Muəllif:

ALLAH, HEÇMİ DADINA BAXMADIN BUNUN?..

İslam dünyasının, Şərqin geridə qalmasının əsas səbəblərindən biri sorğulama yasağının olmasıdı. Lap başdan başlasaq, Allahın sorğu-sual edilməsinin, ondan nəsə izah istənilməsinin (rəmzi mənada təbii ki), “filan şeyi niyə belə etdin” sualının yasaqlanmasıdı.

Bu, islamdan əvvəl də olub islamı yaradan xalqlarda. Məhəmməd peyğəmbər özü Ərəbistanda çoxallahlılığı, bütləri sorğulamadımı? Sorğuladı. Nəticə nə oldu? Dağınıq ərəb tayfaları birləşib nəhəng imperiya yaratdılar. Bu, çağın öz siyasi inqilab formatı idi. Adı köhnə olan yeni allah, yeni din, yeni düzən yarandı. Gəlişdi, böyüdü, əndazədən çıxdı, köhnəldi və elə məhv oldu ki, bu gün belə özünə gələ bilmir. Adamlar daim nəsə “əsl islam” deyilən bir şeydən danışır, ancaq kimsə onun nə olduğunu bilmir…

Niyə?

Çünki bu yeni ideologiya sorğulamaya elə bir yasaq qoydu ki, tarix nə ondan əvvəl, nə ondan sonra beləsini görüb, yəqin ki, görməyəcək də. O ideologiya ki, “məni sorğulamaq günahdı” fəlsəfəsi ilə diktə edirsə, hökmlərini toxunulmaz sayırsa, o zaman belə deyirlər: başı sorğu-sualsız kəsmək… Yəni ya gözlərini yumub inanacaqsan, ya başın kəsiləcək. Çünki alternativ yoxdu! Təsəvvür eləyin, nə yaxşı ki, indi dövlətlərin 99 faizi teokratik deyil, hətta diktatura olan ölkələrdə belə, praktikada tətbiq edilməsə də, bir dünyəvi qanun, insan haqqı-filan var. Bir də var, şəriətin kəsdiyi başa sorğu-sual yoxdu: kəsilsin deyir, kəsilməlidi.

Nə isə.

Mən ərəb xalqlarının islamdansonrakı folkloruna bələd deyiləm. İslamaqədərkindən islamın təbliğatı sayəsində az-çox nəsə bilirik. Məsələn, Nəccar Azərin oğlu İbrahimin bütləri qırması:“Özünü qoruya bilməyən taxta parçası necə allah ola bilər” sorğulaması.

İslamdan sonrakı yazılı ədəbiyyat isə dinin özünü belə sorğulamalarla doludu, di gəl ki, necə deyərlər, Ezop dilində. Sonradan yaranan təriqətlərə də bu sorğulamanın kamuflyaj olunmuş təzahürü kimi baxmaq lazımdı. O təriqətlərdən ən azı biri — ən mütərəqqisi və humanizmə dayananı — hürufilik belə meydana gəlmişdi. Sufizm də Qəzalinin sorğulamanı kökündən yasaqlayan, elə islamın özünə balta vuran və islamın bütün inkişafameylli damarlarını kəsən ideyalarını bir yana atsaq, yeni baxış, yeni sorğulama idi.

Hürufizm də formaca mistikadı və biz bu yazıda onun realizmini müzakirə mövzusu etməkdən uzağıq. Ancaq bir şey var – bu, yeni yanaşmaydı, sorğulayırdı, üsyan edirdi, təbii ki, kökünü kəsməsəydilər, islam dünyası indi bu gündə olmazdı. Hürufizm bir növ islamın protestantlığı idi.

O aqibətdən sonra sorğulama rəsmən yasaqlanmış oldu. İnkişaf da rəsmən dayandı.

Bizə qalanda isə… türk xalqları son çağlara kimi öz sorğulamasından qalmayıb. Yəni bizim toplumumuzun bünövrəsində sorğulama var. Tanrı olsa belə, sorğulayıb, gücü çatdıqca Tanrının ətəyindən yapışıb, onu tənqid edib, cavab istəyib. Lakin az əvvəl yazdığım kimi, zaman-zaman sorğulama əngəllənib, üstü örtülüb, basdırılıb, yandırılan etiraz ruhunun külü altında qalıb.

Üç nümunəyə baxaq.

Orta çağ sorğulaması:

Bir gün uşaqlar şərikli qoz alırlar. Bölüşdürəndə mübahisələri düşür.

Axırda Mollanın yanına gəlirlər ki:

– Molla əmi, bu qozları bizim aramızda bölüşdür!

Molla soruşur:

– Allah bölgüsü istəyirsiniz, ya Molla Nəsrəddin bölgüsü?

