Muəllif:

XOŞBƏXTLİK HAQDA ƏN UZUN ARAŞDIRMA

Adətən səliqəli olan yazı masamın üstü son vaxtlar dağınıqdır. Kağız-kuğuz, hansısa bir səhifəsindən ağzüstə çevrilmiş kitablar, dərgi və qeyd dəftərlərim və önümüzdəki aylarda Ayna” üçün düşündüyüm mövzulardan ibarət bir siyahi. Onlardan biri Amerikadakı əfsanəvi Harvard universiteti ilə məşhur Harvard Tibb məktəbinin apardığı bir tədqiqatdır. Bu tədqiqat bir müddət idi ki, beynimi yamanca məşğul edirdi. İnsanı həyatı boyu ən xoşbəxt edən nədir, pul, varidat yoxsa şöhrətmi, bəlkə parlaq bir karyera və ya sağlamlıqmı, uzun və keyfiyyətli yaşamaqmı?  Bütün bunlar mutlu olmaqda nə qədər önəmli rol oynayırlar?

İnsanların əksəriyyəti var-dövlət və zənginliyin xoşbəxtlik üçün əsas şərt olduğunu düşünür. Amma bəzi alimlər bu tezisin doğru olmadığı qənaətindədirlər. Dünyanın ən nüfuzlu ali məktəbinin apardığı tədqiqat gözlənilməz və heyrətamiz nəticələr verib. Harvardlı professor, psixiatr Robert Uoldinger (Robert J. Waldinger) tərəfindən aparılan tədqiqatlar indiyə qədər bu sahədə görülən ən genişmiqyaslı araşdırmalardır. Belə ki, tədqiqatlar 75 il (!) əvvəl başlayıb və bu günə qədər də davam edir. Uoldinger layihənin sayca dördüncü rəhbəridir. Bu 75 il ərzində tədqiqatlarda iştirak edən 700 nəfərin hər birinin inkişafı, həyatı boyunca dəyişən düşüncə, baxış və zövqləri, fikirləri və prioritetləri tək-tək incələnmişdir. Bu gün yaşları 90-na çatmış bəzi iştirakçılar araşdırmalarda hələ də fəal rol oynayırlar.

Layihənin iştirakçıları 2 qrupa bölünüblər. Birinci qrupun üzvləri Harvard kollecinin oğlan tələbələri idilər, onların çoxu II Dünya müharibəsi zamanı məzun olduqdan sonra birbaşa müharibəyə yollanmışdılar. Digər qrupa isə Bostonun ən kasıb məhəllələrinin ac-yalavac, kimsəsiz uşaqları daxil idilər. Layihəyə başlamazdan əvvəl bütün gənclər şifahi müsahibədən və tibbi komissiyadan keçmişdilər. Tədqiqatçılar hətta tək-tək evlərə gedərək gənclərin valideynləri ilə də görüşmüşdülər.

İllər keçdikcə gənclər böyüyür, kimi müharibədən qayıdır, kimi iş qurur, kimisi də evlənirdi. Hər kəsin öz taleyi, başqasınınkına bənzəməyən bir həyat yolu var idi. Onların içindən fəhlə də, tanınmış vəkil və həkim də, hətta ABŞ prezidenti belə çıxmışdı. Aralarında alkoqolik olan da var idi, şizofrenik də. Bəziləri elə sürətlə karyera yapmışdılar ki, o sürətlə də dibə dığırlanmışdılar. Həyatın özü idilər iştirakçılar — açıq və yalın. Bu maraqlı tədqiqatı başlayan Harvard alimlərinın ağlına belə gəlməzdi ki, onlardan sonra gələn yeni nəsil araşdırmaçılar 75 il boyunca usanmadan, yorulmadan çalışmalarına əzmlə davam edəcək, ortaya çıxan gözlənilməz nəticələrlə dünyanı heyrətə gətirəcəklər…

Alimlərin 75 il sonra gəldiyi nəticə çox banal və bəsit səslənir ilk baxışda – insanı xoşbəxt edən əldə etdiyi uğurlar və qazanclar deyil, sevdiyi insanlarla – dost və yoldaşları, ailəsi və övladları, sevgilisi və iş yoldaşları ilə xoş münasibəti, xoş ünsiyyətidir. Bəli, çoxumuz tənha və yalnızıq, içimizə qapanmışıq, hətta bəzilərimiz ətrafımız üçün itirilmiş də sayılırıq (insanın təbiəti belədir çünki). Hə, insan təklikdən güc alıb güclənə də bilir bəzən. Nəticə etibarı ilə olanlar yenidən dirçəlməyə, sabaha ümidlə baxmağa, mutluluq yolunda bir təkan da verə bilir. Bu isə bizə imkan verir ki, sadə bir həqiqəti dərk edək – Xoşbəxt olmaq üçün həyatı paylaşa biləcəyimiz, hətta yalnızlığı belə bölüşə biləcəyimiz, bu lənətolası yalnızlığı anlayacaq birinə ehtiyac var.

Bəs biz bu həqiqəti qəbul edə bilirikmi, niyə bunu dərk etməyə çətinlik çəkir, niyə bütün güc və enerjimizi maddi zənginliyə, daha çox qazanmağa, daha çox qamarlamağa, daha çox əldə etməyə sərf edirik? Yoxsa biz qısa həyatımızın zaman içinə necə yayıldığınımı anlayıb görə bilmirik?

