Muəllif:

Zərdabinin ruhunu incidən neft pulları…

“Əkinçi” qəzetinin son sayında yazılmışdı:“Biz xəstə olduğumuza görə ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq və onların haçan çıxması məlum deyil”. Həsən bəy Zərdabi bu elanla çox incə bir mətləbə eyham vurmuşdu. O, “xəstə” deyəndə cəmiyyəti nəzərdə tuturdu. Xalq cəhalət bataqlığında boğulurdu. Cəmiyyətin belə qəzetə çox ehtiyacı vardı. Amma qəzeti bağladılar. Qarşıda Zərdabini 16 illik kənd həyatı gözləyirdi. Aclıq imtahanı verəcəyi kənd həyatı…

2000-ci illərdən bəri ölkəyə 150 milyard dollara yaxın neft-qaz pulu gəlib. Kimi dilləndirsən, bu pulların xeyrindən, ölkənin inkişafına verdiyi töhfədən danışacaq. Hərçənd, bizə ziyanı da az olmadı. Bakıdakı fəvvarələr, mərmər daşlar, üzü qaşınmış binalar, göydələnlərdən fərqli olaraq, bu ziyan gözlə görünmür. Halbuki, fəsadları daha dərin, daha ağrılıdı. Yəqin ki, illər sonra özünü daha qabarıq göstərəcək. Məsələn, neft pulları bizə həm də dəyərlərin alınıb-satılmasını öyrətdi…

Bu yaxınlarda hökumət təmsilçiləri bir araya gəlib, narazılıq edirdilər ki, mediada kriminal mövzuda materiallar çoxdur, kriminal avtoritetlər təbliğ olunur. Cənablar, gileyləndiyiniz bu mənzərəni kim yaradıb? Siz nə vaxt cəmiyyətdə, o cümlədən mediada plüralist mühit yaratdınız, ifadə azadlığına imkan verdiniz, amma jurnalistlər yenə də “Lotu Quli”dən yapışdılar? Mediada siyasi debatlara, ölkədəki problemlərlə bağlı açıq müzakirələrə yer olsaydı, kriminal mövzu bu qədər önə çıxardımı? Belə bir şəraitin yaranması üçün toxumu səpən siz olmusuz, indi nədən gileylənirsiz? Soğan əkib, sarımsaq yığmaq olmaz ki…

Media siyasi proseslərdən, ölkədəki sosial problemlərdən, cəmiyyətdəki narazılıqlardan, korrupsiyadan, məmur özbaşınalığından yaza bilməyəndə istər-istəməz boşluq yaranır. Bu boşluğu da kiminsə kimisə bıçaqlaması, zorlaması, hansısa müğənninin çılpaq fotosu, saçyolduya çıxması kimi ucuz, bayağı xəbərlər doldurmalı olur. Bu gün Azərbaycan mediasında olduğu kimi…

Qəzet yayımı ilə məşğul olan tanışlardan biri danışır, son vaxtlar Azərbaycanda adamlar qəzetləri dənə ilə yox, tonla alırlar. Alıcılar da kimlərdir? Bazarlarda meyvə-tərəvəz satışı ilə məşğul olanlar, yaxud da eyni məhsulları Rusiyaya göndərənlər…

Məlumatlandırmaq, maarifləndirmək missiyasını itirib, təsərrüfat predmetinə çevrilmiş qəzetlərə hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılır. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə verilən pulları nəzərdə tuturam. Neft pullarını…

Sözdə xalqın olan o pulların bir qismi illərdir həmin o xalqın aldadılmasına xərclənir. O pullar nə qədər həqiqəti deyən dilləri susdurdu, qələmləri sındırdı… O pullar nə qədər yalana, saxtakarlığa investisiya oldu… Və nəhayət, bu günkü mənzərəni yaratdı – işi-peşəsi çiçəklənmə, inkişaf nağılları uydurmaqdan ibarət mətbuat modeli…

Ölkədə hər il 22 iyulu Milli Mətbuat Günü kimi bəh-bəhlə keçiririk – silsilə tədbirlər, fəxri adlar, mükafatlar… “Əkinçi”nin prinsiplərinin tapdandığı yerdə “Əkinçi”nin doğum gününü qeyd edirik. Gerçək mətbuat adına bütün nümunələrin məhv edildiyi ölkədə Mətbuat Gününün qutlanması bilirsiniz nəyə bənzəyir? Evdə anasını döyən adamın toyda ana haqqında musiqi sifariş etməsinə.

Bununla həm də Zərdabinin ruhunu incitmiş oluruq. O Zərdabinin ki, onun üçün mətbuatın missiyası tamam başqa idi.
“Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun, yaxşı-yamanlığı aşkar eləsin. Xalqın hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqı aynada görən kimi görsün…”, – Həsən bəyin sözləridir.

Bu gün Azərbaycanda çap olunan qəzetlərin hansı birində xalqın gerçək dərdlərini görə bilirik? Bircə nümunə göstərə bilmirik. İllərdir məqsədli şəkildə atılan addımlar nəticəsini verdi – daha bizdə mətbuat xalqın, cəmiyyətin durumunu göstərən ayna deyil, azğınlıqların, saxtakarlıqların, yeyintilərin üstünə çəkilən örtükdür. Qəzetlərimizdən mətbəə iyi yox, yaltaqlıq qoxusu gəlir.

Həsən bəy ölümündən bir neçə gün əvvəl doğmalarına vəsiyyətində belə demişdi: “Sizdən çox xahiş edirəm: təntənəli mərasim düzəltməyin. Məni sadə dəfn edin. Dəfn üçün nəzərdə tutulan vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətin hesabına keçirin. Bu məhrumiyyətlərlə üzləşən insanlar üçün daha faydalı olar”.

Biz isə neftdən gələn milyonları əksinə, cəmiyyətin gözünü qapamağa sərf edirik. Zərdabinin ideyalarına xəyanət eləyib, sonra da ona dövlət səviyyəsində yubiley keçiririk…

Vaxtilə “Əkinçi”ni azad sözə düşmən münasibət, nadanlıq, pulsuzluq bağlamağa məcbur eləmişdi. Üstündən 140 il keçib, amma o dövrdəki səbəblər bu gün də Azərbaycanda aktuallığını qoruyub saxlayır, belini bükmək istəməyən qəzetlərin başını qılınc kəsir…

24 dekabr Azərbaycanın ilk müstəqil qəzeti olan “Azadlıq”ın doğulduğu gündür. 28 yaşlı “Azadlıq” ikinci ildir ki, təsis gününü nəşr olunmadan keçirir. Öz dəyərlərindən vaz keçmək istəmədiyi üçün 2016-cı ilin sentyabrından çapını dayandırmalı olub.

Doğruları boğmaqdan ötrü göstərilən çabalara, xərclənən milyonlara baxmayaraq, M.Ə.Rəsulzadənin dediyi kimi, həqiqət bir gün mütləq parlayacaq…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 321