Muəllif:

«Qızlarınıza dəstək olun…»

“Bir oğlana təhsil verməklə təhsilli insan qazanırsınız,
bir qıza təhsil verməklə isə təhsilli ailə
(Hacı Zeynalabdın Tağıyev)

Türkiyənin Bahçeşehir universitinin məzunu Günel Musayevanın «Qızıl beyin» mükafatının təqdimat mərasimindəki çıxışı ötən ay İnternetdə ən çox baxılan videosüjetlərdən olub. O, «İlin ən yaxşı məzunu» adına layiq görülüb, bacısı Xeyransa üçüncü yeri tutub. Gənclərimizin hər bir uğuru (xüsusilə, bilik sahəsində!) ölkənin gələcəyinə olan ümidlərimizi artırır. Tanış olun, daha bir ümidimiz: Musayeva bacıları.

…Onlar lap uşaqlıqdan təkcə zahiri görünüşləri ilə deyil, xaraktercə də fərqləniblər. Günel — dəcəl, Xeyransa, əksinə, sakit təbiətli, təmkinli bir qız olub. Elə indi də bənzərlikləri azdır. Böyük bacı danışmağı sevir, suallara özü cavab verir. Kiçik bacı qulaq asmağa, müşahidə aparmağa üstünlük verir, arabir söhbətə yüngül müdaxilə edir. Biri şeir yazır, o biri başqasının şeirlərini avazla oxumağı xoşlayır. Musiqiyə münasibətdə isə zövqlər birləşir: hər iki bacı lirik musiqi aşiqidir. Dərslərini öyrənəndə də, adətən, Şopen öz ecaskar valsları ilə onları müşaiyət edir.

Ailə

«Təkbaşına uğur qazanmaq çətindir. Ailənin dəstəyi xüsusilə vacibdir». Günel, əlbəttə, yalnız maddi dəstəyi nəzərdə tutmur. «Gərək həmişə yanında «sən bacararsan, hər şey alınacaq» deyən bir adamın olsun. Lap elə o adam yanında durmasa da, həmişə yaxınlığını hiss edəsən».

Qızlar adi ailədə böyüyüblər: ana – rus dili müəlliməsi, ata – həyatının müəyyən mərhələsində siyasətə meyl salmış hüquqşünas. Ailədə dörd uşaqdırlar: üç bacı, bir qardaş. Türkiyədə oxuyan böyük bacılar arasında 15 ay fərq var. Üçüngü qız 5 il fasilə ilə dünyaya gəlib. «Gültac Bakıda Tibb universitenin tələbəsidir, uzağa getməməyə, ailədə qalıb oxumağa üstünlük verib: rahatlığı sevir», deyə Günel onu mənə qiyabi təqdim edir. Sonbeşiklərini – hələ ikinci sinfə gedən yeddi yaşlı qardaşını isə o, gülə-gülə «hətta valideynlərimiz üçün də sürpriz» adlandırır: «Amma nə yaxşı ki, doğulub. Hamımız üçün böyük sevinc və əyləncə mənbəyidir».

İki bacı yazıb-oxumağı 80 yaşlı nənələrinin ciddi nəzarəti altında kiçik yaşlarından öyrəniblər. Buna görə də onları bir yerdə məktəbə göndərmək qərara alınıb. «Ciddi nəzarət» kəlməsinin düzgün anlaşılmayacağından ehtiyatlanan Günel tələsik əlavə edir: «Ümumiyyətlə, bizim ailədə qarşılıqlı etibar və etimad hökm sürüb. Biz də böyükləri məyus etməmişik. Yalan – qadağaların törəməsidir. Heç vaxt, heç nəyi valideynlərimizdən gizlətməmişik. Bütün dostlarımızı tanıyırdılar, məktəbdə nə baş verdiyini bilirdilər, kiminlə, harada olduğumuzdan xəbərləri vardı. Biz Türkiyədəyik, atamsa hələ də könhə sinif yoldaşlarımızla əlaqələrini itirməyib».