Professor Uoldinger “Mükəmməl həyat üçün nə lazımdır? Xoşbəxtliyi araşdıran ən uzun tədqiqat haqda dərslər” adlı məhşur mühazirəsində Harvard universitetinin araşdırmasından 3 önəmli nəticə çıxdığını söyləmişdi. İndi o önəmli 3 dərsi qısaca açıqlamağa çalışım:

1.Təklik öldürücüdür

İnsanlarla ünsiyyət olduqca faydalıdır, çox vaxt həyatda qalmağa yardım edir. Çünki təklik öldürücüdür. Həm ailə içində, həm də dostlar və həmkarlarla yaxşı yola gedənlər fiziki və mənəvi olaraq sağlam olurlar. Yalnız və tək insanlar isə əksinə — onların beyinləri daha tez qocalır, bu da ömrü gödəldir.

 2.Ünsiyyətin keyfiyyəti böyük rol oynayır

Məsələ heç də dost-tanışın, ünsiyyətdə olduğun insanların sayında deyil. Heç həyat partnyorunun (yoldaşın və ya sevgilinin) sabit və davamlı olmasından da asılı deyil. İşin sirri yaxınlarına münasibətin və ünsiyyətin keyfiyyətindədir. Bəzən ən doğru qərar boşanmaqdır – hər iki tərəfin də həyatını cəhənnəm etməkdən qurtarmaq ən doğru seçimdir. Və ya iş yerindəki konfliktlərdən uzaqlaşıb rahat nəfəs almaq üçün istefanı basmaq ən doğru addımdır. Çünki həyatı zindana çevirən faktorlar insan həyatı üçün fəlakət ərz edirlər. İsti, xoş, sayğıya dayanan münasibətlər isə adamın ömrünə ömür qatır.

 3.Qarşılıqlı etibar beyni gücləndirir

Mükəmməl münasibətlər sadəcə cismimizi deyil, beynimizi də qoruyur. Yaşlı insanların bir-birlərini əzizləyib qoruduqları müddətcə zehinləri açıq, hafizələri güclü olur. Ömürləri didişmə ilə keçən cütlüklər isə bir çox xəstəliklərə məhkumdurlar.

Münasibətləri qorumaq, onları sabaha salamat daşımaq üçün heç bir qarantiya yoxdur. Ona görə ki, münasibətlər çətin və qarışıq zaman dilimlərindən keçir, onları pozmamaq üçün titanik səy və əmək, böyük fədakarlıqlar gərəkdir.

Harvard universiteti və professor Uoldingerin araşdırmaları isə yazdıqlarımla bitməyib. Artıq bu il layihəyə iki min balaca uşaq cəlb olunub. İndi növbədə XXI əsrdə yaşayacaq bu çocukların böyüməsi, inkişafı və təhsili boyu onların həyata baxışlarını, mutluluq kriteriyalarını öyrənmək var. Amma mən inanmıram ki, bu uşaqlar 50-70 il sonra bizdən fərqli düşünəcək, xoşbəxtliyi başqa şeylərdə axtaracaqlar. Bu gün bizim övladlarımıza verdiyimiz nəsihətlərin eynisini onlar da öz varislərinə deyəcəklər:”A bala, böyüyə hörmət elə, ata-ananın qədrini bil, dostluqda möhkəm ol”

Əsası 1636-cı ildə qoyulmış Harvard dünyanın ən nüfuzlu universitetlərindən biridir. 80 (!!!) Nobel laureatının bu ali məktəblə birbaşa əlaqəsi var – müəllim olaraq çalışanlar və məzun olub bu prestijli mükafatı alanlar. Amerikanın ən böyük akademik kitabxanası məhz bu təhsil ocağındadır. Ölkədəki milliarder iş adamlarının, tanınmış dövlət və siyasət xadimlərinin əksəriyyəti məhz Harvard diplomu gəzdirir.

Harvardın endaumenti (məqsədli kapitalı) nə az, nə də çox düz 37 milliard dollardır. Onun dünya elminə verdiyi töhvələr, xüsusilə tibb və beynəlxalq hüquq sahəsindəki uğurları bəşəriyyət tarixinə altın hərflərlə yazılmışdır. Ancaq bu universitet bir layihə üzərində 75 (!) il araşdırma apara və ancaq belə bir ali məktəb layihəni 75 il boyunca maliyyələşdirə bilərdi. Robert Uoldinger və onun elmi qrupunun tədqiqatlara davam etmə qərarı da məhz elə Qərbin, Modern Dünyanın insana verdiyi önəmə ən gözəl misaldır.

Məqaləni bitirdiyimdə mənim də ağlımda bəzi suallar yarandı. Bunlardan ən əsası araşdırmaların amerikalılar üzərində deyil, bizim insanlar üzərində olmasında nəticənin nə qədər fərqli çıxacağı haqda sualdır. Axı biz hər şeydə fərqlənməyi sevirik, bəlkə elə mutluluq anlayışımızda da bizim analoqumuz yoxdur…

Xoşbəxtlik nədir?

Pəncərə kənarında dərddən uzaq ola bilməkdir bəlkə,

yoxsa həyatı eləcə yaşamaq?

Ya da itən ümidlərin yerini başqa ümidlərin tutması,

ya da  ki, “mən dəli deyiləm” deyən birinə inanmaqmı?

Ananın qucağıdır bəlkə xoşbəxtlik,

bəlkə atanın məzəmməti?

Son nəfəsini verərkən xoşbəxtdirmi insan?..  

 

nebioglu.i@gmail.com

www.twitter.com/ibrahimnebioglu

 

 

 

 

 

 

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (14 оценок, среднее: 9,43 из 10)
Oxunma sayı: 1188