Muəllif:

Rusiyadan necə qorunmalı?

Müstəqil Azərbaycanın sabahını düşünən, onun varlığı üçün ürəyi döyünən hər kəsin beynini  bu sual məşğul edir. Neçə illərdir ki, bu narahat sual özünü və milli istiqlalın nə demək olduğunu dərk edən,  sahib olduğumuz müstəqillikdən qürur duyan hər kəsin içində mürgüləyir. Elə ki, dünyada və bölgədə naqolay hadisələr başlayır, Moskvanın sərt gedişləri üzə çıxır, o zaman həmin əbədi sual da qıvrılıb oyanır və cavab axtarışları başlanır.

Bu günlər dünyanın siyasi temperaturu yenə kəlləçarxa qalxıb. ABŞ konqresi və ardınca Avropa təşkilatları Rusiyaya qarşı sanksiyalara güc verir, Vaşinqtonla Moskva arasında hələlik diplomatiya sahəsində soyuq küləklər əsir, NATO qulağımızın dibində Ermənistanın da iştirak etdiyi təlimlər keçirir, Rusiyayla Ermənistan müştərək qoşunlar yaradır və hər gün cəbhə bölgəsindən də həyəcanlı xəbərlər alınır…

*  *  *

Belə mürəkkəb hərbi-siyasi şəraitdə bəziləri Azərbaycanın Rusiyaya münasibətdə yeritdiyi xarici siyasətin yanlış olduğunu iddia edir, təxminən Gürcüstan kimi sərt davranışa çağırır. Əlbəttə, yaxşı avazdır, amma oxunan Quran olsa. Bəli, hər kim olursa-olsun, hərəkəti ölkənin suverenliyinə təhlükə yaradırsa, onunla mütləq sərt dildə danışılmalıdır. Çünki öz heysiyyətini qorumayan dövlətə heç kim hörmət etməz. Amma strateji planda Moskva ilə münasibətlərdə yumşaq və ehtiyatlı davranışı mövcud reallıq və geosiyasi gəzişmələr diqtə edir. Əsas məsələ onsuz da dünyanın sevmədiyi, öcəşkən, davakar, həm də yaralı ayı kimi görünən Rusiyanı boş yerə qıcıqlandırmamaq və gözlənilən təhlükələri aradan qaldırmaqdır. Xarici siyasətin risklər və macəraçılıq üzərində qurulması qarşısıalınmaz fəlakətlərə gətirib çıxara bilər. Bu mənada Azərbaycanın şimal qonşusuna yönəli siyasətinin məqsəd və mənası anlaşılandır.

Təbii ki, Azərbaycanın davranışını Moskvada da diqqətlə izləyir, təhlil edir və əsasən adekvat reaksiyalar verirlər.  Məsələn, xarici siyasətin resurslarından biri budur ki, məqsədə çatmaq naminə kəskin davranışlar (tutaq ki, hərbi müdaxilə) üçün şərait yoxdursa “yumşaq siyasət” taktikası tətbiq olunur. Yəni marağın olan ölkələrdə müxtəlif formalarda dayaq qrupları yaradır və tərəfdarlar toplayırsan. Sonra da tədricən siyasi-ideoloji iş aparıb məqsədinə nail olmağa çalışırsan. 90-cı illərin əvvəllərində ölkəmizdə İran bu taktikanı tətbiq edirdi, indi isə Rusiya. Son bir ildə Rusiya emissarlarının Bakıya səfərlərinə bu prizmadan baxmaq lazımdır.

Məsələn, Rusiya neoimperalizminin təmsilçiləri olan Jirinovski, Duqin və Proxanov kimi siyasətçilərin Bakıya səfərləri, onların burada verdikləri iddialı bəyanatları milli müstəqilliyi bir ideal kimi qəbul etmiş insanlar üçün çox arzuolunmazdır. Baxın, A.Proxanov  Rusiya dövlətçiliyinin bərpası adı altında ifrat millətçiliyi, rus şovinizmini və bunlarla yanaşı, həm də  avtoritar idarəçiliyi təbliğ edən bir rus ideoloqudur. Belə zədəli təfəkkürün daşıyıcısı olan bir siyasətçi gəlib Bakıda danışır və bölgədəki proseslərə yalnız Rusiyanın marağı ilə baxır. Məhz buna görə xiffətlə SSRİ-ni anır, onun  parçalanmasının ağrılarından danışır. Buna görə deyir ki, “Sovet İttifaqını zorlayıblar, ondan nəhəng məkanları, əraziləri və xalqları qoparıblar”. Yəni demək istəyir ki, siz kimsiniz ki, müstəqil dövlət olasınız, siz bizim müvəqqəti azadlıq verdiyimiz təbəələrsiniz.

Bütün bunlara görə mən düşünürəm ki, rus imperiyasının təbliğatçıları olan, Bakının müstəqil siyasətindən qıcıqlanan, Qarabağ işğalına haqq qazandıran  Duqin və Proxanov kimi “rus ideoloqlar”ının ölkəmizə hər gəlişi və burada özünə çoxlu həmfikir tapmaları təhlükədir. Təhlükənin ən böyüyü odur ki, ölkədə bu rus emissarlarının həmfikirləri çoxalır və bu adamlar Azərbaycanın müstəqilliyinə meydan oxumaqdan çəkinmirlər.

                                                        *  *  *

Doktor Nərimanov Rusiyaya, bolşeviklərə çox inanmışdı və ona görə də Birinci Respublikanın süqutundan sonra belə hesab edidi ki, Azərbaycanın əbədi səadəti Rusiya ilə bağlıdır. Amma sovet hakimiyyətinin zəfər yürüşü onu qısa zamanda  peşman elədi. Siyasi düşüncəyə görə irimiqyaslı təqiblərdən, iki ilin içərisində 45 min insanın qətlə yetirilməsindən, Moskva elçilərinin milli ruhu öldürmək üçün ölkədə törətdikləri özbaşınalıqlardan sonra  əmin oldu ki, bu gedişlə Rusiya Azərbaycanın səadəti deyil, əbədi fəlakətidir.

Gizlətməyə gərək yoxdur ki, yüz il əvvəl olduğu kimi  bu gün də Azərbaycanın müstəqilliyindən rəncidə olub, onu Rusiyanın yedəyində görmək istəyənlər var. Bölgədə vəziyyət kəskinləşən kimi bu “rus uşaqları”nın səsi daha bərkdən çıxmağa başlayır. Az deyillər, aralarında vəzifəliləri, deputatları, orden-medal alanları da var. Əlbəttə, Rusiyadan orden almaq eyib deyil, eyib olan həmin ordenin taxıldığı sinədəki ürəyin Moskva vaxtı ilə döyünməsidir. Belə ürək sahibləri çoxaldıqca başlıqdaki suala cavab vermək də çətinləşir…

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (10 оценок, среднее: 9,50 из 10)
Oxunma sayı: 1005