Muəllif:

13 yaşlı qızın faciəsi

Bu yaxınlarda Rusiya televiziyalarının birinin hazırladığı videoreportaja baxırdım. Videoreportaj rus “babulya”larının gənclərə dəstəyinə həsr olunmuşdu. Deməli, çox yaxın keçmişdə Rusiyada hərbi məktəblərin birində kursantlar dərsdən sonra yaşadıqları yataqxanada yarıçılpaq vəziyyətdə intim musiqi sədaları altında otaqlarını yığışdırarkən, paltar ütüləyər və yuyarkən, mətbəxdə iş görərkən intim rəqslər edərək bunu videorolik şəklində çəkib sosial şəbəkəyə yerləşdiriblər. Bundan sonra həmin video ölkənin ən məşhur şoularının mövzusuna çevrilir. Hamı gəncləri asıb-kəsir, tənqid edir, vətənpərvər olmamaqda günahlandırır. Bu ağıl sahibi olan gənclərin gələcəkdə onları müdafiə edəcəyinə kinayə ilə yanaşırlar. Nəhayət məktəb rəhbərliyi həmin gəncləri cəzalandırır.

Amma bu addımdan sonra ölkədəki bir çox insan həmin gənclərə qahmar çıxaraq müdafiə kampaniyaları təşkil edirlər. Matroslar eyni musiqinin sədaları altında eyni formada rəqs edərək videorolik hazırlayırlar. Ardınca da digər peşə sahibləri. Və nəhayət bir evdə yaşayan 2 ahıl təqaüdçü nənə də bu kampaniyaya qoşulur. Eyni musiqi, eyni rəqs amma bu dəfə yaşlı nənələrin ifasında. Nənələrin ifasında xeyli məzəli görünsə də, məsələnin maraqlı tərəfi bu deyil. Videoreportajı hazırlayan jurnalist həmin nənələrdən nəyə görə bu kampaniyaya qoşulduqlarını, niyə bu addımı atdıqlarını, məqsədlərinin nə olduğunu soruşur. Nənələr isə cavabında bildirirlər ki, o gənclərin dərsdən və işdən kənar, boş vaxtlarında öz yaşadıqları yerdə nə işlə məşğul olduqlarının heç kimə aidiyyatı yoxdur. Buna görə onları qınamaq, onları cəzalandırmaq yolverilməzdir. Onlar da gənclərə dəstək üçün belə bir addım atıblar. Bu formada o gəncləri cəzalandıranlara etirazlarını bildiriblər.

Bax belə ağbirçəklər varmış.

Bizdə də son günlər yenə hamı əxlaq polisinə çevrilib. Bakı məktəblərindən birində baş vermiş nalayiq hadisə hamını əxlaqlı ağsaqqala və ya ağbirçəyə çevirib. Doğrudur, bundan əvvəl yuxarıda yazdığım misalla və ya indi yazdıqlarımla həmin yeniyetmələrin hərəkətinə haqq qazandırmaq niyyətim yoxdur. Yazdığım kimi, bu çox nalayiq, pis, xoşagəlməz hərəkətdir. Amma heç kim unutmasın ki, bu hərəkəti edən yeniyetmələrdir. Yaşa-başa dolmamış, hələ ağlı ilə hərəkət etməyən, hislərinə hakim ola bilməyən, dünyanı, həyatı yeni-yeni kəşf edən, səhvləri ilə, düzləri ilə yaşamağı öyrənməyə başlayan yeniyetmələr. Nənələrimiz yeniyetmələr haqda beyinlərinin qaynayan vaxtıdır nahaqdan demirlər. Yeniyetməlik yəni hələ tam yetişməmiş, uşaqlığın tam bitmədiyi, gəncliyin isə hələ başlamadığı dövr. Onların beyni indi hansı siqnalı verirsə, qeyri-iradi ona yönəlirlər. 13 yaş və ondan sonra, bəzən 20, bəzənsə 25 yaşa qədər ən təhlükəli, ən çox səhvlər buraxılan yaş dövrü hesab olunur. O yeniyetmələrsə bu səhvlərdən birini etdilər.

