Muəllif:

Şmetterling

Şmetterlinq (Schmetterling) almanca Kəpənək deməkdir.

***

Deputat milləti təhqir edir, onyaşlı qız atasından imtina edir, Türkiyədə terror səngimir, Suriyada döyüşlər davam edir, İŞİD tükənmir, Qolfstrim məcrasını dəyişir və daha nələr… Siyahı uzundur.

***

İndicə Mövlud Mövludun “Çətirsiz”ini oxudum – sevdi, döyüldü, əzan oxudu və bir daha məscidə getmədi. Bakıda yağış yağanda Qazax yadına düşür. İslanmaqdan qorxmur, sadəcə yağışın altında tək qalanda darıxır…

Darıx, amma iyrənmə. Yuxarıda sadaladığım xəbərlər səni də yazmaqdan iyrəndirməsin…

***

Yadıma hardansa Yuri Bondarevin “Sahil” romanı düşdü. Onu əskərlikdə oxumuşdum. İllər sonra Almaniyaya yaradıcılıq səfərinə gələn sovet yazıçısı gözlənilmədən müharibənin sonunda tanış olduğu və sevdiyi alman qızıyla rastlaşır. Qalib ordunun gənc leytenantı və vətəni məğlub alman qızı. Qızı zorlanma və güllələnmədən qoruya bilsə də, məhəbbətinə yiyə dura bilməmişdi leytenant.  “Du bist mein Schmetterling” (Sən mənim kəpənəyimsən) deyən Emmanı buraxıb getmişdi…

Təbiət elmlərində “kəpənək effekti” deyə bir termin var, yəni sistemə yaxud nizama, xırda olsa belə, yersiz bir müdaxilə başqa bir yerdə və başqa zaman hər şeyi alt-üst edə bilər. Başqa sözlə, hansısa bir kəpənək aşağıda, məsələn vadidə, havalanıb qanad çalsa, yuxarıda, məsələn dağlarda, hər şeyi darmadağın edə biləcək uçqun törədə bilər.

Rey Bredberi də bu barədə yazıb özünün “Göy gurultusu” (“A sound of thunder”) hekayəsində. İnsanlar mezozoy dövrünə safariyə gedirlər və hekayənin qəhrəmanı Ekkers qoyulmuş qaydanı pozur – keçmişə müdaxilə edir. Ovlamalı olduğu nəhəng kələzi — tiranozavrı görüb vahiməyə düşür və durmalı olduğu xüsusi cığırdan kənara addım atır, keçmişdə olan gerçəkliyi öz mövcudluğu ilə pozur. Üstəlik, mezozoy dövrünün kəpənəyini tapdalayıb öldürür. Hərçənd, qaydalara görə, keçmişdə yalnız öləcəyi bəlli olan canlıları ölümlərindən bir-neçə dəqiqə əvvəl öldürmək olardı. Kəpənəksə həmin gün və həmin an ölməməliymiş. Nəticədə dünya bambaşqalaşır. Ovçular öz zamanlarına döndükdə dövlətin başında seçdikləri prezidenti deyil, qorxduqları diktatoru görürlər və Ekkers… yol yoldaşları tərəfindən öldürülür.

Fizikada enerjinin itməməsi deyə bir qanun var, yəni heçnə izsiz-tozsuz itmir. Hətta kiçicik kəpənəyin qanad çalması belə…

Bir gün gəlir və insan güzgüdə özü özünə baxıb anlayır ki, ömrünün əsas hissəsi artıq o güzgüdəki əksinin arxasında qalıb. Bu məqam hər birimizi gözləyir. Və həyatımız hər gün ötdükcə o güzgünün arxasına daha çox keçir. Nə qədər çalışsaq da, bu yerdəyişmənin qarşısını ala bilmirik, anlayırıq ki, həyat narın Abşeron qumu kimi barmaqlarımız arasından süzülüb gedir. Və vay o gündən ki, həyatını istədiyin kimi yaşamadığın, sevdiklərinə və məhəbbətinə sərf etmədiyin qənaətinə gələsən. Onda hər bir insanın ömrü boyu çatmağa can atdığı sahil dumana qərq olur və həyat mənasızlaşır. Çünki hərənin öz sahili var və o sahil ümiddir. Ümidini itirmiş insan toplumunun nə demək olduğunu və nə edə biləcəyini heç düşündünüzmü?!

Bondarevin leytenantı arzuladığı “sahilinə” — vətəninə çata bilmədi. Elə havadaca, təyyarədə öldü. Bredberinin Ekkersi də öldü. Birinin həyatını istəmədiyi kimi yaşadığını dərk etdiyi an ürəyi partladı, digərini isə diktatoru məmləkətin başına gətirdiyi üçün güllələdilər. Birincisi məhəbbətindən (şmetterlingdən) imtina etmiş, ikincisi isə mezozoy dövrünün kəpənəyini tapdalayaraq ölkəsini zülmə məhkum etmişdi…

Yalnız son çatanda başlanğıc haqda düşünürsən və nə yazıq ki, o zaman güzgüdəki əksimizin arxasındakı heç bir şeyi düzəltmək imkanı olmur. Bu gün etdiklərinin sabahı necə dəyişəcəyi barədə elə indicə düşünmək gərəkdir, çünki vadidə bircə kəpənəyin havalanıb qanad çalması dağlarda uçqun doğura bilər. İndi isə təsəvvür edin ki, vadi qanad çalan kəpənəklərlə doludur…

Kəpənəkləri qoruyun! Qoruyun ki, ümid sahilinizə çatasınız!

***

Kəpənək almanca Şmetterlinq (Schmetterling) deməkdir…

 

Email: qlavred@hotmail.com

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (13 оценок, среднее: 9,15 из 10)
Oxunma sayı: 1269