Muəllif:

ÖLƏN ÖLÜR, QALAN SAĞLAR BİZİMDİR

Anası erməni idi, atası isə əslən Azərbaycandan. Siyasi tabularını yıxaraq “Karabağ” mahnısı oxudu. Solçu bir sənətçinin pantürkist hayqırışı da dedilər, “Anası erməni olan bir adamın səmimiyyətinə inanmaq olarmı?” da. Şöhrətinin zirvəsində idi. Sosialist fikirli bir adam göz görə-görə milliyyətçiyə çevrildi… 

AzTV-nin Türkiyə Təmsilçisi olduğum vaxtlardı. Enerji layihələrinin gündəmi ən məşğul edən zamanda Türkiyənin BOTAŞ (Boru Hatları İle Petrol Taşıma) şirkətinin Baş direktoru Hayrettin Uzundan müsahibə götürəcəkdim. 1995-ci ilin sonbaharında çətinliklə yanına düşdüm. Çəkilişə yenicə başlamışdıq ki, katibəsi içəri girib təcili zəng var dedi. Təbəssümlə telefona cavab verib, “Doğrudur, yanımdadırlar” dedi.

Hayrettin bəyin köhnə dostu imiş, maşınla BOTAŞ-ın önündən keçərkən məni və operatorumu, kameramızın üzərindəki Azərbaycan bayrağı ilə mikrofondakı “AzTV” loqosunu görüb dostuna zəng eləyir ki, məni onlarla görüşdür…

* * *

Türkiyədə rok musiqisinin qurucusu, məşhur müğənni, kino və teatr aktyoru Cem Karaca 1945-ci ildə İstanbulda sənətçi ailəsində doğulub. Atası tanınmış teatr aktyoru Mehmet Karaca, anası isə məşhur opera və teatr sənətçisi Toto Karaca (əsil adı İrma Fələkyan) idi. Kiçik yaşlarından xalası Roza Fələkyan Cemə piano dərsləri verir. Musiqiyə marağı belə başlayır. İndi proqressiv və alternativ rok, ümumən “protest musiqisi” deyəndə ağla ilk gələn Cem Karacanın musiqisi və qurduğu Apaşlar, Kardaşlar, Moğollar kimi rok qruplarıdır.

Cem Karaca siyasi kimliyi ilə də diqqət mərkəzində idi. Sol fikirlərilə gənclərin kumiri olmuşdu. Baxışlarına görə həm dövlət, həm də milliyyətçi cərəyanlar tərəfindən təzyiqlərə məruz qalıb. Xalq ozanı Dadaloğlunun sözlərinə bəstələdiyi “Dadaloğlu” mahnısı avtoritar rejimlərə qarşı mübarizənin simvolu olmuşdu. “Fərman padişahın, dağlar bizimdir” deyən bu mahnı bir vaxtlar sosialistlərin himninə çevrilmişdi.

Kalktı göç eyledi Avşar illeri
Ağır ağır giden eller bizimdir.
Arap atlar yakın eder ırağı
Yüce dağdan aşan yollar bizimdir.

Belimizde kılıcımız kirmani
Taşı deler mızrağımın temreni.
Hakkımızda devlet etmiş fermanı
Ferman padişahın, dağlar bizimdir.

Dadaloğlu yarın kavga kurulur
Öter tüfek davlumbazlar vurulur.
Nice koçyiğitler yere serilir
Ölen ölür, kalan sağlar bizimdir.

“Moskof” paranoyasının artdığı illərdə Cem Karaca Almaniyaya mühacirət etməyə məcbur qaldı. “1 May” adlı qramofon valına “Kommunizm təbliğatı” damğası vurdular. Xaricdən istintaqa çağırdılar, gəlməyincə də Türkiyə vətəndaşlığından atdılar.

Karaca 1987-yə qədər Almaniyada yaşadı. Turqut Özalın bu ölkəyə səfəri zamanı onunla görüşməyə nail oldu. Özalın köməyilə vətəndaşlığı bərpa olundu. 8 illik mühacirəti zamanı atası vəfat etdi, dəfnində iştirak edəmmədi.

Azərbaycanda Qarabağ hadisələri başladı. Və Türkiyəyə döndükdə ilk çıxartdığı musiqi albomu “Nerede Kalmıştık” (1992) oldu. Bu albomun 7-ci mahnısı sözlərini və musiqisini özünün yazdığı “Karabağ”dır.

