi bir jurnalist marağından, ölkədə baş verən hadisələrin kursunda olmaq istəyindən irəli gəlmir, hərçənd ki, cəmi siyasi yazarlar kimi mən də ən azı rəsmi xronikanı bilməliyəm.

Fəqət, məni telekanallarımıza baxmağa vadar edən əsas səbəb odur ki, mən də Azərbaycanda yaşayıram, azərbaycanlıyam və buradan başqa yerə köçmək fikrim də yoxdur, ona görə də Azərbaycanla bağlı hər şey mənə maraqlıdır.

Həm də insanlar özləri dəyişmək istəməyəndə zamanın özü onları elə dəyişdirir ki, heç xəbərləri də olmur. Ona görə də hər şeydə bir dəyişiklik həsrətindəyəm, hər şeydə yenilik intizarındayam.

Amma nə edəsən ki, televiziyalarımız günortaya qədər yeməkdən, günortadan sonra isə xəstəliklərdən danışırlar. Hətta bunu da qiymətləndirmək, yenilik kimi qəbul edə bilərəm – necə olmasa da, hər halda, mətbəx verilişlərini hazırlamağı öyrənmişik…

Fəqət, sözüm heç bunda da deyil. Nə bizim televiziyalarımızı təhlil etmək fikrim var, nə də yeni veriliş təklif etmək istəyim.
Sadəcə, ara-sıra təbabətdən danışan həkimlərimizə qulaq verəndə görürəm ki, irsi xəstəliklərdən də söz açırlar.
Hər dəfə də bu haqda eşidəndə ağlıma gəlir ki, bir xəstəlik də var ki, nəsillərdən nəsillərə keçir. Amma gəl, ondan danışmırlar, kimsə bunun fərqində deyil. Bu xəstəliyin adı isə qorxudur…

Kim desə ki, onda bunun simptomları yoxdur, qəti inanmayın ona. Hamımız onun daşıyıcılarıyıq və özümüzdən əvvəlki nəsillərdən onu necə almışdıqsa eyni səliqə ilə onu öz uşaqlarımıza, şagirdlərimizə və tələbələrimizə ötürürük…

Özü də mənə elə gəlir ki, bu xəstəlik 37-dən başladı. Hərçənd, artıq bunadək Çexov “6 nömrəli palata”nı və ən əsası da “Məmurun ölümü” hekayəsini yazmışdı. Fəqət, məhz 37-ci il həlledici dönəm oldu — bundan sonra elə hadisələr baş verməyə başladı ki, adam hələ də faşizmin necə və harada yaranması haqqında düşünməyə başlayanda çaş-baş qalır…

Bir sözü qoyub, o birisinə keçmək olsa da, bir sənədli film vardı və mən ona tələbəlik vaxtı Moskvada baxmışdım. Adı da “Adi faşizm” idi. Həmin filmi ilk dəfə görəndə ağlımdan ilk keçən fikir o oldu ki, əcaba, bu ki, lap Sovet İttifaqı haqqındadır!..

Nə isə… Sözüm hətta bunda da deyil. Ondadır ki, yaxın günlərin söhbətidir, növbəti yazını cızma-qaralayandan sonra köhnə divanıma uzanıb özüm üçün düşünürdüm ki, görən, biz niyə beləyik?..

Əslində sualın cavabı budur ki, ona görə beləyik ki, məmləkətdə hələ heç kim “Mən niyə beləyəm?” deyə soruşmur, hamı sual edir ki, axı biz niyə beləyik? Hamı qəti əmindir ki, bütün cəmiyyət elə onun kimidir və o, da yalnız o halda dəyişə bilər ki, cəmi cəmiyyət dəyişsin…

Halbuki ən düzgün yol bu olardı ki, hamı öncə özündən başlasın, “qaragül” papağını qarşısına qoyub özündən “Mən niyə beləyəm? Niyə qorxağam, niyə rüşvətxoram, niyə yalançıyam?” – deyə soruşsun…

Amma bir daha deyirəm ki, biz özümüzdən çox “millət dərdi çəkən” kişilərik. Ona görə də “hamının dərdi” bizim üçün daha önəmlidir, əsrlər boyu bu dərdi çəkə-çəkə qocalırıq, dünyamızı dəyişirik. Bizdən sonra gələnlər də eynilə bizim kimi bu dərdi çəkməkdən üzülüb əldən düşürlər və bir gün də “nəsillərin amanatını”- “millət dərdi”ni özündən gənclərə ötürüb bizim yanımıza gəlirlər…

Qərəz, nə başınızı ağrıdım, mən də sizin kimi divanimda uzanıb “millət dərdi” çəkəndə yadıma “homo soveticus” ifadəsi düşdü. Ağlıma gəldi ki, biz ona görə beləyik ki, tariximizdə 37-ci il olub, ona görə beləyik ki, biz də həmin “homo soveticus”lardanıq.

Deyim ki, bu homo soveticus ifadəsinin də çox böyük tarixi var. Amma onu dəbə mindirən filosof A.Zinovyev oldu. Daha sonra, artıq sovetlərin çökmə vaxtında sosioloq Y.Levada bunun sosial portretinin cizgilərini müəyyənləşdirməyə cəhd etdi. Bir neçə meyar müəyyənləşdi, fəqət, ən çox yadımda qalan, bilirsiniz, nə oldu?

Bu sosial tip ən mənəvviyyatsız qərarları belə həyata keçirməyə hazırdır! Levada daha sonra yazırdı ki, çoxu düşünür ki, homo soveticus tipi sovetlərlə birgə qeyb oldu, amma belə deyil, onlar hələ də qalıblar…

Bunları xatırlayandan sonra azca yüngülləşdim, çünki “Mən niyə beləyəm?” sualına olmasa da “Biz niyə beləyik?” sualına tutarlı cavab tapmışdım: ona görə beləyik ki, 37 olub, on illərlə bizdən yen insan tipi hazırlamağa çalışıblar və s. və i…

Ona görə də başqa cür bacarmırıq. Ürəyimiz doğru söz demək istəyirkən, dilimiz buna imkan vermir – yalanı dəyirman kimi üyüdüb tökürük. Heç xəbərimiz də olmur ki, müdirimizi görürkən belimiz nə vaxt ikiqat olur…

Özümüz də anlamırıq ki, niyə biz “Baş üstə!”dən savayı, tərifdən başqa bir şey bilmirik?

Amma mən bilirəm. Ona görə ki, 37 oldu. Əyilməyənlər, düz söz deyənlər, hakimiyyətin və müdirin qarşısında quyruq bulamayanlar öldürüldü. Qalanlar isə sındılar. Özü də elə sındılar ki, heç bir sınıqçı daha buna çarə tapa bilmədi.

Beləcə, biz əyri bitdik. Bu, azmış kimi, ölkə də küləklidir, hətta baş kəndinə “Küləkli şəhər” deyirlər. Küləkdəsə ağaclar daha da əyilir, daha da əyri bitir…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (8 оценок, среднее: 8,25 из 10)
Oxunma sayı: 1355