Amma məni dəhşətə gətirən o yeniyetmələrin etdiyi səhvdən daha çox, onlar haqqında yazılanlardır. Xüsusən də 13 yaşlı qız haqda. Bizim ağsaqqal, qarasaqqallarımız, ağbirçək, qarabirçəklərimiz o qız haqda yazmadıqlarını buraxmadılar. Təhqir etdilər. Atasını-anasını aşağıladılar. Sanki hamısı həyatda günahsız və səhvsiz yaşayıblarmış kimi.

Hamı həyatda səhvlər edir. Əminliklə deyə bilərəm ki, aranızda çox az adam olar ki, ilk öpüşünü məktəbdə etməsin. Kiminləsə məktəbdə məktublaşmasın. O yaşda kiminləsə telefonla cur-curlaşmasın. Hamı yeniyetmə çağında hansısa səhvlər edir. Amma bundan bir çoxunun xəbəri olmur. O qız da, oğlan da səhv edib. Hətta yolverilməz səhv. Bütün ömürləri boyu yadlarına düşdükcə utanacaqları bir səhv.

Amma bu heç kimə əsas vermir ki, o 13 yaşlı qızı ölümə sürükləsin. Onu həyatından bezdirsin. Səhvlər adamı ağıllandırır. Bir daha səhvlər etməmək üçün. Amma sizin o qıza bu cür davranışınız daha böyük səhvlərə yol aça bilər. Siz onun həyatını məhv edə bilərsiniz. Əxlaqınız varsa, çalışın o 13 yaşlı qızın videosuna baxmaqdan çəkinəsiniz. Jurnalist dostlarınızdan “Linki göndər” deyə qımışmayasız. Söhbət bir uşaqdan gedir, 13 yaşlı körpədən. Səhv etmiş bir yeniyetmədən. Siz uşaq pornosuna tamarzısızsa, inanın hərəkətiniz o uşaqların etdiyindən daha əxlaqsızdır.

Sonda bir həmkarımın mənə danışdığı bir hadisəni də yazmaq istəyirəm. Həmin jurnalist həmkarım illər öncə Bakıdakı uşaq evlərindən birindən reportaj hazırlamağa gedir. Ona uşaqlar evinin bütün otaqlarını gəzdirirlər. Və otaqlardan birində o bir yeniyetmə qıza rast gəlir. Tək-tənha bir otaqda. Həmkarım o qızın niyə tək bir otaqda saxlanıldığını soruşur. Ona cavab verirlər ki, o qız zorlanıb və kimsəsiz olduğu üçün bura gətirilib. Onu ona görə ayrıca bir otaqda saxlayırlar ki, başqa yeniyetmələrlə, uşaqlarla ünsiyyətdə olmasın. Onlardan kənar gəzsin. Çünki o başqaları üçün pis nümunədir. Bunu uşaq və yeniyetmələrin tərbiyəsi ilə məşğul olan bir şəxsdən eşitməyin ağırlığını həmkarım illər sonra da unutmurdu.

Bax belə. Bizdə səhv etmiş gənclərə doğru yol göstərmək əvəzinə, həmin səhvləri düzəltmək üçün onlara yardımçı olmaq əvəzinə, səhv etmiş yeniyetmələri az qala ölümə sürükləyirlər. Onları diskriminasiyaya məruz qoyurlar. Və.s. Və.i.a.

Lap sonda bir kəlmə. Bu hadisədə bəzi media orqanlarının tutduğu mövqedən, olduğu yerdən, yazdığı yazılardan, bir sözlə, qeyri-peşəkarlığından yazmağa, danışmağa dəyməz. İyrəncsiniz!

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 9,00 из 10)
Oxunma sayı: 1836