Muəllif:

Allahın biri vardı, biri yox…

Sovetdənqalma adamların çoxunun yadında olar: orta məktəbdə bizə allahın olmadığını, yoxluğunu öyrədirdilər. Başa sala bilməsələr də, öyrədirdilər. Sanki əvvəl varmış, sonradan, məsələn, Sovet hakimiyyəti qurulandan sonra yox olub. Əvvəldən olmasaydı, heç o haqda danışmazdılar. Belə çıxırdı.

Evdə isə, məsələn, analarımız bizi ayrı cür tərbiyə eləyirdi. Özü də allahın köməyi ilə: kim yalan desə, allah onu öldürər, kim oğurluq etsə, kim çörəyi tapdasa, kim süfrə üstdən keçsə, kim böyüklərə hörmət etməsə, kim qıza-qadına əyri gözlə baxsa, kim haram tikə yesə və s…

Məktəbdə tam içdən, hətta qürurla, bir komsomolçu kimi allahın olmadığını deyirdik, evdə isə allahın yoxluğuna inanıb, varlığıyla yaşayırdıq. Ancaq heç ağılımıza da gəlmirdi ki, allah var, ya yox.

Həm sevirdik, həm qorxurduq. Yəni allah bizdən bir saniyə də aralı olmurdu. Olmayan allahla olan allah bambaşqa allahlar idi. Yox olanının yoxluğuna, var olanın varlığına zərrəcə şübhəmiz yoxuydu.

Müəllimlər özləri də eləydi. Seyid Mirtapı müəllim bizə məktəbdə öyrədirdi ki, allah, din puç və əfsanədir, məktəbdən kənarda isə hətta onu məktəbdə abırdan salan direktor üçün də «ağa»ydı o, peyğəmbər övladıydı, cəddi mübarəkdi, ağır seyiddi və vaxtı-vaxtında da nəzir-niyazı çatdırılırdı. Direktor onun dərs saatını kəsirdi, ama nəzirini kəsmirdi, qorxurdu allahdan.

…Bir dəfə nəğmə dərsində sinfin qapısı döyüldü. Direktor başda olmaqla rayondan gələn yoxlamalar sinfə girdi. Çox acıqlıydılar nəsə. Kitabdakı allah kimi. Məhərrəmlik ayıydı. Ələm gəzdirən oğlan da bizimlə oxuyurdu. Yoxlamalar bircə sual verib, uşaqlardan bircə-bircə cavab aldılar, sonra çıxıb getdilər. Deyəsən məktəbə də elə bu bir məsələ üçün gəlmişdilər. Yoxlamaq istəyirdilər ki, bu məktəbdə allah var, yoxsa yox. Arxayın olandan sonra getdilər. Ancaq bərk-bərk tapşırdılar ki, birdən bilməzsiz məscidə-zada gedərsiz a! Direktor açıq-aydın dedi: “Məscidə gedənin, aşura məclislərinə qatılanların dədəsini belinə sarıyaram”.

Yoxlamanın gəlməsinə çox sevinmişdik. Nəğmə müəllimimizin nə ibtidai olsa belə, musiqi təhsili vardı, nə hansısa alətdə çala bilirdi. Heç bildiyi bir mahnı da yoxdu. Dərsimiz də bundan ibarətdi: nəğmə kitabında olan mahnı sözlərini əzbərləyib şeir kimi müəllimə danışmaq, qiymət almaq. Ədəbiyyat dərsindəki şeirlər bəs etmirdi, bu da bir yandan boğazımıza çökmüşdü. Acığımdan ədəbiyyat kitablarındakı üzü təmiz qırxılmış sovet şairlərinə, illah da uzun şeir yazanlara bığ-saqqal çəkirdim.

Biz belə böyüdüldük, belə böyüdük. Öyrəndiyimiz mahnıların sözləri vardı, musiqisi yox. Allah da eləcə — sözü-söhbəti vardı, özü yox. Allahın adıyla tərbiyə alıb, ondan bir dəqiqə ayrılmadan yox olduğuna bütün səmimiyyətimizlə inanırdıq.

O çağlar bizə nəinki allahın yoxluğunu öyrətdi, əksinə, bizi ikiallahlı elədi. Bir şeyi eyni anda həm həqiqət, həm yalan saymağı öyrəndik. Bəlkə də biz Lütfizadədən qabaq kəşf etdik qeyri-səlis məntiqi. Bəlkə elə Lütfizadə özü də 16 yaşına kimi təhsil aldığı sovet məktəbində tutmuşdu məsələni. Bizim nəsil qeyri-səlis məntiqi bilməyə-bilməyə onun prinsipləriylə yaşadı, həyata baxdı. Həm inqilabçı olduq, həm inqilabın gərəksizliyini bildik. Səsimizi birinə verdik, sevgimizi birinə. Sevmədiyimizlə ailə qurduq, sevdiyimizi onu sevməyənlərə verdik…

Biz iki – olan və olmayan allahla daha azad, daha xoşbəxt olsaq da, yolumuzu seçə bilmədik. Yolayrıcında qaldıq. Ayağımızın birini yolun birinə, birini o birinə qoyduq.

Ama bizi şikəst böyüdən o çağda yaşamaq daha rahatdı. Onda allah da daha həlim idi. Onun sözünü bizə Qumdan gələn əbalı-əmmaməli cıqqılı mollalar yox, anamız çatdırırdı. Onda o Allah da ana kimiydi, iki ayağını bir başmağa dirəyib yaxamızdan yapışmırdı ki, mövqeyinizi bildirin:“Mən varam, ya yox?!.”

Bəzən düşünürəm ki, ibtidai insan təfəkkürü daha demokratik olub. Allahları gen-bol yaradıb. Çoxpartiyalılıq kimi bir şey. Sonradan allahlar insanlarla əlbir olub bir-biriylə savaşıblar, savaşıblar, axırda da sayları gəlib birə çatıb.

Mərhum şair Faiq İsmayılovun bir şeiri vardı. Təxminən beləydi sözləri: “Nahaq yerə Allahı bir elədin, Məhəmməd peyğəmbər, biri eşitməyəndə o biri eşidərdi bizi…”

İnsanlıq inkişaf etdikcə, allahlar öldü, öldü, gəlib beləcə, birinin üstündə dayandı. Həm də doğmayan, törəməyən. Sonsuz. Qorxasan, biz bir az da inkişaf edək, o bir dənənin də başına bir iş gələ… Sonra neynərik? Başımıza haranın danışını tökərik?

Ancaq xristianlığa baxanda adamın ürəyinə bu qorxulu sualın qənşərində sərin su səpilir. Deyəsən axı xristian dünyasında elədi də. O bircə nüsxə allah ölüb, yerdə insan qalıb. İsa…

***

Məsələ ondaydı ki, sinfə yoxlama girdiyi o gün hamımızın biləyində qara şiltə vardı, çürüyüb töküləndə arzumuza çatacaqdıq. Sinif yoldaşımızın gəzdirdiyi ələmə bağlanmış qara parçadan cırıb götürmüşdük. Yoxlamalar da gördü bunu, ancaq heç kimə bir şey demədilər. Niyə? Çünki onların da iki allahı vardı. Biri işdəki, biri isə evlərindəki, həmişə üstlərində gəzdirdikləri allah.

O qara şiltələrsə hələ də bizim biləyimizdədi. Nə çürüyüb, nə düşüb. Görünmürsə, bu o demək deyil ki, yoxdu…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 145