Uşaqlar fikirləşirlər ki, hər halda allah bölgüsü daha yaxşı olar.

Ona görə də deyirlər:

– Əlbəttə, Allah bölgüsü.

Molla uşaqların birinə on qoz verir, birinə otuz beş qoz verir, birinə

yüz qoz verir, birinə altmış qoz verir, birinə beş qoz verir, birinə də heç

vermir. Uşaqlar məəttəl qalıb soruşurlar:

– Molla, bu necə bölgüdür? Bu heç düz olmadı.

Molla deyir:

– Allah bölgüsü belədi. Niyə, özünüz görmürsünüz ki, dövləti, malı

insanlar arasında necə bölüb? Yox, əgər Molla Nəsrəddin bölgüsü

istəsəniz, hərənizə otuz qoz düşər, otuz qoz da mənə çatar.

70-ci illərin Türkiyəsi:

30-40 il əvvəl Qara dənizdən Egenin Aydın bölgəsinə xeyli adam köçür. Gəlib məskunlaşırlar. Bağ-bağat salırlar. Qaradənizlilərin görmədiyi, tanımadığı meyvə ağacları əkirlər. Bir gün köçənlərdən biri məmləkətdə qalan bir qonşusunu Egeyə dəvət edir: “Gəl, gəz, buraları gör”, — deyir. Gecəni qalırlar, sabah qonağa öz bağını, meyvə ağaclarını göstərir. “Bax, bu əncirdir”, — deyir. Qaradənizli dərib birini yeyir. Ləzzət edir.

— Bu üzümdür… – deyir yeni egeli, qonaq dadına baxır, xoşuna gəlir.

Başqa birini göstərir: — Bu isə zeytundur…

— Həəə, bildim, — adam sevincək deyir, — allah bundan öz kitabında da bəhs edib, qoy bir dərim, dadına baxım o müqəddəs meyvənin. Yəqin çox gözəldir! – Bundan hətta bir neçəsini dərir, dişinə vurur. Bir-ikisini dişləyib, tez atır, çünki çox acıdır. Deyir ki, ey rəbbim, ya rəbbim, sən ki bunu kəlami–qədəmində öyəndə heçmi dadına baxmamışdın?..

70-ci illərin Azərbaycanı. Olmuş hadisə.

Bir kişi çay daşından tikilmiş kasıb evinin hələ üstü örtülməmiş otağına keçir, üzünü göyə tutub əllərini açır, yalvarır:“Ay allahım, nolar, mənə bir az pul yetir, axı balalarım acından ölür, çarəsizəm, səninçün nə çətin şeydi ki?”. Hər gün beləcə gəlib dua eləyir, yalvarır. Ancaq allahdan səs çıxmır, bunu görəndə bir gün yenə gəlir, “Allah, madam ki, mənə ruzi yetirmədin, onda bir daş sal başıma, ölüm, canım qurtarsın”, — deyir. Elə bu vaxt pişik yuxarıdan keçirmiş, söz kişinin ağzından çıxan kimi pişiyin ayağının altından bir daş düşüb gəlir, kişi pişiyi görməsə də, daşı görür, tez yana çəkilir: “Bax hələ, illərdi pul istəyirəm, vermirsən, daşı bir dəfə istədim, nə tez də saldın ee…”.

Bu sorğulama, sorğu-sual çox gözəldi, gərəklidi, insanı manqurt olmaqdan xilas edir. Məgər allah bir sorğulamadan küsəcəkmi, taxtından düşəcəkmi, ey yasaq qoyanlar? Ancaq əvəzində insan şüuru daim diri olacaq, cəhalətə uymayacaq, işıq yolu axtaracaq.

Bu tip sorğulamaların yasaqlanması ora gətirib ki, indi biz bilmirik kimdən yazaq, kimi tənqid edək? Bunun siyasətçisini tənqid etmək olmaz, yazıçı-şairini olmaz, polisini olmaz, tarixi şəxsiyyətini olmaz, dini olmaz, mollanı olmaz, arvadı olmaz, kişini olmaz, müdiri olmaz… Olmaz, olmaz, olmaz ki, olmaz!!!

Bəs biz nə yazaq ki, allaha da, bəndəyə də xoş getsin? Nəticədə bu əngəlləmə, yasaqlama allahdan JEK müdirinəcən səviyyəsiz məqama enib. İnsanın əli-qolu, dili-ağzı bu qədər qandallanıb yəni. Heç kimdən, heç nədən yaza bilməmək ona səbəb olub ki, biz indi təzə xətdən, təzə abzasdan yenə sorğulamaq üçün Allaha qayıdırıq.

Allah köməyimiz olsun…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (6 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 133