Muəllif:

AMERİKA: DƏYƏRLƏRDƏN KAPRİZLƏRƏDƏK…

Media “qayda”ları ilə bir azacıq ziddiyyət təşkil etsə də və bizim millidən milli jurnalistikamızı gözdən sala bilsə də, sizə jurnalistika mətbəximizin çox kiçicik sirrini açacam: artıq yazılı mediada da prezidentlər V.Putini və R.T.Ərdoğanı tənqid etmək mümkün deyil, çünki bu iki şəxs Azərbaycanın çox böyük dostları sayılırlar.

Özəlliklə də qardaş Türkiyənin prezidentilə bağlı çox ciddi tabu mövcuddur: bəzi saytlarımızda hələki prezident V.Putini azacıq “məzəmmət” etmək mümkün olsa da, R.T.Ərdoğan tamam-kamal toxunulmaz bir şəxs hesab edilir.

Əlbəttə, əvvəlcə gərək onu da deyəm ki, bu yalnız və yalnız “yuxarı”ların qərarı və ya istəyilə ilə bağlı məsələ deyil, hərçənd, bu yasağın da onlardan gəldiyi şübhəsizdir, amma Türkiyə prezidentinə sidqi-ürəklə simpatiya bəsləyənlər də az deyil, baxmayaraq ki, bu bizim üçün çox qaranlıq bir məsələdir, çünki R.T.Ərdoğanın elə bir xidmətini xatırlaya bilmirik ki, onu digər Türkiyə liderlərindən ciddi bir şəkildə fərqləndirmiş olsun.

Şəxsən bizim bu siyasət adamına münasibətimiz son prezident seçkilərindən sonra tamamilə müəyyənləşib kristallaşdı: düşünürük ki, seçkini daha azad şəraitdə — fövqəladə rejimi götürərək də keçirmək olardı, hətta lazım idi də. Amma etmədilər və yalnız seçkidən sonra bu addım atıldı — fövqəladə rejim götürüldü.

Təbii ki, bizim seçkilə bağlı hansısa iradımız və yaxud da onun nəticələrinə kölgə sala biləcək faktlarımız yoxdur, dünya ölkələri, xüsusən də ki, yerli seçicilər onu necə qəbul edib qiymətləndirirsə, biz də elə edirik, amma şübhələr qəti tərk eləmir adamı və təkrar-təkrar özümüzə sual veririk ki, axı, fövqəladə rejim niyə aradan qaldırılmadı?

Üstəlik, yazının əvvəlindəcə qeyd etdiyimiz yasaqlara rəğmən biz özümüz zaman-zaman Ərdoğanın siyasətini təftiş etməyə çalışmışıq: onun guya regionda keçmiş Osmanlının nüfuzunu “bərpa etmək” istəyindən də yeri düşəndə yazmışıq, bu adamın ərəblərə olan xüsusi simpatiyasından da…

Amma indi sözümüz bunda deyil. Ondadır ki, şükr, axır ki, keşiş Branson məsələsi də bitdi, əks təqdirdə Türkiyənin öz müttəfiqlərilə  münasibətləri bir az da gərginləşə bilərdi.

ABŞ-ın öz vətəndaşlarının problemlərinə önəm verməsi bəlli haldır: dünyanın istənilən nöqtəsində bir ABŞ vətəndaşı ilə bağlı hər hansı bir problem və ya çətinlik yaşanırsa, Vaşinqton demək olar ki, bütün işlərini atıb məhz bu problemlə məşğul olur. Əlbəttə, Branson məsələsinin siyasi tərəfi də vardı; tezliklə ölkədə Konqresə seçkilər olacaq və azadlığa çıxmış rahib Branson D.Tramp üçün çox gözəl bir PR ola bilər. Üstəlik, belə deyilir ki, rahib Bransonun mənsub olduğu dini təşklat və ya icma yetərincə güclü bir institut sayılır və seçkilərdə də çox fəal iştirak edir.

İndi prinsipcə, bunların hamısı artıq arxada qalıb və rahib E.Branson vətəni ABŞ-dadır, R.T.Ərdoğan isə Türkiyədə hakimiyyətdədir; bundan sonra nələr olacaqdır, necə deyərlər, Vaşinqtonla Ankara arasında hansı sular axacaqdır – bunu demək çox çətin məsələ…

Əlbəttə ki, biz Türkiyənin ABŞ və bəzi Avropa ölkələrilə yaşadığı problemlərin hamısını R.T.Ərdoğanın aktivinə yazmaq istəməzdik, hətta yazmırıq da — D.Trampın özünün ABŞ üçün problem yaratmaq sarıdan çox böyük istedadı var.

Amma bilmək lazımdır ki, Tramp əbədi deyil, hətta ola bilsin, elə bu payız o, ABŞ seçicisinin ciddi təpkisini alacaq, çünki indidən deyilir ki, sorğular demokratların daha populyar olduğunu deməyə əsas verir. Söz yox ki, sorğu hələ seçki demək deyildir və son prezident seçkilərində də onlar indiki kimi böyük ümidlər verirdilər.

Fəqət, bütün hallarda Tramp səkkiz ildən artıq Ağ Evi məşğul etməyəcək və hətta ola bilsin, bir az da tez, artıq növbəti seçkidən sonra onu boşaltmalı olacaqdır. Ona görə də ABŞ-la siyasəti tək Tramp amili üzərində qurmaq düzgün deyil – bir daha deyirik ki, Tramp əbədi deyil və maksimum halda, Ağ Evi beş-altı il məşğul edəcək. Ona görə də heç istəməzdik ki, Türkiyə ABŞ-a münasibətində bəzi “izqoy” rejimlərlə bir cərgədə dayansın.

Eləcə də çox yaxşı olardı ki, Vaşinqton da özünün geosiyasi ambisiyalarına bu qədər çılpaq bir forma verməsin, çünki insanlar illərlə “Amerika dəyərləri” kimi ifadələrə alışıbdır, indisə onların yerini “Amerika kaprizləri” kimi deyimlər tutur ki, bu da heç halda ürəkaçan  bir məsələ deyil, üstəlik həm də təhlükəlidir.

Hər halda, amerikalı diplomatlar bunu bilməmiş olmazlar. Diplomatiyanın köhnə bir qaydası var: o, təkcə diqtə etmək yox, həm də özün haqqında xoş təəssürat və müsbət rəy yaratmaq sənətidir.

Dünyaya hakim olmanın siyasi, diplomatik və hərb yolundan savayı başqa bir etibarlı və uzunmüddətli yolu da var: o, da ürəkləri zəbt etmək, ürəkləri tutmaqdır.

Birinci soyuq savaşda qələbə həm də buna görə belə asan, qansız-qadasız mümkün oldu. Əks təqdirdə “xəmir çox su aparardı” – inanın ki, belədir…

Əlbəttə ki, bu illər ərzində hər birimiz Amerika və onun siyasəti haqqında xeyli oxumuşuq. Amma mənim yadımda daha çox iki kitab qalıbdır: Z.Bjezinskinin və H.Kissincerin kitabları. Biri yeni geostrategiya haqda idi və Dünyaya yeni dövrün – ABŞ hegemonluğu dövrünün gəlişini müjdələyirdi. Digəri isə prinsiplər haqqında, bəli, yeni Dünyanı və yeni münasibətləri qurmağın prinsipləri haqqında idi. Bunlar iki çağırış idi – həm amerikalılar və həm də bizim üçün.

Hansını seçək?..

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 6,00 из 10)
Oxunma sayı: 40