Muəllif:

ABŞ-LA TÜRKİYƏ ARASINDAKI SOYUQ KÜLƏKLƏR HARA İSTİQAMƏTLƏNİB?

ABŞ rəsmiləri “İncirlik” hərbi bazası ətrafındakı söz-söhbəti tamam inkar etsələr də məsələ ətrafındakı müzakirələr davam etməkdə və yeni ehtimallar meydana çıxmaqdadır – hələ də bir çoxları iddia edir ki, hərbi baza ya bağlanacaq, ya da onun fəaliyyəti məhdudlaşdırılacaqdır.

Bu cür ehtimalların davamlı olmasının bir əsas səbəbi də budur ki, Ankaranın öz geosiyasi orientasiyasını dəyişəcəyi, hətta NATO-nu tərk edəcəyilə bağlı proqnozlar əvvəllər də dəfələrlə səslənib. Bu mövzuda xüsusən rusiyalı siyasətçilər və politoloqlar çıxış etməyi daha çox sevir.

Hələ ötən il məsələ ilə bağlı V.Jirinovski demişdi ki, Türkiyə yaxın vaxtlarda Şimali Atlantika Blokunu tərk edəcək. Eyni məzmunlu açıqlama ilə Kremlin bu gün ən nüfuzlu ideoloqlarından biri A.Duqin də çıxış etmişdi və onların hər ikisi bu xüsusda Türkiyə siyasi elitasının ən birinci şəxslərinə istinad etmişdi.

Normal bir ölkədə, yetkin bir demokratik cəmiyyətdə bu açıqlamalarla bağlı hökumətdən və prezidentdən dərhal izahat tələb edərdilər, çünki məsələ bilavasitə ölkənin milli təhlükəsizliyilə, onun geosiyasi seçimi ilə bağlıdır. Amma Türkiyə hələki yüksək demokratiyasıyla öyünə biləcək ölkə deyil – xüsusən də son vaxtlar burada hamının əvəzinə prezident Ərdoğan özü danışır, necə deyərlər, soruşan da odur, cavab verən də…

Bilavasitə ABŞ-la münasibətlərə gəldikdə isə, ilk soyuqlaşma hələ B.Obama vaxtından müşahidə olunmağa başlamışdı. B.Obamanın R.T. Ərdoğan haqda dediyi sözlər hələ də yadımızdadır:“O yaxşı müsəlman idi”…

İndilik üçün isə birmənalı şəkildə demək olar ki, artıq Ərdoğanın adı ABŞ-ın “yaxşı müsəlmanlar” siyahısında hallanmır, okeanın o biri tərəfi üçün “yaxşı müsəlman” rolunu hazırda F.Gülən oynayır.

Elə siyasi təhlilçilərin böyük bir qismi də iki ölkə arasındakı soyuqlaşmanın səbəblərini daha çox bu müstəvidə arayırlar: iki il öncə Türkiyədə baş verən dövlət çevrilişi cəhdi, bundan sonra Gülənin təhvil verilməməsi Ankara ilə Vaşinqton arasındakı münasibətləri bir az da soyutdu.

Amma məsələ tək Gülənlə bağlı deyil. Belə bir səbəb də göstərilir ki, artıq ABŞ-ın Yaxın Şərqdəki əsas hərbi müttəfiqi və NATO üzvü statusu ilə çərçivələnən geosiyasi sərhədlər Türkiyəyə dar gəlir, ölkə çevrəsini bir az da genişləndirməyə, daha çox müstəqil olmağa can atır. Amma bu kontekstdə başqa amili də qeyd etmək gərəkir.

Avropanın Ankaraya qarşı soyuq münasibəti, onu illərcə Avropa Birliyinin kandarında saxlaması, hətta NATO daxilindəki qeyri-səmimi münasibətlər yerli mühafizəkarların¸ ən əsas da dinçi və milliyətçi siyasi qüvvələrin mövqelərini gücləndirməli idi, elə “R.T.Ərdoğan fenomeni” də qismən bundan qaynaqlandı. Sözsüz ki, buna Türkiyənin daxili siyasi spesifikası da təsir etdi – Türkiyə daha çox əyalət ölkəsidir və burada bir çox modern siyasi dəyərlər olsa-olsa İstanbul və Ankara kimi şəhərlərdə dəstək tapa bilər, qalan hissələr isə tipik Şərq əyalətləridir.

