Muəllif:

Bədbəxtllik bataqlığındakı uşaqlar

Hər dəfə metro keçidlərində, yol kənarında dilənən hamilə qadın görəndə çox sarsılıram. Adətən, belə qadınların yanında başqa uşaq da olur. Gözlərinə kədər çökən uşaq. Anlayırsan ki, tezliklə bu uşağa gözlərindəki kədərə uzun-uzun baxmağa cəsarət eləməyəcəyimiz başqa uşaq da qoşulacaq. Bu uşaqları anası yedirdəcək, amma kədər böyüdəcək…

Saru Brayerli itkin düşəndə cəmi beş yaşı vardı. Anası, qardaşı və bacısı ilə Hindistanın yoxsul kəndlərindən birində yaşayırdı. Atası onları çoxdan atmışdı. Anası ailəni dolandırmaq üçün daş daşıyırdı. Yenə çatmırdı. Saru hər səhər özündən böyük olan qardaşı Qudu ilə şəhər mərkəzindəki dəmiryolu vağzalında qatarları süpürməklə, başqa xırda-para işlər görməklə pul qazanmağa çalışırdı. Bir gün gedib tez qayıdacağına söz vermiş qardaşını xeyli gözləyən Saru qatarda yuxuya gedir, gözünü açanda özünü çox uzaqlarda görür. Qatar onu tanımadığı yerlərə gətirmişdi. Saru qardaşını bir daha görmür. Qudu həmin gün qatar altında qaldığından Sarunun arxasınca gəlməmişdi…

Brayerli çox sonralar bu haqda kitab yazacaqdı. “Evə uzun yol” adlanır. Saru həmin kitabda hər şeyi təfsilatıyla yazıb. İki il əvvəl əsərin motivləri əsasında rejissor Qart Devis “Aslan” filmini çəkib. Filmdə Nikol Kidman kimi böyük kino ulduzu rol alıb. Vaxtınız olanda baxın. Saru Brayerlinin bəxti yalnız onda gətirib ki, itkin düşəndən bir il sonra avstraliyalı ailə onu övladlığa götürüb, hind oğlan həyatının sonrakı hissəsini Tasmaniyada yaşamaq imkanı qazanıb. Saru məhəbbətlə əhatələnmişdi, yeni valideynləri ona sevgi dolu həyat bəxş eləmişdi. Amma o, doğma anasını unuda bilmirdi…

Kitabı oxumaq, filmə baxmaq fikriniz varsa, daha bu haqda yazmayım. Əslində, sözümün canı başqaydı. Sarunun onu övladlığa götürən qadınla – Syu Brayerli ilə dəhşətli bir dialoqu var. Kidman filmdə o səhnəni möhtəşəm oynayıb. Saru həmişə elə bilmişdi ki, bu avstraliyalı ailə dünyaya uşaq gətirmək iqtidarında olmadığından, belə seçim eləyib. Brayerli ailəsi Sarudan başqa daha bir hind oğlanı övladlığa götürmüşdü. Amma keçmişdəki travmalar o uşağa daha pis təsir eləmişdi, oğlanda narkotik maddə asılılığı yaranmşdı. Saru həmin gün ona analıq eləyən qadına demişdi:

— Təəssüf ki, sənin öz uşağın olmayıb. Biz təmiz vərəq deyilik. Siz təkcə bizi yox, həm də keçmişimizi övladlığa götürmüsüz. Biz səni məhv eləyirik.

— Mənim uşağım ola bilərdi. Özümüz qərara aldıq ki, dünyaya uşaq gətirməyək. Biz məhz sizi istəyirdik. Bax, atanı sevmək səbəblərimdən biri də budu. Düşündük ki, dünyada onsuz da yetərincə adam var. Mən doğsaydım, dünya daha gözəl olmayacaqdı. Amma sizin kimi pis həyat sürən uşaqlara yaxşı həyat bəxş eləmək artıq nəsə deməkdi.

Sosial şəbəkələrdə az qala yeməyə çörəyi olmadığını deyərək yardım istəyən çox ailə rastımıza çıxır. Adətən, belə məsələləri paylaşanda adamın ən kövrək tərəfinə toxunmağa çalışırlar. Məsələn, yazırlar: “Lütfən, biganə qalmayaq. Uşaqların ac qalmasına göz yummayaq”. Gələn dəfə qarşınıza çıxanda fikir verin. Çox vaxt belə ailələr çoxuşaqlı olur. Qəzet redaksiyalarında nə şikayətçilər gördük! Beş uşaqla gəlir, altıncını gözləyir, evdə yeməyə çörək yox. Deməyə söz tapmırsan.

Əlbəttə, insanlar bir-birinə kömək etməlidi. Əks halda, yaşamağın mənası olmaz. Eqoizm dünyaya yaxşı heç nə vəd eləmir. Amma insanlar da öz məsuliyyətini unutmamalıdı. Xüsusilə Azərbaycan kimi ölkələrdə məsələnin sosial tərəfini heç yaddan çıxarmaq olmaz. Arxanızda hökumət dayanmır. Heç kim qəzadan, sağalmaz xəstəlikdən, ölüm-itimdən sığortalanmayıb. Hökumət sizin uşağa sahib çıxmayacaq.

Həmin hamilə qadınların davranışı həm də uşağın çoxları üçün sosial status predmeti olduğunu göstərir. Məsuliyyət sıfır. Hamilə qadının bətnindəki, yanındakı uşağı hansı taleh gözləyir? Gələcəyi necə olacaq? Valideyn bunu düşünməli deyilmi? Yoxsa ilahi qüvvənin verdiyi paydı deyib say artırmaq?

Hər il Afrikada, Asiyada, Latın Amerikasında milyonlarla məsiliyyətsiz valideyn dünyaya uşaq gətirir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər gün dünyada təxminən 22 min uşaq acından ölür. Əlbəttə, bu boyda faciədə çox amillər rol oynayır. Sosial təbəqələşmədən tutmuş, hakimiyyətlərin korrupsiyalaşmasına qədər çox şeydən danışmaq olar. Amma valideyn məsuliyyətsizliyinin də bu məsələdə çox əhəmiyyətli yeri var. Syu Brayerli düz deyirdi, dünya adamla doludu. Dünyaya uşaq gətirmək, bioloji valideyn olmaq çox asandı. Məsələnin ən çətin və məsuliyyətli hissəsi uşağı normal sosial və mənəvi şərtlərlə böyütməkdi.

Syu dünyaya heç vaxt uşaq gətirmədi. Bədbəxtlik bataqlığında boğulan iki uşağı oradan çıxarmağa çalışdı, onlara bir dünya məhəbbət verdi. Syu son müsahibəsində deyir:“Mən çox xoşbəxt adamam, çox xoşbəxt…”

Saru sonradan onu dünyaya gətirən qadını gedib Hindistanda tapdı. Amma hələ də Syunun məhəbbətinin qoynuna sığınıb…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 584