Muəllif:

ALTERNATİV ASİYA VƏ YA BİZİ ASİYADA GÖZLƏYİRLƏRMİ?..

“Mao Çini ayağa qaldırdı, Den onu varlı etdi, Si isə Çinə güc verdi”. Bəli, Çin prezidenti Si Tszinpinin əməlli-başlı kultunun yaradılmasına və onun ətrafında “böyük rəhbər” mifi formalaşdırılmasına hələ bir neçə il öncə başlanılsa da, ölkədə konstitusiyaya dəyişiklikləri ediləcəyi haqda xəbəri oxuyanda yenə də düşündük ki, görünür, siyasi iqlimin bir az yumşaldılması, siyasi azadlıqları iqtisadi azadlıqlar səviyyəsinə olmasa da, hər halda, indikilə müqayisədə nisbətən yüksək səviyyəyə qaldırmaq üçün addımlar atılacaq, çünki on illərdir ki, hamı bu ölkədəki iqtisadi islahatların davamınca təkpartiyalı və avtoritar siyasi sistemin özünün də ciddi şəkildə transformasiya olunmasını gözləyir.

Amma yox, məlum olur ki, burada da tamam başqa küləklər əsir, Çin prezidenti də “uzunömürlü siyasilər” cərgəsinə qoşulmaq niyyətindədir.

Əslində bu xəbər azərbaycanlı oxucunu ciddi şəkildə cəlb edəcək bir xəbər deyil, hərçənd, cəmi dünyada olduğu kimi Azərbcaynda da “səmaaltı imperiya” ilə bağlı xəbərlər və şərhlər maraqla izlənir.

Hələ onu demirik ki, neçə illərdir, Azərbaycan da Çinin cəlb ediləcəyi çox nəhəng bir geoiqtisadi layihənin – “ipək yolu”nun reallaşdırılması üçün ən çox “tər tökən” ölkələrdən biridir və hətta ötən il Bakı — Tbilisi — Qars dəmiryolu xətti istifadəyə verilərkən belə fikir formalaşdı ki, artıq “ipək yolu” haqqında tarixi aspektdə yox, bir geo-futuroloji layihə kimi deyil, bir gerçəklik, tamam rentabelli layihə kimi danışmağın vaxtıdır.

Amma bizi Çini xatırlamağa, Asiya mövzusuna müraciət etməyə vadar edən səbəblər hətta bunlar da deyil.

Sadəcə, Azərbaycanın dünyadakı real geosiyasi arxitekturalara maraqlı münasibəti yaranıb. Böyrümüzdəki ən yaxın geosiyasi qütblərdən birinin — Rusiyanın layihələrinə qoşulmuruq, nə KTMT-nın, nə də ki, Avrasiya İttifaqının üzvüyük, çünki müstəqilliyimizi və suverenliyimizi təkrar məhdudlaşdırmaq istəmirik.

Bununla belə, Moskvanın geosiyasi maraqları və tabuları ilə hesablaşmağa məcburuq, məhz bunun nəticəsidir ki, digər real və güclü geosiyasi qütblə — Qərblə də münasibətlərimizə sərhəd qoymuşuq və bu mərkəzlə münasibətlərimizi Kremli hiddətləndirməyəcək səviyyəyədək inkişaf etdiririk. Hərçənd ki, bu həddi müəyyən edən səbəblər yalnız və yalnız Kremlin maraqları deyil.

Avrointeqrasiya prosesinin ləngliyi, Qərbin keçmiş Baltik respublikalarından savayı qalan sovet respublikalarına hələki real zəmanətlər verə bilməməsi və təbii ki, bizim hakimiyyətimizin özünün spesifik maraqları da Qərbə qarşı soyuq münasibəti şərtləndirən ən əsas səbəblər cərgəsinə yazılmaq gücündədir. Amma sırf geosiyasi prizmadan yanaşanda təbii ki, real təhdid Rusiyanın mümkün təzyiq və təpkiləridir.

Buna görə də bizim Rusiya siyasətimizi yığcam şəkildə belə ifadə etmək olardı: Kremlı qıcıqlandırmamaq…

Amma qeyri-müəyyənlik və eləcə də real geosiyasi təminatların olmaması elə bir məsələdir ki, düşünən insanları daim axtarışlara sövq edir. İnsanlar yeri gələndə özləri də hansısa yeni geosiyasi formatlar, düsturlar və ya alyanslar təklif etməkdən çəkinmirlər: diqqətlər gah türk, gah islam dünyasına, gah da bütün Asiyaya yönəlir…

Məsələn, elə bu yaxınlarda maraqlı bir təklif səsləndi: Asiya Birliyi ideyası ilə çıxış etmək. Amma təəssüf ki, bu cür təkliflər səsləndirərkən insanlarımız bir neçə amili nəzərə almırlar.