Ən maraqlı tərəfi isə budur ki, Vaşinqton Ankaraya baxanda daha təmkinli görünür, məsələn, ABŞ siyasətçiləri, diplomatları Ərdoğandan fərqli olaraq hələki öz siyasi ritorikalarına sərhəd qoyurlar. Elə digər bir müstəvidə də — regional geosiyasi müstəvidə də ABŞ daha təmkinli və ya anlaşıqlı görünməyə cəhd edir.

Bir baxın, ABŞ İraq kürdlərinin referendumuna dəstək vermədi, müəyyən iradlar olsa da, Ankaranın Afrindəki əməliyyatlarına mane olmadı və bütün bu məsələlərdə bir daha deyirik ki, təmkinini saxlamağa çalışdı və hətta son bir neçə ildə Ərdoğanı Vaşinqtonun regiondakı daha bir müttəfiqinə — İsrailə qarşı apardığı siyasətə görə qınamadı, hətta Qüds məsələsilə bağlı Ərdoğan müsəlman ölkələrini “səfərbər” edəndə belə bu xüsusda hər hansı sərt açıqlama vermədi.

Kremllə sıx münasibətlər də ABŞ-ı çox qıcıqlandıra bilərdi, baxmayaraq ki, bu müstəvidə Vaşinqtonun özü də hələ tamam müəyyənləşməyib.
Bir sözlə, qapıları çırpmağa əsas verəcək səbəblər o qədər də çox deyil və indiki siyasi müstəvidə elə də qabarıq görünmür. Bəli, regiondakı “kürd məsələsi”nə baxışlar fərqlidir, özü də bu fərqlər son illərdə təzahür etməyib, hələ İraqla birinci müharibə zamanı meydana çıxıbdır.

İstək olsa, bunun da çözümünü tapmaq olar. Hələki ABŞ Ankara ilə əməkdaşlığa daha çox önəm verir, nəinki özünün “kürd projesi”nə. Çox təəssüf ki, problemlərin belə düyünlü xarakter almasında R.T.Ərdoğanın da “xidmətləri” az deyil.

Ümumiyyətlə, qardaş Türkiyənin son illərdə yürütdüyü xarici siyasətə nəzər yetirəndə, onun geosiyasi cabalarını daha diqqətlə izləyəndə başa düşmək olmur ki, bütün bunlar Türkiyə üçündür, yoxsa Ərdoğanın özü üçün?!.

Hələ R.T.Ərdoğanın ölkə içrə yürütdüyü siyasəti heç nəzərə almırıq. Türkiyə son illərdə çox avtoritarlaşıbdır, müxtəlif bəhanələrlə, müxtəlif adlar altında ölkənin demokratik təsisatlarına basqılar edilir, insanlar elə bir ciddi əsaslar olmadan təzyiqlərə məruz qalırlar.
Sözsüz, müasir Dünya nizamında insan haqları və demokratiya məsələləri də bir geosiyasi alət kimi çıxış edir. Amma bununla belə, hansı kontekstdə və hansı mənada deyilməsindən asılı olmayaraq Avropa ölkələrinin, ABŞ-ın və müxtəlif beynəlxalq təsisatların Türkiyədə demokratiyanın vəziyyətilə bağlı iradları tamam əsassız da deyil və bir çox hallarda hətta haqlıdır.

Hal-hazırda ABŞ siyasətində yenidən dönüş anı yaranıb. Təbii, söhbət dövlət katibi R.Tillersonun istefasından sonra yaranacaq vəziyyədən gedir. Ən çox problem yaradan məqamlardan biri də budur ki, Trampın hakimiyyətə gəlişilə ABŞ-ın özünün xarici siyasətində xeyli bir dərəcədə qeyri-müəyyənliklər və sual doğura biləcək məqamlar meydana çıxıbdır.

Ölkə xarici siyasət institutunda daha bir dəyişiklik etdi: biznesmen getdi və kəşfiyyatçı gəldi. Bu, xarici siyasətdə hansı dəyişikliklər vəd edir? Ən əsası da Türkiyə-ABŞ müstəvisində nələr olacaqdır? Ümid edirik, yaxın vaxtlarda bu suallara da qismən aydınlıq gələcək…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 847