Muəllif:

Azərbaycan Almaniyaya köçür

Avropa səfərlərinin birində dostlarla söz mühacirlərdən düşdü. Bir qız haqda danışdılar. Almaniyaya gəlib oturum ala bilməyib, əyalətdə kiçik qəsəbədə tənha yaşayırmış. İş tapa, həyatını qaydasına sala bilmir. Dövlətin verdiyi vəsaitlə dolanmağa çalışırmış. Psixoloji vəziyyəti alt-üst olub, əsəbləri korlanıb. Dostlardan biri ona Berlində restoranda iş tapıb, amma orada üç gün tab gətirib…

Statistika yayılıb, açığı, həmin rəqəmlər mənə az göründü. Keçən il təkcə Almaniyaya 3030 azərbaycanlı sığınacaq üçün müraciət eləyib. Son 4 ildə Almaniyaya gedən həmvətənlərimizin sayı 11 minə çatıb.

Niyə az göründü? Çünki kimi dindirirsən, ölkədən getməyə hazırlaşır. Əksəriyyəti də Almaniyaya. Sanki Azərbaycan Almaniyaya köçməyə hazırlaşır…

Hakimiyyətin media resurslarının Almaniya qədər pislədyi, aşağıladığı ikinci ölkə yoxdur. Taleyin ironiyası ondadır ki, bu Avropa ölkəsinə ünvanlanan, yumşaq desək, tənqidlərin az qala, hamısı məhz Azərbaycana yaraşır. Məhz Azərbaycanda korrupsiya biabırçı səviyyədədi, sosial vəziyyət o qədər aşağıdı. Almaniyada yaşayış şərtləri belə pisdisə, niyə bu qədər adam o ölkəyə üz tutur? Azərbaycanda bu qədər gözəl yaşamaq mümkündüsə, niyə adamlar ölkədən qaçır?

Daha bir statistika azərbaycanlıların nə qədər çarəsiz duruma düşdüyünü göstərir. Azərbaycan öz vətəndaşlarının Almaniyaya mühacirət cəhdinə görə cədvəldə dördüncü yeri tutur. Təsəvvür eləyin, ilk üçlükdə müharibə taleyi yaşayan ölkələrin – Suriya, İraq, Əfqanıstan vətəndaşları qərarlaşıb. Bizim hakimiyyətin saxta inkişaf, firavanlıq görüntüsü yaratmağı ilə deyil, fakt ortadadı: azərbaycanlılar özünü müharibə şəraitində yaşayan insanlar qədər çarəsiz hiss eləyirlər.

Bir müddət əvvəl deportasiya qərarına etiraz olaraq intihara əl atan azərbaycanlı haqda bütün Almaniya mətbuatı yazmışdı. Bir deyil, iki deyil, xeyli belə fakt sadalamaq olar. Adamlar Avropa ölkələrində sığınacaq almaq üçün burada mülkiyyətlərini satır, viza üçün möhtəkirlərə böyük pullar ödəyir, saxta sənədlər düzəltdirir, istər-istəməz orada yalan danışmalı olurlar. Hələ düşərgələrdəki uzun-uzadı gözləmə prosesini demirik. Nə üçün? Bircə Azərbaycana qayıtmamaq üçün. Ölməyə razıdılar, vətənə qayıtmağa yox…

Neçə dəfə eşitmişik, oxumuşuq: almanların gəlmələrə münasibəti dəyişib. Yəni daha az güvənməyə başlayıblar, daha soyuq münasibət yaranıb. Normal deyilmi? Küçədə dilənçiyə 20 qəpik verəndə də onun nə qədər səmimi olduğunu içimizdə götür-qoy eləyirik. Təbii ki, alman da ödədiyi verginin hara xərclənməsindən narahatdı. Fikriniz azərbaycanlılara getməsin, ictimai məsələlərə, ölkə sərvətlərinin talanmasına xeyli biganədilər. Alman cəmiyyətindən belə laqeydliyi gözləməyin…

Almaniya, ümumilikdə Avropa haqda azərbaycanlılarda səhv təəssürat yaranıb. Belə fikir formalaşıb ki, çatan kimi mühacirlərə ev, maşın verirlər. Heç bir iqtisadi əsası yoxdu, xülyadı. Birincisi, Avropanın bütün ölkələri miqrant qəbuluna isti yanaşmır. Məsələn, sizin Danimarkada və ya Lüksemburqda yaşayış hüququ əldə etmək şansınız yüksək deyil. Qəbul eləyənlər isə üzərinə götürdüyü beynəlxalq öhdəliklərə görə bu yükü çəkir. Almaniyanın bizdən ötrü ürəyi getmir. Mühacir düşərgələrindən eşitdiyimiz son xəbərlər isə adamın qanını lap qaraldır. Azərbaycanlılara qarşı konkret inamsızlıq yaranıb. Anlayıblar ki, burada istənilən sənədi saxta yolla əldə eləmək mümkündü. Almaniyaya üz tutan bu qədər adamın çox az hissəsinin orada ilişib qalmaq şansı var. Çox ağır vəziyyətdəyik. Nə burada qalmaq olur, nə də getmək…

Əlbəttə, Almaniya dağılmır, Avropada insanlar acından qırılmır. Yoxsa məmurlar müalicə üçün dərhal Almaniyaya üz tutmazdı, Avropada obyektləri, mülkləri sıralamazdı. Almaniya, Avropa belə bərbad gündədisə, orada övladlarının ali təhsilini özünə rəva görməsinlər, səyahət planları qurmasınlar.

Mühacirət haqda düşünənləri qınamaq da olmur. Ölkədə insan haqlarının vəziyyəti, iqtisadi durum xeyli ağırlaşıb. Ən kiçik etiraz nümunəsinə də pis yanaşılır. Müxalifətin Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqləri belə, həbslərsiz keçmir. Mitinqdən əvvəl təşkilatçı aktivistləri müxtəlif bəhanələrlə həbs edirlər. Sosial çətinliklərdən heç danışmağa dəyməz. Ölkədə böyük işsizlər ordusu yaranıb. Adamları kredit borcları boğur. Təhsil, səhiyyə…

Ən pisi odu, insanlar ölkənin gələcəyinə inanmırlar. Ayağı yer tutan ölkədən qaçır. Övladının gələcəyi haqda az-çox düşünən Qərbə tərəf boylanır. Əksəriyyət də getmək qərarını belə əsaslandırır. Halbuki rəğbət bəslədiyimiz Avropa xalqları indiki inkişaf səviyyəsinə elliklə ölkəni tərk eləməklə yox, yaxşı cəmiyyət, yaxşı dövlət üçün mübarizə aparmaqla çatıblar. Böyük mənada, azərbaycanlılar fransızdan, almandan, ingilisdən əskik deyil. Bizi başıpozuq idarəetmə bu günə qoydu. Açığı, bu işdə onlara özümüz də təkan verdik – laqeydliyimizlə…

Qısa müddətdə Almaniya, Böyük Britaniya ola bilmərik, amma heç olmasa, insan haqlarının durumu, yaşayış səviyyəsinə görə qonşu Baltikyanı ölkələrə çata bilərik. Yetər ki, böyük əksəriyyət doğma məmləkətin taleyinə biganə olmasın.

Gəzməyə də, ölməyə də qərib ölkə? Belə olmamalıydı axı…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (6 оценок, среднее: 8,50 из 10)
Oxunma sayı: 1994