Muəllif:

Sahildə balıq yeyən qarğa

«İstənilən fikriniz daha milyon insanın ağlından keçir, amma mənə elə gəlir ki, insanlar yanğının tən ortasında olsalar da, bunu görmürlər».

Corc Oruell

Yuxum sanki ərşə çəkilmişdi. Nə qədər edirdimsə, yata bilmirdim. Elə hey qurcalanır, bir böyrümdən o birisinə çevrilirdim. Sabahın açılmasını gözləyirdim ki, durub dəniz qırağına çıxım. Gecə isə elə bil mənim acığıma yerini səhərə vermək istəmirdi. Nəhayət dan yeri əvvəlcə bozarmağa, sonra isə qızarmağa başladı. Ehmalca yerimdən qalxıb əynimi geyindim. Evin qapısını açmışdım ki, sabah yeli üzümə vurub məni toxtatdı. Burnuma gecənin arxasınca sürünən sərinlik doldu. Alatoranda qulağıma ilk dəyən səssə qaratoyuğun ötməsi oldu. Darvazanı açıb üzü dənizə doğru getdim.

Neçə gündür əsən Xəzri Xəzərin altını-üstünə çevirdiyindən sahil lap elə son payız günlərində olduğu kimi kimsəsizdi. Yeganə fərq müştəriləri gözləyən və bütün dəniz qırağını  əldəqayırma arakəsmələlərlə bölüşdürmüş “qumsallıq generalları”nın quraşdırdığı mövsümi “alaçıqlardı”. Onların arasından keçib açıqlığa çıxmağa tələsdim. Taxta qəfəslər ürəyimi darıxdırdı.

Ləpədöyənə çatıb köks dolusu nəfəs aldım və su boyu getdim. Xəzri tam səngimədiyindən kifayət qədər güclü ləpə vardı. Qayalara çırpılıb parçalanan dalğaların duzlu damlaları üzümə vururdu. Dənizin içindəki qayaların üstü isə sahildən pinqvinlərə bənzəyən qarabattaqlarla dolu idi. Qulağım küləyin vıyıltısı və dalğaların uğultusundan başqa heçnə eşitmirdi. Bir xeyli beləcə gəzib evə tərəf döndüm. Elə bu zaman qarşımdakı iri bir ala qarğa diqqətimi çəkdi. Ağzında balıq tutmuşdu. Onu quma atıb təzəcə dimdələməyə başlamışdı ki, yaxınlaşdığımı görüb narazı halda qarıldadı və balığı dimdiyinə alıb bir qədər aralıya uçdu. Öz-özümə fikirləşdim ki, qağayılar olan yerdə balığı niyə qarğa yeyərmiş. Elə bu fikirlə də ətrafıma boylanıb gözlərimlə qağayı axtardım, amma qarpız qabığı yeyən, qarğıdalı kötüyü dittələyən və sahildə topa-topa aramla gəzişərək qarıldaşan qarğalardan başqa heçnə görmədim. Qağayılar sanki göyə çəkilmişdilər. Biri də yoxdu. Deyəsən, qarğalar onları təbii və doğma yaşayış yerlərindən didərgin salmışdılar. Sahili qağayısız qoymuşdular. İndi sinəsini dalğalara çırpıb havalanaraq qıy vuran məğrur quşların səsinin yerinə ala və boz qarğaların murdar qarıltısı dolur adamın qulağına… Dünyanın qəribə işləri varmış. Balığı qağayı yox, qarğa yeyərmiş. Bu fikirlərlə ləpədöyəndən aralanırdım ki, çimərlikdəki zibil qablarında eşələnən sahil itlərini gördüm. Qarğalar onların da başının üstünü kəsdirmişdi…

Yuxarıda isə, çox yuxarıda, qarğaların qalxa bilmədiyi yüksəklikdə qanadı üstə ruzgara dirsəklənib dənizin genişliyinə doğru süzən qağayılar sanki zibillikdə eşələnənlərə gülərək qaqqıldayırdı…

***

P.S. Dünya səslərlə doludur, o, oxuyur, ağlayır, gülür, şikayətlənir. Bizsə bunların heç birini eşitmirik, çünki ətrafımızı dinləmirik, hərçənd qulaq versək, nələrin baş verdiyini görərik. Yuxarıda yazdıqlarımı alleqoriya kimi də qəbul etmək olar və haradasa elə alleqoriyadır, amma sahildə qağayıların yerini qarğaların tutması bir gerçəklikdir və mən bunu gördüm, bu gerçəkliyi duydum. Alleqoriya gerçəklikdən doğdu. Gerçəkliksə heç də ürəkaçan deyil… Amma düşünürəm ki, gerçəkliyin doğurduğu qaranlığı lənətləməkdənsə, ətrafı dinşəyib hərəyə bir şam yandırmalıyıq. Yandırmalıyıq ki, onların ziyası qaranlığı udsun, yoxsa qarğalar bizi üstələyəcək…

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (12 оценок, среднее: 8,92 из 10)
Oxunma sayı: 821