Muəllif:

Avtoritar diktaturaya doğru

(4-cü məqalə)

Bir çoxları, mənim özüm də daxil olmaqla, bu gün Tramp fenomeni, siyasi populizm haqqında danışır, ağıllı mühakimələr yürüdürük. Əslində isə siyasi populistlərin təntənəsi yeni minilliyin ilk illərində Putin və Ərdoğanla başlayır.

Bu silsilə məgalələrin mövzusu Türkiyədir. Ona görə də Putindən deyil, Tükiyə prezidentindən danışacağıq.

Bir də onu qeyd etmək istəyirəm ki, məsələ mənim simpatiya və ya antipatiyalarımda deyil. Türkiyədə baş verən proseslərə neytral təngidi araşdırmaların mövcudluğu Azərbaycan üçün çox vacibdir. Yalnız ona görə yox ki, söhbət qardaş Türkiyədən gedir. Daha vacibi odur ki, Türkiyə Azərbaycanın xarici siyasi xəttinin müəyyənləşdirilməsinə təsir göstərən ən ciddi amillərdən biridir.

“PLEBEYLƏRİN” SULTANI

Türkiyədə islamçı hərəkatın tarixi, inkişaf mərhələləri haqqında az-çox məlumatı olanlar çox gözəl bilirlər ki, din — dövlət münasibətlərinin ən ağrılı məqamlarında belə islami hərəkatın liderləri həmişə vahid türk elitasının ayrılmaz tərkib hissəsi olublar. Təsadüfi deyil ki, dindarlığı ilə o qədər də fərqlənməyən Osmanlı sultanları xəlifə titulunu qəbul etmişdilər.

Əslində bu yalnız Türkiyəyə deyil, bütün böyük imperiyalara xas olan bir xüsusiyyətdir. Böyük imperiyalarda din həmişə imperiya maraqlarının xidmətində olub. Hətta ateist Sovetlər İmperiyasında belə.

Türkiyə, Rusiya, Böyük Britaniya kimi dövlətlərdə İmperiya maraqları din — dövlət münasibətlərinin nizamlamasında həmişə həlledici amil rolunu oynayıb. Bu cür imperiyalarda dinin orta və uzunmüddətli perspektivdə aparıcı müxalifət institutu kimi çıxış etməsi qeyri-mümkündür.
Dini liderlərin hakim elitanın tərkib hissəsinə çevrilməsi onları necə deyərlər, populizmə meylli “qara camaatdan” uzaqlaşdırır. Burada Cəlil Məmmədquluzədənin “Anamın kitabı” dramını yada salmağa dəyər. Elita ilə kütlənin fərqli lüğət tərkibinə, fərqli dəyərlər sisteminə malik olması adi haldır. Amma kütlə ilə elita arasındakı bu uçurum keçilməz olacaq qədər geniş və dərin olmamalıdır.

Türkiyədə islamçı hərəkatın liderləri ilə onların sosial bazasını təşkil edən dindar, mövhümatçı və əsasən azsavadlı və savadsız kütlə arasında belə bir uçurum vardı. Ərbəkan, Gül, Arınc, Davutoğlu – bu islamçı-intellektuallardan heç biri “qara camaatla” dil tapmaq iqidarında deyildi. İslamçı hərəkata kütlə ilə arasındakı uçurum üzərindən körpü sala biləcək bir lider lazım idi. İslamçı hərəkat belə bir lideri xarismatik və güclü siyasətçi olan, kütlənin içindən çıxmış Ərdəğanın simasında tapdı.

Bircə problem ondan ibarət idi ki, Ərdoğan elitanın təmsilçisi deyildi. O, “qara camaatın” yetirməsi idi. Ərdoğan “qara camaatın” qanına işləmiş bəsit toplamsal dəyərlərin daşıyıcısı idi. Ən yaxşı halda o Qədim Romadakı xalq tribunlarının vəzifəsini ifa edə bilərdi.

Xalq tribunları Qədim Romada plebeylərin arasından (e.ə. 494-cü ildən) seçilən vəzifəli şəxslər idilər. Onlar plebeylərin hüquqlarını müdafiə edir və onların xeyrinə qanunlar həyata keçirirdilər. Onlar magistrat və senatın qərarlarını ləğv etmək hüququna belə malik idilər. Tribunların şəxsiyyəti toxunulmaz və müqəddəs hesab edilirdi. İmperiya dövründə isə xalq tribunları əslində real əhəmiyyətlərini itirdilər.