* * *

Müsahibə bitəndən sonra Hayrettin bəy Cem Karacanın mənimlə görüşmək istədiyini dedi. Nömrəmi verib o gözəl insanın yanından çıxdıq (Hayrettin Uzun sonralar BOTAŞ-dan istefa edərək, Ana Vətən partiyasından millət vəkili seçildi. Təəssüf ki, 55 yaşında çox erkən həyatdan getdi. Nur içində yatsın).

O gün gecə gec saatlarda Ankaradakı ev telefonum çaldı. Dəstəyi qaldıranda tütün və içki qarışımı bir səs “İrvam qardaş (kardeş deyil, qardaş –İ.N.), seher kahve içelimmi?” dedi salamsız-kəlamsız.

Ankaranın Aşağı Ayrançı səmtindəki sakit bir qəhvəxanada məni gözləyirdi. Qırmızı köynəyi, qara günəş gözlüyü ilə masadakı şlyapasından tanıdım Cem Babanı. Xoş-beşdən sonra “Karabağı dinlədinmi” deyə sordu. “Dinləmədim, belə bir mahnı olduğunu ilk dəfə eşidirəm” dedim. Cibindən çıxartdığı kaseti qəhvəxananın sınıq-salxaq maqnitofonuna yerləşdirdi (O mahnının linkini aşağıda paylaşıram sizlərə). Qulaqlarıma inanmadım, gözlərim doldu. Bu möhtəşəm mahnıdan xəbərsiz olduğuma inana bilmirdim.

Bitincə başa sardı. “Demirsən durum gedim/Gözü yolda qalan var” deyəndə onun də gözləri doldu. İri gözlüklərini taxıb, uzun-uzun düşündü. Bakını çox görmək istəyir, atalarının torpaqlarını görməyi xəyal edirdi…

Müsahibə vermək gəldi ağlına. Azərbaycan sevgisindən danışacaqdı. “Gerisi kolay” dedi, “Məni dəvət edəcəklər, əminəm”

Axşam yenə gec saatda zəng elədi. Kefli idi, amma səsində kefdən əlamət yox idi. Kameramızın markasını sordu xırıltılı səsi ilə. Təmirdədir dedim kameramız (Bizim BETECAM-ı Zeynəb Xanlarovaya klip çəkərkən dənizə düşürmüşdülər, tez-tez təmirə gedirdi). Ertəsi gün TRT-nin kafesində görüşmək üçün vədələşdik.

Atatürk bulvarında, Amerika səfirliyinin yanındakı TRT-nin o vaxtkı binasına gəldiyimdə Cem Karaca studiyanı açdırmış, işıq və mikrofonları qurdurmuşdu.

Əvvəl nənəsindən danışdı, ata nənəsindən. Onun danışdığı nağıllardan, oxuduğu ninnilərdən, bişirdiyi “murabbalardan”, çaldığı xaşıldan bəhs etdi sevgi ilə. Atalarının əslən Azərbaycandan olduğunu dedi qürurla. Sonra “Karabağ” mahnısını necə yazmasını nəql elədi, erməni zülmünü lənətlədi. Solçu Karaca bir türk milliyyətçisi kimi Qarabağın işğalını pislədi və o torpaqların ata torpaqları olduğunu dedi. Anasından söz açmadı. Çəkilişdən sonra qolumdan tutub “Anam ermənidir, amma mən türkəm” dedi…

Dilə gətirməsə də bəlli ki, Barış Mançoya qibtə edirdi. “Niyə mən də gedə bilməyim” deyə içində fırtınalar qopurdu. “İrvam qardaş, məni niyə qoymasınlar öz Vətənimə” dedi ayrılanda.

Onu nəinki Azərbaycana dəvət etdilər, heç müsahibəsini də vermədilər efirə. “Anası ermənidir, başımız ağrıyar” dedilər. Bu mənim senzuradan keçməyən ilk və son televiziya materialım idi.

Çəkilişin kaseti isə Bakıda qeybə çəkildi. O müsahibə nə mənim özümün, nə də AzTV-nin arxivinə düşmədən it-bat oldu.

Aradan 2 ay sonra yenə çox gec saatda zəng gəldi Cem Karacadan. “Bakıya gedəndə mənə Azərbaycan rok musiqisi gətirərsənmi” dedi. Bu xahişini də yerinə yetirəmmədim — bizdə rok musiqisi nə gəzirdi.