Atanın hər iki qızın tərbiyəsində, xarakterinin formalaşmasında xüsusi rolu olub. Anaları rusdilli olduğu üçün azərbaycanca oxuyan qızlar ev tapşırıqlarını qurtaran kimi atalarının üstünə qaçıblar. O da səbrlə dərsləri yoxlayıb, səhvləri izah edib. «Bizim nə ilə məşğul olduğumuz atama həmişə maraqlıdır: nə oxuyuruq, nəyə baxırıq, nəyə həvəs salırıq.» Günel gülümsəyir. «Universitetdə ingiliscə təhsil almışıq. Bacımla evdə söhbət vaxtı bəzən avtomatik ingilis dilinə keçirik. İndi atam da həmin dili öyrənmək fikrinə düşüb. Bizdən geri qalmamağa, necə deyərlər, update olmağa çalışır».

Təhsil

Bacıların oxuduğu 62 saylı orta məktəb 2010-2011-ci təhsil ilində ölkənin «Ən yaxşı məktəb»lərindən seçilib. Türkiyənin Bahçeşehir universitetinin nümayəndəsi Ənvər Yücel Azərbaycandan ağıllı tələbələr axtara-axtara gəlib bu məktəbə də çıxıb. Tədbirdə qızların çıxışını eşidib. Öyrənib ki, bacılar əlaçıdırlar, olimpiadaların qalibi olublar. Əvvəl Günel və Xeyransa ilə, sonra atalarıyla görüşüb, deyib ki, qızlar gələcəkdə bizim universiteti seçsələr, onların təhsil haqqını ödəməyi boynumuza götürürük. Ona görə də növbəti il orta məktəbi qızıl medalla bitirən iki bacının seçimi qabaqcadan bəlli olub. Doğrudur, hansı ixtisasın dalınca getmək məsələsində tərəddüd keçiriblər, bir müddət ədəbiyyat və hüquq fakultələrinin arasında qalıblar, amma «dünyada hər şeyin maliyyə üzərində qurulduğunu» anlayanda sənədlərini iqtisadiyyat fakultəsinə veriblər.

Qızlar tələbəlik illərindən sonsuz həvəslə danışırlar.

İlk vaxtlar çətin olub: bacılar ömürlərində birinci dəfə evdən uzaq düşüblər. Hərçənd valideynləri növbələşib tez-tez onlara baş çəkirlərmiş, amma, yenə də, ilin çox hissəsini tək qalırlarmış. «İş təkcə oxumaqda, imtahan verməkdə deyil: özün bişirməlisən, özün düşürməlisən, özün təmizləməlisən… Təklikdə, elə bil, birdən-birə böyüdük. İşlərimizi düzgün planlaşdırmağı, vaxtımızı, büdcəmizi bölüşdürməyi öyrəndik».

Bacılar universitetdən dünyaca razıdırlar: «Bahçeşehirdə 70 ölkədən 17 min tələbə oxuyur. Bu qədər adamın içində hər kəs qayğı və diqqət hiss edir. Təki sən oxu, yarat, hər cür şəraitlə təmin edəcəklər, maddi yardım da göstərəcəklər». Bu yerdə Xeyransa sanki xəyaldan ayılır, söhbətə qatılır: «Orada, sadəcə, pəncərədən açılan gözəl mənzərə də adama ilham verir». (Universitetin əsas kampusu İstanbulun mərkəzində, boğaz sahilindədir – N.V.)

Tələbə-müəllim münasibətlərindən söz düşəndə Günel qəribə bir misal çəkir. Özü deməsə də, hiss olunur ki, Bakının hansısa ali məktəbində qarşılaşdıqları ilə Bahçeşehir universitetində gördüklərini müqayisə edir: «Orada professor-müəllim heyəti üçün ayrıca lift yoxdur. Bir tələbə liftdə yerini rektora vermək istəyəndə, rektor razı olmur, deyir, siz qalxın, təki dərsə gecikməyəsiniz, mən gözləyərəm. Müəllimlər məşğələlərdə tələbələrlə həmkarları kimi davranırlar. İşləmək istəyənləri elə universitetin özündə pullu işə götürürlər. Əlbəttə, hamıya iş çatmır, ona görə yaxşı oxuyanlara üstünlük verirlər. Biz, iki bacı, kommunikasiya sahəsində çalışmışıq, həm öyrənmişik, həm qazanmışıq».