Ən birincisi, istənilən geosiyasi alyansın yaranması üçün ciddi amillər olmalıdır, yeni konfiqurasiyaya cəlb edilməsi nəzərdə tutulan ölkələr də bunda həqiqətən də maraqlı olmalıdırlar.

İkincisi, bir sıra parametrlər — hərbi güc, iqtisadi və texnoloji inkişaf səviyyəsi, demoqrafik göstəricilər, təbii resurslar mühüm amillərdir və əgər bunlar yoxdursa, formalaşacaq geosiyasi arxitektura heç bir halda reallaşa bilməyəcək və “havadan asılı” qalacaqdır.

Üçüncüsü, bütün bu amillərdən savayı ortada məntiqli bir siyasi fəlsəfə olmalıdır ki, o, ölkələri real addımlara təhrik edə bilsin.

Beləcə götürəndə, indiyədək elə Asiyanın özündə azmı birliklər, koalisiyalar və alyanslar yaranıb? Məsələn, Rusiya əvvəl “Şanxay beşliyi”ni yaratdı və bir sıra ölkələr buna maraq göstərdilər. Amma nəticəsi nə oldu? Və yaxud bunun ardınca Avrasiya İttifaqı formalaşdı. Bəs bu nə verdi? Artıq demək olar ki, nəinki Mərkəzi Asiya ölkələri, hətta Moskvanın dili-qolu bağlı nökəri Ermənistan da başa düşür ki, bu strukturun heç bir real perspektivi yoxdur.

Səbəbi də budur ki, birincisi, Rusiyanın sovet çağlarından fərqli olaraq böyük geoiqtisadi və geosiyasi layihərin mühərriyi olmaq gücü yoxdur. İkincisi də, masa üstündə bayaq dediyimiz siyasi fəlsəfə yoxdur.

Məsələn, ölkələr Şanxay təşkilatında və yaxud Avrasiya İttifaqında niyə cəmləşməli, niyə özlərini bu təşkilatla bağlamalıdırlar?

Təkcə ona görəmi ki, Kreml daim Qərb tərəfindən özünə qarşı təzyiq hiss edir və bunun qarşısında duruş gətirmək üçün də ətrafında müxtəlif “örtük”lər formalaşdırmağa cəhd edir?.. Axı Qərb amili digər ölkələrçün bu qədər aktual deyildir, onlar Rusiyanın az qala, “xortdan” kimi təqdim etdiyi Qərblə də tamam normal münasibətlər qura bilirlər.

Qərəz, bütün bunlara görə, bir sıra alyanslar alınmır, çünki bir daha deyirik ki, ortada məntiqli siyasi fəlsəfə yoxdur. Üstəlik, diqqətimiz Asiya səmtindədirsə, burada da mürəkkəb proseslər gedir. Məsələn, hələ bir neçə il bundan əvvəl Yaponiyanın baş naziri Sindzo Abe “dördtərəfli alyans” ideyasını irəli sürmüşdü: konsepsiyaya görə Yaponiya (Asiyanın ən demokratik ölkəsi kimi), Hindistan (ən çox əhalisi olan ölkə kimi) və Avstraliya (böyük ərazili ölkə kimi) ABŞ-la birləşərək böyük Asiya alyansı yaratmalıdır.

Göründüyü kimi, Asiyada da çox mürəkkəb proseslər gedir. Artıq buradakı ölkələr də demokratiyanın fərqində olanlara və olmayanlara bölünürlər…

Bir daha özümüzə qayıtsaq, bizim geosiyasi cabalarımızın başqa səbəbləri də var. Bir səbəbi yenə də odur ki, qonşumuz Rusiya hələki dünyada yerini tapmayıb və belə vəziyyət təkcə onun özü üçün deyil, elə bizim üçün də az problemlər yaratmır. Bəzən bizə elə gəlir ki, “ikibaşlı qartal” təkcə Rusiyanın geosiyasi ambisiyalarının ifadəsi deyil, həm də əsrlər boyunca rus ictimai-siyasi düşüncəsində çözümünü tapmamış dərin bir metafizik qeyri-müəyyənliyin ifadəsidir.

Amma bir az əvvəldə dediyimiz kimi, hər şeyi Rusiya ilə bağlamaq da düzgün deyil. Problemimizin biri də budur ki, siyasi fəlsəfə ilə bağlı ciddi çatışmazlığımız var. Bu müstəvidə hələ müəyyənləşməmişik, daha doğrusu, ölkə və dövlət olaraq müəyyənləşməmişik; hakimiyyət olaraq bizim üçün hər şey aydındır, nə istədiyimizi gözəl bilirik, amma bax, bir ölkə olaraq…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 101