Aşağıdakı 2-ci linkdə Cem Karacanın ölümündən çox az əvvəl çəkilən bir verilişdə “Ayrılıq” mahnısını necə yanğıyla, necə ürəkdən və necə dərdli oxuduğunu görəcəksiniz. Bu məşhur mahnını belə fərqli və belə içdən, zənnimcə, kimsə söyləməyib. Dinlədikcə onun Azərbaycan sevgisi o qədər aydın görünür ki…

* * *

8 il sonra İstanbula köçdüm, qısa bir müddət sonra – 2004-ün fevralında Cem Karaca ani bir infarktla 59 yaşında vəfat etdi. Onu atası ilə eyni məzara dəfn etdilər. Bakıda məzuniyyətdə idim. Dəfnində iştirak edə bilmədim…

* * *

2017-nin 23 avqust günü can dostum Zeki Polatın Marmaris yaxınlığındakı Datça adlı sahil qəsəbəsində qonağı idim. Axşam “Qarabağ” klubunun Kopenhagendəki tarixi oyununu birgə seyr edəcəkdik. “Periscope”dan bir kanal seçdim. Zeki Bəyin mükəmməl ev sahibliyi və futbol şöləni. Əvvəlcə hər şey yaxşı idi, amma elə ki, bizimkilər qol vurdular zaman durdu sanki- oyun bitmək bilmirdi.

İxtisasca inşaat mühəndisi olan dostum həm də gözəl rəssam və ozandır. Sazını kökləyərək zamanı ətalətdən çıxarmaq üçün Xətaidən “Melüllenme (Hüzünlenme) Deli Gönül”ü söylədi –

Melüllenme Deli Gönül
Gez Bir Zaman Gör Nic’olur.
İndir Tahtını Yücelerden
Yık Bir Zaman Gör Nic’olur.

Oyun bitdi. Sevincimizi tərif etmək indi imkansızdır. O zəfər sərxoşluğunda Zeki Bəy birdən “Sen Karabağ parçasını bilir misin?” sordu. “Bilməz olurmuyum” deyib, Spotify-dan o parçanı tapdım. “Qarabağ”ın qələbəsini Cem Karacanın “Karabağ”ı ilə taclandırdıq.

“Bu asla bir Turan değil, muhteşem bir tufandır” oxuyurdu Cem Karaca. Onun bənzərsiz səsi Datçanın ən yüksək səmtindəki Yamanevlərdəki balkondan dalğa-dalğa şəhərə və oradan da dənizə doğru yayılırdı. Cem Baba “İki gözüm, bu işin yok sağı solu” deyəndə zəfərə necə tamarzı olduğumuzu və alagözlü Qarabağı düşünürdüm. Mənim xəyalımda Qarabağ alagözlüdür…

* * *

Böyük sənətkarla tanışlığımdan 22 il keçir. Bu illər ərzində düşünürəm ki, niyə “Karabağ” mahnısı “Dadaloğlu” qədər populyar olmadı, hitə çevrilmədi. Güman ki, bunun günahı anasının erməniliyini hər fürsətdə ortaya atanlardadır. Özlərini solçu adlandıran bəzi qruplar Cem Karacanın sonralar sağa — milliyyətçiliyə könül verməsini də qəbul etmək istəmədilər.

Cem Karacaya bizim mədəniyyət xadimlərinin sahib çıxması lazım idi. Erməni təəssübkeşi Sezen Aksu, Yavuz Bingöl, Özcan Deniz kimi müğənnilərin yerinə biz qucağımızı Cem Karacaya açmalıydıq məncə. Çünki, yazdığı o bircə mahnı ilə alagözlü Qarabağ üçün bütün türk musiqiçilərinin toplamından daha çox etmişdi.

Ölen ölür kalan sağlar bizimdir…

 

KARABAĞ

Karabağ’da talan var
Ak gerdana saldıran var.
Demirsen durum gedim
Gözü yolda kalan var.

Şeyh Ahmet Yesevi`nin yaktığı ateş
Ateş değil sanki şerbet iç dolu.
Binbir nakış söyler yerde kilimler
Ata yurttan Balkana ille Anadolu.

Bu asla bir Turan değil, muhteşem bir tufandır
Kavuşan elalem değil, can ile canandır.
Şimdi türkü söylemenin işte tam zamanıdır
İki gözüm, bu işin yok sağı solu.

 

Karabağ—  https://www.youtube.com/watch?v=KosF-BXblqs

Ayrılıkhttps://www.youtube.com/watch?v=dg96Zrp5fNs&index=33&list=RDm3JEXPTykNI

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (15 оценок, среднее: 9,87 из 10)
Oxunma sayı: 1469