Yaxın gələcəkləri bacılar üçün gün kimi aydındır: təhsilə davam, magistratura, doktorantura. Günel və Xeyransa Musayevaların Bakıda keçirdikləri mətbuat konfransına İstanbuldan universitetin rektoru şəxsən təşrif buyurmuşdu. Özü ilə hədiyyə gətirmişdi: azərbaycanlı qızların növbəti iki ildə də təhsil haqqının ali məktəb tərəfindən ödəniləcəyini təsdiq edən sənəd! Az pul eləmir, təxminən 24 min dollar.

«Uzaq» gələcəyin işıqları

Mətbuat konfransında dönə-dönə səslənən «Təhsilinizi başa vurduqdan sonra Azərbaycana qayıdacaqsınızmı?» sualına qızlar təkrar-təkrar cavab verirdilər: «Harada, hansı ölkədə olsaq da unutmayacağıq ki, azərbaycanlıyıq və doğma Azərbaycanı təmsil edirik».

Üzbəüz söhbətdə onlar fikirlərini daha geniş ifadə edirlər: «Azərbaycandan gedib xaricdə təhsil alan hər kəs sonradan Vətənə dönməyin, bilik-bacarıqlarını özünün və cəmiyyətin xeyrinə burada tətbiq etməyin həsrətindədir. Amma görürük ki, belə şərait olmadığı üçün xaricdə qalan çoxdur». Bacıların nə demək istədikləri bəllidir.

İqtisadiyyatı sürətlə dəyişən dünyada hər bir ölkəyə savadlı, yüksək ixtisaslı yeni kadrlar gərəkdir. «Qızıl beyin»lər isə hələm-hələm ələ düşmür. Universitet — xeyriyyə fondu deyil, on minlərlə dolları tələbənin «qara gözlərinə» qurban demir! Bəs Azərbaycanda necə, həmyerlilərimizin «uğur tarixçəsi» ilə kimlər maraqlanıb? Xeyransa susur. Günel köks ötürür: «Qohumlarımız, ailə dostlarımız sevinirlər. İnternetdə materiallar yayılandan sonra hərdən küçədə tanıyıb yaxınlaşırlar. Jurnalistlər tez-tez zəng edirlər. Rəsmi təşkilatlardan isə… Yox, maraqlanan olmayıb, heç kim görüşə çağırmayıb, heç bir təklif almamışıq».

Zərif güc

«Xaricdə azərbaycanlı tələbələr çoxdur. Xüsusilə Türkiyədə. Nədənsə, əksəriyyəti özünə qapanır, ünsiyyətdən çəkinir, başa düşmədiyini müəllimdən soruşmağa utanır. Nəticədə elə birinci kursdan sonra xeyli adam geri qayıdır», — deyə Günel bacısının əlindən tutur. — «Biz Xeyransa ilə məsləhətləşib İstanbulda azərbaycanlı tələbələrin klubunu yaratdıq. Hər cümə günü görüşürük, bir-birimizdən öyrənirik, çətinə düşənə kömək əli uzadırıq. Müşahidə etmişəm: adam evdən uzaq düşəndə də ailədə gördüyü tərbiyənin təsiri böyük olur. Uşaqlıqdan təzyiq altında böyüyənlərin, seçim imkanından məhrum edilənlərin kompleksləri üzə çıxır. Onlarda irəliyə getmək həvəsi, özünə inam yaranmır. Beləsinin əlinə seçim imkanı, azadlıq düşəndə isə o, ya köməksiz qalır — çünki öyrənib ki, həmişə əvəzinə qərar qəbul ediblər, — ya da ağına-bozuna baxmadan evdəki qadağaların əvəzini çıxmağa çalışır, ölçü və məsuliyyət hissini itirir.

Ailədə «oğlanlara hər şey olar, qızlara isə heç nə olmaz» prinsipi ilə uşaq böyütmək də çox pis nəticələnir. Qız ikinci dərəcəli övladdan cəmiyyətin ikinci dərəcəli üzvünə çevrilir. Əlbəttə, qadın zərif cinsdir, ona daha çox diqqət gərəkdir. Amma zəriflik — zəiflik, gücsüzsük demək deyil axı! Qızlarınıza dəstək olun, valideynlər, onlara özlərinə inanmağa, özlərini təsdiq etməyə, yaxşı təhsil almağa imkan verin. Hacı Zeynalabdin Tağıyev dünyagörmüş adam idi, elə-belə deməmişdi ki, «Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 9,75 из 10)
Oxunma sayı: 380