Muəllif:

“Sistem” işləmir

Bu günlərdə “asan imza” ilə bağlı “asan xidmət”ə getmək məcburiyyətundə qaldım. Amma bu gedişim “asan”larla dolu olsa da, heç də asan olmadı. İşimin bir elə zaman almayacağını düşünüb maşının dayanacağına görə az pul ödədim. İçəri keçmək istədiyimdə əl çantamın içini bir qız uşağı ələk-vələk elədi, sanki alt paltarımın içinə girildi. Bilirəm nə deyəcəyinizi, çünki özüm də təhlükəsizlik tərəfdarıyam, amma bunun üçün “x-ray” deyə avadanlıq olmalıdır. Anlamağa başladım ki, işim heç də asan olmayacaq. AZƏRCELL pəncərəsinə yaxınlaşanda buna tam əmin oldum, çünki ordakı xanım çox nəzakətlə bildirdi ki, artıq 40 dəqiqədir ki, “sistem” işləmir və gözləmək lazım gələcək. Nə qədər gözləmək lazım olduğunu isə heç kim bilmirdi. Əlqərəz, gözləməli oldum. Gözləyənlərin sayı isə durmadan artırdı, yaxşı ki, hərənin əlində sıra növbəsi qeyd olunmuş qəbz vardı. Gözləntinin təxminən 20-ci dəqiqəsində, bilmirəm hirsindənmi ya nədən, amma içəridəki qoxular amansızlıqla burnuma dolmağa başladı. Başımı bulasam da xeyri olmadı – qoxular burnumdan keçib beynimə dolurdu. Növbə gözləyən insan kütləsinin arasında var-gəl etməyə başladım və az sonra hiss etdim ki, qoxularla isinişirəm. Əməllicə qorxdum, ehtiyatlandım ki, bayaqdan məni narahat edən qoxuları duymamağa başlayıram. Amma şər deməsən, xeyir gəlməz. Bəxtim gətirmişdi, deyəsən. Hələ də bir qoxunu sezirdim. Yaman tanış gəlirdi, amma nə olduğunu anlaya bilmirdim. Bircə onu bilirdim ki, havadan içinə qıcqırmış xama, yəni “simton” qatılmış borş iyi gəlir. Birdən qoxu yaddaşım oyandı və məni ən azı 20 il əvvələ apardı – bu qoxu sovet ictimai-iaşə obyektlərinin vizit kartı idi. Bundan sonra iyin haradan gəldiyini anladım – mərtəbədə kiçicik bir kafe vardı. Anturajın müasir olmasına baxmayaraq mətbəx iyinin qarşısını almağı hələ də öyrənməmişik, bəlkə də öyrənmək istəmirik, ya da, və ən dəhşətlisi, bunu öyrənməli olanlar iylənmiş sovet borşunun üfunətinə alışmışlar. Düşünürlər ki, hər yer elə bu cür iy verməlidir…

Üfunət haqqında qara fikirlərdən məni “sistemin” işə düşməsi xəbəri ayırdı. 40 dəqiqə gözlədiyim işin həlli isə cəmi 2-3 dəqiqə vaxt tələb edirmiş. Yenidən növbəyə durub vergi bölməsinə sıra nömrəsi aldım və digər mərtəbəyə qalxdım. Borşdan qurtulmağın sevincini yaşayırdım ki,  yenə də “sistem işləmir” kəlməsini eşitdim. Sıra nömrəmsə “233” göstərirdi. Yaman yerdə axşamlamışdım…

Oturmağa boş yer tapıb əyləşdim və ətrafıma boylandım. Yaman qələbəlikdi – camaat o yan-bu yana vurnuxur, bir yerdə qərar tuta bilmirdi. Üzündə təbəssüm adına bir şey olmayan insanlar qayğılı bir kütləyə çevrilmişdilər…

Gürcüstandan qayıtdığım bir-neçə gün idi. Gedəndə də, qayıdan da sərhəddi “Sınıq körpü”dən keçmişdim. Sərhəddi qatarla keçməyə hövsələm çatmır, vaxt itkisi çox olur, mənə görə. Piyada keçid daha az vaxt alır. Sərhəddi buralı-oralı haradasa 20 dəqiqəyə keçdim. Heç bir problem də olmadı, amma fərq vardı – bizimlə onlar arasında. Bizdə əvvəlcə gömrükçüləri keçirsən, sonra sərhəd xidmətini, onlarda isə tək bir passport yoxlayırlar. Bir də bizim gömrükçü əlimdəki xırda çantanı və “x-ray”in də onun içindəkilərdən “şübhələnmədiyini” görüb öz aləmində sayıqlıq göstərərək məndən prokurorun istintaq altında olan şübhəlini dindirirmiş kimi heybətli səslə valyutamın olub-olmadığını soruşdu. Duruxdum və suala sualla cavab verdim:”Səncə?”. Gözləri alacalandı, elə qırğı kimi başımın üstünü alırdı ki, “Təbii var”,- söylədim və: “Olmaya xarici ölkəyə valyutasız getməliydim”, — dedim. Bozardığımı görüb sualının nə qədər məntiqsiz olduğunu nəhayət anladı və geri durdu. Pasportumu yoxlayan gürcü isə soyadımı görüb:”Deyəsən, bu torpaqlardansınız”, — dedi və Əli Ağa Şıxlınskinin adını çəkdi. Şəstlə onun nəslindən olduğumu bildirdim. Pasportuma möhür vurub rusca:”То были настоящие генералы, не то, что нынешние”,-  (Onlar indikilərdən fərqli olaraq əsil generallarıydı) dedi.

