Muəllif:

Qum saatı

Zənnimcə, zamanın necə tükəndiyini görmək üçün qum saatından yaxşısı yoxdur.

 ***

İnsan övladı özünü dərk etdiyi məqamdan zamanın sahmanlanmağı barədə düşünməyə başlayıb və vaxtı ölçməyin yollarını arayıb. Günəş, ulduz, su, alov, qum, mexaniki, kvars, elektrik, elektron, atom və hətta çiçək saatı belə icad edib. Sabah nə olacaq bilmirəm, amma bu o qədər də vacib deyil, çünki zaman onu ölçən cihaz və insanlara tabe olmur. O, heç bir çərçivəyə sığmır. Onu cilovlamaq mümkün deyil. Nə duyulur, nə də toxunulur, amma o, mövcuddur və biz onun əsirləyirik. Nə qədər çalışsaq da, onun əsirliyindən qurtula bilmirik, çünki o bizim içimizdədir.

2017-ci ilin fiziologiya və tibb üzrə Nobel mükafatını amerikalı alimlər Maykl Yanq (Michael W.Young), Jeffri Holl (Jeffrey Hall) və Maykl Rosbaş (Michael Rosbash) məhz buna, insan orqanızmının çalışma mexanizmində etdikləri kəşfə görə alıblar. Onlar sirkad (cirka — təxminən, dövri və dies — gün (lat.)) ritmi müəyyənləşdirən molekulyar mexanizmləri kəşf edərək orqanizmin “bioloji saat”ının çalışmasını izah ediblər. Bu isə insan, bitki və heyvanların günlük dövri ritmə necə uyğunlaşmasının sirrini öyrənməyə imkan verir.  Beləliklə orqanizmin sirkad ritminin insan səhhətiylə bağlılığı aydınlaşmış və təsdiqlənmişdir. Sadə dillə desək, hər bir insanın “bioloji saatı” var və bu saat bizi idarə edir – ona tabe olaraq yatır və oyanır, fəal və məhsuldar işləyir, haldan düşürük, qan təzyiqimiz tənzimlənir, ümumiyyətlə yaşam tərzimiz 24 saatlıq dövri günlük ritmlə müəyyənləşir. Və bu tarazlıq pozulduqda insan səhhətində problem yaranır.

Bu yaxınlarda İbrahim Nəbioğlu “Ayna”ya “Mutluluq yoluxucudur” başlıqlı yazı yazmışdı. Alimlərin araşdırmalarına istinad edən müəllif bildirirdi ki, dünyanın ən xoşbəxt adamları Skandinaviya ölkələrinin sakinləridir, amma yazıya gələn şərhlərdə bir sıra oxucular buna şübhə ilə yanaşaraq deyirdilər ki, elə isə nə üçün həmin xoşbəxt insanlar hamıdan çox intihar edirlər. O vaxt sualın cavabını nə İbrahim Nəboğlu verə bilmişdi, nə də mən. Cavabı indi vermək mümkündür. Nobelçilərin etdiyi kəşf bunu izah edir. Demə, işıq, oxu günəş, az olan yerlərdə insanlar depressiyaya daha çox meylli olurlar, yəni  insanın “bioloji saatı” pozulanda o, xəstələnir. Bu təsdiqlənən kəşfdən sonra ən azından depressiyaya meylli xoşbəxt skandinavların işıq (günəş) terapiyası vasitəsilə sirkad ritmini nizamlamaq mümkün olacaq…

Deyəcəksiniz ki, nəyimiz olmasa da, günəşimiz boldur, bəs biz niyə… Sualınızın davamından asılı olmayaraq cavabım bir olacaq – sirkad ritminin buna heç bir aidiyyatı yoxdur!

