Muəllif:

75 mindən baha olan cəsarət…

Noyabrın əvvəllərində “Mançester Yunayted” futbol klubunun serb yarımmüdafiəçisi Nemanya Matiç “Bornmut”la oyunda komandanın geyimindən imtina eləyəndə hamını təəccübləndirmişdi. Matiç NATO missiyasında iştirak eləmiş britaniyalı əsgərlərin şərəfinə futbol köynəyinə taxılmış laləyə görə belə davranmışdı, səbəbini də gizlətməmişdi:“Siz mənim ölkəmi bombalamısınız…”

Matiç dünənin, srağagünün futbolçusu deyil, neçə illərdir Avropa klublarında forma geyinir. “Çelsi”də, “Benfika”da oynayıb, üstəlik, Serbiya milli komandasında müxtəlif beynəlxalq yarışlarda 50-yə qədər oyun keçirib. Matiç “Mançester Yunayted”ə keçən il gəlib, başını aşağı salıb hər oyuna 75 min funt sterlinqini rahatca ala da bilər. Amma milli qürur Nemanyaya sakit dayanmağa imkan vermir. Matiç açıq bildirmişdi ki, əsgərlərin xatirəsini yad eləmək fikrində deyil, lazım gəlsə, klubu tərk eləyər:“Həmin əsgərlər 1999-cu ildə doğulduğum kəndi bombalayanda mənim 12 yaşım vardı. Həmin günü heç vaxt unutmayacağam…”

Başqa bir əhvalat. Bir neçə il əvvəl Fransa hökuməti gəlir vergisini artıranda buna ən çox etiraz edənlərdən biri Erik Kantona olmuşdu. Kantona – xarizmatik, elə o qədər də çılğın futbolçu. Fransız hücumçu çıxış eləyərək milyonlarla bank müştərisini şəxsi hesablardan depozit vəsaitini çıxarmağa çağırmışdı. Beləcə, Fransada bank sektoru iflic ola bilərdi. Qısa zamanda 30 milyon avroya qədər əmanət geri götürüldü. Hökumət təşvişə düşdü və qərar ertələndi. Kantonanın karyerasının son dövrləri idi. Çoxdandı kinematoqrafiyaya üz tutmaq istəyirdi. Fərdi planda belə çağırışa heç ehtiyac da yox idi. Amma zaman hökumətin qərarından ən çox əziyyət çəkəcək milyonlarla sıravi adamın yanında dayanmaq zamanıydı…

Əlbəttə, futbolçuların etirazının motivləri fərqlənir. Matiçə milli qürur məsələsi yer eləyib, Kantona isə hökumətin davranışını sosial ədalətsizlik aktı saymışdı. Amma hər ikisi inandığı dəyərləri müdafiə eləmişdi.

İndi gəlib məşhur oyunçuları bizim futbolçularla müqayisə eləməyin heç yeri yoxdur. Çünki bizdə, hətta bu hadisələrə yaxın gələn epizod da xatırlamaq mümkün deyil. Azərbaycanda futbolçular oliqarxların hesabına böyük pullar qazanır. Həm də layiq olmadığı pullar. Söhbət yüz minlərdən gedir. Buna görə də azərbaycanlı futbolçu hesab eləyir ki, güclünün yanında dayanmalıdır. Aşağı-yuxarı ölkədə futbol da yoxdur. Ölkə futbolu oliqarxların əyləncə predmetinə çevrilib. Burada futbolçunun vətəndaş mövqeyindən, hansısa dəyərlərin müdafiəsindən danışmaq da yersiz görünür.