Kiminsə sevincək “işlədi” deməsi məni özümə qaytardı. Tabloda “192” yazılmışdı. Növbəmə hələ xeyli vardı…

İşlərimizi görüb gürcü xəngəlindən xeyli yeyəndən sonra dincəlmək qərarına gəldim. Qatarda əməlli yata bilməmişdim deyə başımı yastığa qoyan kimi yuxuya getdim. Bir də ayılanda axşam saat 10 idi. Yol yoldaşımla vədələşib şəhərə çıxdıq. İlıq havada köhnə Tiflisin yarıqaranlıq küçələrində gəzməyin özgə ləzzəti varmış. Bahar bura Bakıdan tez gəlmişdi, camaat küçələrdən yığışmaq istəmirdi – kimi termosunu yanına qoyub çay, kimi də dostlarıyla çaxır içirdi. Köhnə kitab satanlar da hələ küçələrdə idi. Nəhayət, saat 11-dən az keçmiş qulağımız canlı musiqi ifası duydu. Səsə doğru getdik. Açıq havada qoyulmuş masalardan birində boş yer tapıb əyləşdik. Kafenin divarlarında  Bakı caz festivalının bir xeyli afişası vardı. Çaldıqları da caz improvizasiyası idi. İçəcək sifariş edib gecə yarıdan xeyli keçənədək oturduq…

Tabloda “198” yazılmışdı. Yenə də özümə dalmaq istəyirdim ki, diqqətimi növbəmi gözlədiyim bölmədəki işçilərdən birini digər “asan xidmət” işçisinin him-cimlə çağırması çəkdi. Tanışlarını növbəsiz keçirmək istəyirdi. Mənə maraqlı gəldi, çünki sıra nömrəsi alanda şəxsiyyət vəsiqəsi olmadan qəbz almaq mümkün deyil.  Bir xeyli him-cimdən sonra “bizimki” hamı eşitsin deyə, “növbəni gözləmək lazımdır” söylədi. Öz-özümə “qayda-qanun var” deyib nəsə yaxşı bir şey haqda düşünmək istədim. Elə ən maraqlısı da bundan sonra başladı. “Bizimki” 198-ci müştərini yola salandan sonra yanındakı digər iki həmkarına düyməsinin işləmədiyini dedi və dilxor halda yerindən qalxdı. Həmkarları isə sakitcə 199-cunu da, 200-cü müştərini də yola saldılar… Nəhayət “bizimki” də yerinə qayıtdı və birdən tablosunda “214” yandı. Gördüm ki, “tapşırılmışlar” gəlib “bizimkinin” qarşısında əyləşdilər…

Hamam, hamam içində,

Xəlbir saman içində,

Dəvə dəlləklik eylər

Köhnə hamam içində.

İstədim bir qalxıb “küy” salım, sonra yadıma “köhnə hamam, köhnə tas” məsəli düşdü və vaz keçdim. Düşündüm ki, qoy növbəsi yeyilənlərin özü də bir səsini çıxartsın. Daşdan-divardan səs çıxdı, amma bir kimsədən səs çıxmadı. Özümə də, ətrafımdakılara da nifrət etdim. Dişim bağırsağımı kəssə də, gücüm bir ona çatdı ki, daha iki saat gözləyib işimi sahmanlayım. Sənədlərə görə, buralara yolum bir də 2019-da düşməlidir…

Maşın dayanacağına yaxınlaşanda isə nəzarətçi Ərəbzəngi kimi yolumu kəsib zəndlə üzümə baxdı ki, bəs keçdin əlimə, 30 qəpik verib 3 saat maşın saxlamaq istəyirsən. Nə isə buna da 1 manat verdim, amma manatlıq 30 qəpikdən fərqli olaraq parkomatın içində deyil, “Ərəbzəngi”nin cibində itib batdı…

Həmin günün axşamı oxudum ki, bəs Gürcüstandan sonra Ukrayna vətəndaşları da Avropa Birliyi ölkələrinə vizasız gedə biləcəklər. Sözün düzü, üzüldüm. Gürcü və ukraynalılara paxıllığım tutdu. Beynimdən ritorik bir sual keçdi — bizim onlardan nəyimiz əskikdi, axı? Sualımın cavabını çox gözləyəsi olmadım. Milli Məclisin elə ilk iclasındaca millətimin təmsilçiləri Avropa Parlamenti təmsilçilərinə meydan oxudular, tələb etdilər ki, bizlərə də Şengen ölkələrinə vizasız getmək hüququ verilsin. Ürəyim yerinə gəldi, indi oturub həmin o mübarək günü gözləyirəm.

Əslində isə, nə qədər ki, “sistem işləməyəcək”, “dəvə köhnə hamamda dəlləklik edəcək”, sərhəddə xarici ölkəyə gedənlərə “valyutan varmı” kimi küt suallar veriləcək, iqtisadiyyatı iqtisadçılar deyil, mühasiblər yönləndirəcək elə belə də olacaq. Bir sözlə, içinə qıcqırmış xama tökülmüş borş üfunətindən qurtulmağa çalışın, əks halda “sistem” heç vaxt işləməyəcək!

Yazım kübarlıqdan xeyli uzaq alındı, amma nə isə…

 

email:qlavred@hotmail.com

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (11 оценок, среднее: 9,45 из 10)
Oxunma sayı: 1912