Problem ondan ibarət idi ki, Ərdoğan özü imperatora, türklərin təbirincə desək, “Osmanlı sultanına” çevrilmək istəyən “xalq tribunu” idi. Bir düşünün, 1000 otaqdan ibarət yeni prezident sarayı Ərdoğanın nəyinə lazım idi?! Mətbəxlər və hamam otaqları da daxil olmaqla 160 otaq ABŞ prezidentinə bütün Dünyanı idarə etmək üçün kifayət edir. Ağ Evin miqyaslarının Amerika Birləşmiş Statlarının bir dövlət kimi Dünya hegemonluğuna heç bir təsiri yoxdur. Yəni onu demək istəyirəm ki, Ankaradakı yeni prezident sarayının ağlasığmaz miqyasları Türkiyənin beynəlxalq mövqelərini gücləndirmir.

“Plebeylərin” liderinin yeni “Osmanlı sultanına” çevrilməsi üçün son 700 il ərzində formalaşan ənənəvi Türkiyə elitası, necə deyərlər, “bir sinif” kimi məhv edilməli idi. Hakimiyyətdə olduğu 15 il ərzində Ərdoğan bu vəzifənin öhdəsindən demək olar ki, gəlib.

HAMI ORDUYA QARŞI

Ərdoğan ordudan başladı. Bunun bir çox səbəbləri vardı. Birincisi, unutmaq lazım deyil ki, köçəri tayfaların xalqa, millətə çevrilməsində “xalq-ordu” institutu aparıcı rol oynayır. Xalq özünü ordu ilə eyniləşdirir. Burada əli silah tutmaq iqtidarında olan hər kişi döyüşçüdür, əsgərdir.
Bu halda ordu ictimai-siyasi həyatı tənzimləyən əsas institut kimi dövlətdən əvvəl yaranır. Nəticədə, ilkin mərhələdə ordu dövlətin təşəkkülündə yeganə həlledici amilə çevrilir. Əslində Osmanlı ordunun yaratdığı dövlət idi. Ona görə də Türkiyədə ordu həmişə onun mövcudluğunun təminatçısı kimi çıxış edib və dövlət institutları arasında xüsusi toxunulmaz statusa malik olub. Cumhuriyyət dövrü, təəssüflər olsun ki, ordunun Türkiyə dövlət institutları sistemindəki statusunu, yerini və funksiyalarını dəyişmədi. Yaranan və yarana biləcək ziddiyyət və münaqişələrin tənzimlənməsi üçün haqqında yuxarıda danışdığımız yeni ideoloji doqmalara əsaslanan yeni mexanizmlər mənimsənilmədi. Ordu özünü Atatürk Cumhuriyyətinin demək olar ki, yeganə qarantı elan etdi.

Ordunun yerli-yersiz siyasətə müdaxilə etməsi, vaxtaşırı dövlət çevrilişləri həyata keçirməsi, sözsüz ki, həm ictimai narazılığa səbəb, həm də Türkiyənin müasir demokratik dövlətə çevrilməsinə mane olurdu. Ona görə də ardıcıl demokrat və liberalları ordunun müttəfiqləri sırasına aid etmək qeyri-mümkün idi.

İkincisi, ordu Türkiyənin dünyəvi dövlət olaraq qalmasının əsas qarantı idi. Ordu islami normaların zahiri təzahürlərinin belə qətiyyətlə əleyhinə çıxırdı. Dindarlar təbii və haqlı olaraq ordunun ictimai-siyasi həyata təsir imkanlarının məhdudlaşdırılmasında maraqlı idilər.
Üçüncüsü, kürdlər də ordunu bir nömrəli problem sayırdılar. Bir çox ölkələrdə ordu dövlətin terrorizmə və terroristlərə qarsı mübarizədə siyasətinin həyata keçirilməsində əsas alətlərdən biridir. Amma Türkiyədə ordu bu siyasəti müəyyənləşdirən əsas güc mərkəzi idi. Kürd terroruna qarşı mübarizədə siyasi iqtidar əksər hallarda hərbiçilərin iradəsinə tabe olurdu.

Kürd liderləri də sözsüz ki, ordunun mövqelərinin zəifləməsində maraqlı idilər. Və hal-hazırda nə qədər ağlasığmaz səslənsə də, demək olar ki, bu mübarizədə hətta Ocalan belə bir müddət Ərdoğanın müttəfiqi olmuşdu.

Və nəhayət, ordunun ciddi siyasi amil olaraq qalması Türkiyənin Qərbdəki tərəfdaşlarını da narahat edirdi.

Bütün yuxarıda sadalananlar Ərdoğana Türkiyə ordusuna qarşı mübarizədə liberallar, demokratlar, dindarlar (ilk növbədə nurçular), kürdlər və xarici tərəfdaşlardan ibarət geniş koalisiya yaratmağa imkan verdi.