***

Qaş qaralırdı. Abşeronun ən hüznlü zamanı gəlmişdi. Dərslər başladığından hamı şəhərə qayıtmış, bağlar susmuşdu. Son bahar ətrafı ağuşuna almışdı. Həyətin bir küncündə ocaq çatıb kətil yerinə işlətdiyim kötüyün üstünə oturdum və gözümü tonqala zillədim. Çiskin az sonra çisəyə keçsə də, yerimdən tərpənmədim. Alovun dilləri məni uzaqlara aparmışdı. Bir-iki həftə ondan əvvəl ömrümdə bəlkə də ən qeyri-adi müsahibəmi vermişdim. Amma qeyri-adilik nə verilən suallarda, nə də cavablarımda idi. Sadəcə olaraq Arif (Əliyev) Didvan gölünün üst tərəfindəki yaxada alaqaranlıqda bir ocaq qalamış və suallarını verməzdən əvvəl qarşıma hardansa tapdığı qum saatını qoyub demişdi ki, cavablarımı qum axıb bitənəcən verməliyəm…

Tələsirdim, suallara cavabım yarımçıq qalmasın deyə tələsirdim. Danışdıqca bir gözüm elə qumda idi. O isə elə sürətlə axırdı ki, dənəciklərinin şırıltısını mənim qulağımda heç ocağın çatırtısı da batıra bilmirdi. Birdən qum saatının səsi kəsildi. Anladım ki, heç nəyə cavab verməmişəm – vaxtım çıxmışdı. Təntidim. Bir anlığa özümü quruya düşüb parpılayan balıq kimi hiss etdim. Yalnız sonradan anladım ki, bitən yalnız qumdu. Xoşbəxtlikdən zaman bitməmişdi, çünki o, bitə bilməz. Qum saatının mənə ayırdığı vaxt bitsə də, mən zamanda mövcud idim, deməli, hələ də macal var. Ən azından gözləmək macalı, amma bununla kifayətlənməyə dəyərmi?

Digər tərəfdən də düşünürəm ki, həyatımız gözləntilərdən ibarətdir. Ömür boyu nəyi isə gözləyirik. Uşaqlıqda böyüməyi, məktəbi bitirib ali məktəbə daxil olmağı, onu da bitirib yetkin insan olmağı, valideyn himayəsi və nəsihətlərindən azad olmağı arzulamış və gözləmişik. Düşünmüşük ki, bir az da gözləsək, hər şey olacaq. Təbii ki, ancaq yaxşı şey gözləmişik. Yaxşını gözləsək də, pis də gəlib. Ona görə də hələ daha yaxşı olacaq düşünüb gözləmişik. Və bir də ayılmışıq ki, gözləməyə vaxt qalmayıb. Necə və nə zaman yaşa dolduğumuzu hiss etməmişik. Bəs yaşamışıqmı?..

***

Yuxudan hövlnak oyandım. Harada olduğumu və nə baş verdiyini anlayanadək telefonun zəngi hər şeyi aydınlaşdırdı. Boğazımı arıtlayıb “alo” dedim. Xəttin o başındakı adam ədəblə  salamlaşıb özünü təqdim etdi və hal-əhval tutdu. Sonra isə mətləbə keçdi. Hökümət adamı idi və ali mənsəbli müdirinin xahişi ilə qəzetimdə material dərc edilməsini xahiş edirdi. Duruxdum. Ani sükutdan sonra bildirdim ki, bəs qəzet artıq dördüncü ildir ki, çıxmır – ta 2014-cü ildən bəri. Adam xeyli təəccüblənib sağollaşdı. Telefonu qırağa qoyub başımı buladım. Dodağım qaçdı və gülməkdən uğundum, amma tezcə də toxtadım. Gülmək yox, ağlamaq lazım idi. Gördükləri işin hamısı bu yerdədirsə… Mənsə hələ də nəsə gözləyirəm…

Amma heç kimdən nə nəsə ummaq, nə də gözləmək lazımdır. Gözləmədən, durmadan yaşamaq lazımdır.

***

İndicə öyrəndim ki, amerikalılar daha bir texnoloji yenilik tətbiq ediblər – 40 dilə tərcüməçilik edən və qiyməti cəmi 159 ABŞ dolları olan qulaqcıq yaradıblar!

***

Son çatanda başlanğıc haqqında düşünürsən…

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (10 оценок, среднее: 9,80 из 10)
Oxunma sayı: 664