Vətəndaş mövqeyi məsələsində futbolçular bir yana, bir çox hallarda ziyalı sayıb, hörmətə layiq gördüyümüz adamlar da bizi məyus edirlər. Yadınızdadırsa, bir neçə il öncə hökumətlə tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov arasında konflikt olanda onun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqıyla bağlı istintaq başladı. İstintaqa R.İbrahimbəyovla çox yaxşı münasibətləri olan, onun Kinematoqrafçılar İttifaqına gətirdiyi və 22 il bu qurumun üzvü olan xalq artisti Rasim Balayevi də çağırmışdılar. Bundan dərhal sonra R.Balayevin bir müraciəti oldu — Kinematoqrafçılar İttifaqından istefa verdiyini açıqladı. Yazırdı ki, “ziyalı gərək prezidentin yanında olsun…”

Bu mövqeyinə görə R.Balayevi xeyli qınayanlar oldu. O, qınaqlara beləcə də cavab vermişdi:“Mən qəhrəman deyiləm axı, qəhrəmanları oynamışam…”

Halbuki biz ondan Babək, Nəsimi olmağı gözləmirdik. Lənət şeytana, əvvəl-axır bu ölkədə ictimai obrazdan vətəndaş mövqeyi ummağa haqqımız var. Rasim Balayevin orta əsrlər sərkərdəsi olmadığını biz də bilirik. Babək kimi minlərlə düşməni qılıncdan keçirməyə ehtiyac da yoxdur. Yetər ki, elementar prinsiplərə xəyanət eləməyəsən. Həm də bir az bərkə düşən kimi yoldaşını ayağa verməmək prinsipinə…

Əvvəlcə bir məsələni özümüz üçün müəyyənləşdirməliyik. Ziyalı kimdir? Nədənsə bizə elə gəlir ki, hansısa elmi dərəcəsi olan, müəyyən rütbəyə çatmış adamlar ziyalı sayılır. Halbuki ziyalı cəmiyyətə işıq tutmalıdır. Ziyalı komformist olmamalıdır, öz mənafeyi üçün ədalətsizliyə göz yummamalıdır, faydalı olmağı bacarmalıdır. Yoxsa özünə yaxşı güzəran qurmaq üçün bütün dəyərləri tapdamağı o qədər adam bacarır… Belə adama biz niyə ziyalı deyək ki?!

Etirazın özü bir mədəniyyətdir. Bəsit ifadə ilə desək, o xalqlar ağ günə çıxıb ki, etiraz mədəniyyəti formalaşdırıb. Neçə aylardır şəhid ailələri Qarabağ döyüşlərində həlak olan yaxınlarına görə dövlətin ödəməli olduğu müavinəti, el dilində desək, “qanpulunu” ala bilmir. Buna görə hər həftənin çərşənbə axşamı müxtəlif dövlət orqanlarının, Prezident Adminstrasiyasının qarşısına toplaşıb etirazlarını bildirirlər. Ötən həftə həmin aksiyada atasının ölümünə görə ödəniləsi müavinəti tələb edən bir gənci həbs elədilər, ona 30 gün cəza verdilər. Qərardan verilən şikayətə baxılanda məhkəmənin önündə jurnalistlər yenə çəkiliş aparırdı. Həbs olunanın özünə və anasına dəstək məqsədiylə başqa şəhid ailələri də məhkəməyə gəlmişdi. Binanın qarşısında onlardan biri olan orta yaşlı kişi jurnalistə yaxınlaşıb vəsiqəsini tələb etdi, baxandan sonra isə məsələni kəskin qoydu:“Yox, siz müxalifət saytısız, çəkməyin, sizin çəkməyiniz bizə ziyan eləyə bilər…”

O anda ağlımdakı ilk fikir bu oldu:belə adamın haqqını necə yeməsinlər?!

Hər dəfə əsgər ölümlərinə görə etiraz aksiyasının təşkilatçısı İlkin Rüstəmzadədən söz düşəndə oğlunu itirmiş bir ananı xatırlayıram. İlkingil “Əsgər ölümlərinə son!” aksiyasını o ananın yeganə övladının hərbi xidmətdə döyülüb öldürülməsinə görə keçirmişdilər. Bəs o ana neylədi? Azacıq təzyiqə tab gətirmədi, onun oğluna görə etiraza qalxanları ittiham elədi. İtirməyə heç nəyi qalmayan ana…

Həbs olunanda cəmi 21 yaşı olan İlkin isə altıncı ildir ki, orada gəncliyini itirir…

Hə, bir də Matiç həmin oyunda 90 dəqiqə meydanda oldu. Laləsiz…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 1061