Bu mübarizədə ordu məğlubiyyətə məhkum idi. Məsələ Ərdoğanın siyasi istedadında deyil. Nə qədər şərəfli olsa da, ordunun dövlət sistemindəki statusu Türkiyənin tarixi keçmişinin əks-sədası idi.

SULTANIN DOSTU OLMAZ

Özünü “Yeni Türkiyənin sultanı” statusunda təsdiq etmək üçün Ərdoğana islami hərəkatın ənənəvi türk elitasını təmsil edən liderlərindən can qurtarmaq, başqa sözlə desək, AKP rəhbərliyində “təmizlik” aparmaq, “nurçuları” məhv etmək zəruri idi. AKP-nin təsisçiləri olan islami intellektual elitanın nümayəndələri üçün Ərdoğan uzun müddət onlara “plebeylərin” səsini qazandıran populist kütlə lideri idi. Bu elita hesab edirdi ki, istədiyi vaxt Ərdoğanın əl-ayağını yığışdira bilər.

Ərdoğan onları qabaqladı. “Partiyadaxili demokratiyanın təntənəsi naminə” AKP nizamnaməsinə dəyişiklir edilməsinə nail oldu. Nəticədə, özü istisna olmaqla, AKP-nin bütün təsisçilərini, yəni islami hərəkatın tanınmış liderlərini “təqaüdə” göndərdi.

Növbəti mərhələdə müxalifət, ilk növbədə Ərdoğanın islami hərəkat daxilindəki opponentləri hərbi-siyasi, iqtisadi, siyasi, inzibati resurslardan məhrum edilməli idi. Başqa sözlə desək, Ərdoğan keşmiş müttəfiqlərini, yəni “nurçuları” və onların lideri Fətullah Güləni neytrallaşdırmalı idi. Əslində AKP-nin “cavanlaşdirilması və demokratikləşdirilməsi”, yəni hakim partiya rəhbərliyinin islami elitanın tanınmış nümayəndələrindən təmizlənməsi bu mərhələnin ilk addımı idi.

Ən maraqlısı ondan ibarətdir ki, həm Ərdoğanın hakimyyətə gətirilməsində, həm də Türkiyənin atatürkçü hərbi elitasının məhv edilməsində “nurçural” sözsüz ki, həlledici rol oynamışdilar. Əslində Ərdoğan bütün bunlara görə Gülənə minnətdar olmalı idi. Amma bu gün Ərdoğanın Güləndən böyük düşməni yoxdur. Sual meydana çıxır: nə üçün?

Birincisi, unutmaq lazım deyil ki, Turkiyədə “nurçular” siyasi islamın deyil, siyasi islam, ilk növbədə AKP və onun lideri Ərdoğan “nurçular” hərəkatının törəməsi idi. Bu amil özü-özlüyündə Gülənlə münasibətlərində Ərdoğan üçün diskomfort mənbəyi idi.

İkincisi, onu da unutmaq lazım deyil, ki keçən əsrin 80-90-cı illərindən başlayaraq “nurçular” siyasi islamın deyil, əksinə siyasi ilsam, yeni minilliyin əvvəllərindən başlayaraq məhz AKP və Ərdoğan “nurçuların” hərbi-siyasi, inzibati və ən əsası isə iqtisadi resurslarından istifadə edirdi. Söhbət yalnız “nurçuların” müxtəlif şirkətlər vasitəsilə idarə etdiyi on milyayrdlarla dollardan getmir. “Nurçuların” qeyri-məhdud maliyyə mənbələrinə malik olması, sözsüz ki, AKP-nin hakimiyyət uğrunda mübarizəsinin müvəffəqiyyətlə nəticələnməsində həlledici amillərdən biri idi. Amma yeganə amil deyildi.

Mahiyyətindən asılı olmayaraq, dünyəvi iqtidarların çox güclü basqısı ilə qarşılaşan Türkiyə və Misir islamçıları, yəni “nurçular” və “müsəlman qardaşları” hakimyyət uğrunda mübarizədə demək olar ki, eyni taktikanı seçdilər. Onlar ilkin mərhələdə hakimiyyət uğrunda birbaşa mübarizədən imtina etdilər və bütün güc və resurslarını iqtisadiyyat, təhsil, xeyriyyəçilikdə aparıcı mövqelərin qazanılmasına yönəltdilər. Nəticədə, çox sabit və sadiq tərəfdarlar və mütəxəssislər ordusu yaratdılar. Bu mütəxəssislər dövlət idarəçiliyi sisteminin bütün həlqələrində, xüsusilə də ordu, hüquq-mühafizə və məhkəmə orqanlarında yerləşdirildilər. “Müsəlman qardaşlarından” fərqli olaraq, Gülən hərəkatı öz fəaliyyət dairəsini yalnız Türkiyə, hətta müsəlman ölkələri ilə məhdudlaşdırmırdı. “Nurçuların” fəaliyyəti bütün dünyanı əhatə edirdi.

2002-ci ildə AKP hakimiyyətə gələndə bu ordu onun ixtiyarına verildi. Orduya və atatürkçü elitaya qarşı mübarizədə AKP-nin islamçı mütəxəsislərə artan ehtiyacını bu dövrdə yalnız “nurçular” ödəyə bilərdilər və ödəyirdilər də. Ona görə də 2002-2010-cu illər arasında “nurçuların” dövlət idarəçiliyindəki nüfuz dairələri daha da genişləndi.

Daha bir vacıb amili nəzərə almaq zəruridir. Qərbdə Türkiyədə siyasi islamın təmsilçilərinin hakimyyət iddialarına həmişə şübhə ilə yanaşıblar. Təsadüfi deyil ki, Ərdoğanın sələfi Ərbakanın hakimiyyətdən devrilməsi Qərbdə elə bir ciddi əks-reaksiya doğurmadı.
“Nurçular” və onların lideri Gülən Ərdoğana hakimiyyətinin ilk illərində Qərbin mütləq dəstəyini təmin etdi. Bunun da səbəbi vardı. Məsələ ondan ibarətdir ki, “nurçular” müsəlman dünyasında çox az rast gəlinən qərbyönlü islami hərəkatlardan biridir. Gülən Türkiyənin avroatlantik qurumlara tam inteqrasiyasının tərəfdarıdır.

Ona görə də demək olar ki, 2003-ci ildə hakimiyyətə Ərdoğan başda olmaqla AKP deyil, “nurçular” gəldilər. Ərdoğan Gülən iradəsinin rəsmi ifadəçisi və icraçısı olmalı idi. Belə bir idarəetmə sisteminin yaranması Gülənlə yaxınlıqlarını gizlətməyə belə lüzum görməyən islami hərəkatın AKP rəhbərliyindəki liderlərinin mütləq əksəriyyətini qane edirdi. Ərdoğandan başqa.

Amma Ərdoğan anlayırdı ki, “nurçuların” dəstəyi olmadan, hakimiyyətini möhkəmlədə, ənənəvi atakürkçü elitanı və ordunu neytrallaşdıra bilməyəcək. Bu Ərdoğan üçün məcburi ittifaq idi. Özünün dediyi kimi Ərdoğan Gülənə və onun tərəfdarlarına onlar nə istəsələr verirdi. Daha doğrusunu desək, vermək zorunda idi.

Bu zorən ittifaq təxminən 2012-ci ilə qədər davam etdi. Bundan sonra isə tərəflər arasında “soyuq müharibə” başladı. Bu “soyuq müharibə” gec-tez böyük faciə, tərəflərdən birinin məhvi ilə naticələnməli idi. Ən azından ona görə ki, “nurçular” çox geniş nüfuz dairəsinə və Türkiyə miqyaslarında tükənməz ehiyatlara malik idilər.

Bu faciə 2016-cı ilin yayında baş verdi. Məni bu mübarizənin formal nəticələri zərrə qədər də narahat etmir. Çünkü kimin qalib gəlməsinin elə bir önəmi yoxdur.

Amma yenə də bir pozitiv məqamı qeyd etmək istəyirəm. Son dövrlərə qədər Türkiyədə “dərin dövlətin” mövcudluğu haqqında çoxlu rəvayətlər gəzirdi. Bu rəvayətlərin gerçəkliyi haqqında dəqiq fikir söyləmək çox çətindir. Lakin bir həqiqət var ki, bütün pozitiv xüsusiyyətlərinə baxmayaraq, “nurçular” ənənəvi “dərin dövləti ” məhv edib, özləri onun yerini tutmaq istəyirdilər. Ərdoğan bu təhlükənin qarşısını aldı.

Amma yeni bir təhkükə yarandı. Problem, Türkiyənin yaxın gələcək üçün inkişaf perspektivlərini müəyyənləşdirən yeni ictimai-siyasi gerçəkliyin formalaşmasındadır: Türkiyədə avtoritar diktaturanın təşəkkülü təhlükəsi yaranıb. Türkiyə üçün ən böyük təhdid ondan ibarətdir ki, demokratik prosedurlar vasitəsi ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq imkanları, məncə, çox minimaldır.
Qarşıdakı seçkilər Türkiyə üçün bu baxımdan çox ciddi sınaq olacaq…

Bu haqda və Türkiyə olaylarının Azərbaycana təsiri haqqında növbəti 5-ci məqaləqə. Düşünürəm ki, bu məqalə ilə silsiləni bitirəcəyəm…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (6 оценок, среднее: 9,83 из 10)
Oxunma sayı: 633