Muəllif:

Müstəqilliyin dadı…

Bu yaxınlarda həmişə olduğu kimi xalqla bir yerdə şəhərdaxili marşrutların biri ilə evə qayıdanda şahidi olduğum maraqlı bir söhbəti sizinlə bölüşmək istəyirəm. “Baksovet” tərəfdə olan marşrutun başlanğıc nöqtəsində avtobus dolduqdan sonra sürücünün mühərriki gec işə salması ahıl bir kişinin narazılığına səbəb oldu. “Adə, sür də, nə qədər gözləməliyik?” iradı ilə başlayan söhbət çox-çox uzaqlara qədər gedib çıxdı. Dayanmadan gileylənən ağsaqqal bu dövrü ömrünün çox hissəsini yaşadığı sovet dövrü ilə müqayisə etməyə başladı. Elə diqqətimi də istər-istəməz söhbətin bu tərəfi çəkdi.

Ağsaqqal dayanmadan gileylənir, sovet dövründə nəqliyyatın qrafik punktuallığından tutmuş, insan sıxlığının olmamasıyla yanaşı, bir yerə getməkdə və vaxtında çatmaqda heç bir çətinliyin olmamasından da yanıqlı-yanıqlı danışırdı. Bu vaxt elə ağsaqqalın yanında oturmuş 60-70 yaşlarında olan “qarabirçək” (bu tip xanımlar bəzən özlərinə başqa cür xitab etdikdə əsəbiləşdikləri üçün həmin xanıma burda ağbirçək yazmaqda ehtiyyat edirəm) və elə sovet üslübunda (Xanım təmiz və səliqəli geyinmişdi. Sadəcə üslub 80-ci illərin geyim üslubuna çox bənzər idi) geyinmiş bir xanım da kişiyə həmsöhbət oldu. Əvvəl ağsaqqala “o dövrlə indiki dövrü müqayisə etmək doğru deyil” iradı ilə başlayan fikir kişinin o dövrün tərənnümü ilə bağlı “gözəlləməsi”nə dəstəklə davam etdi. Xanımın sözünün canı bu idi ki, o dövrdə 15 qardaş respublika yağ-bal, şad-xürrəm, sabitlik  içində yaşayırdı. Yemək də keyfiyyətli idi, təhsil də, mədəniyyət də fərqli idi. İnsana qiymət verilirdi. Hamı sosial idi. Pambıqçı da, müəllim də, həkim də…

Əslində, belə ictimai yerlərdə səssiz durmağa üstünlük versəm də, bu dəfə istisna olaraq onlara fikirlərində müxaliflik etmək istəyirdim ki, söhbət bu günün çatışmazlıqlarına gəlib çıxdı. Hər iki həmsöhbət bir-bir korrupsiyadan tutmuş xırda rüşvətə, monopoliyadan tutmuş yerlibazlığa, təhsildən tutmuş digər sosial sferalarda olan çatışmazlıqlara qədər bir çox şeydən danışdılar. Və mən yenə susub dinləməyə üstünlük verərək, beynimin bir küncündə danışılanları götür-qoy edirdim.

Və düşünürdüm. Düşünürdüm ki, mənim gözümdə sovet ziyalısı obrazı yaratmış bu iki həmsöhbət Xalq hərəkatı başlanan dövrdə görəsən harda idilər və ya nə işlə məşğul idilər? Daha doğrusu, kimin tərəfində idilər? Amma nədənsə mən o an təsəvvürümdə onları hərəkatın önündə gedənlər kimi canlandırırdım. İndi isə əməllərindən peşmanlıq çəkən biri kimi. Əziyyətlərinə, əməllərinə heyfislənən biri kimi.

O dövrdə hər şeyi gözə alan cəmiyyət müstəqillik arzusu ilə alışıb yanırdı. Müstəqilliyin rəsmən yenidən bərpa olunduğu 26 il əvvəl bir çox çətinliklər, müharibə, qarşıda dayanan bir çox maneələr olsa da, insanlar olduqca xoşbəxt və gələcəyə çox ümidli idilər. Özümüzün Azərbaycanımız olacaq. Öz dərdimizə yanan Azərbaycanımız olacaq. Müstəqil Azərbaycan və gələcəyə ümidli Azərbaycan. İnsanlar bu mübarizəni ona görə aparırdılar, ona görə müstəqillik əldə olunandan sonra hər bir çətinliyə dözürdülər ki, onun dadını hiss edə bilsinlər, onun şərbətini içə bilsinlər. Ümidlər böyük idi.

Müstəqillik, müstəqil Azərbaycan, demokratiya, insan haqqları, insan yaşayışı, böyük neft kontraktları və pulları, parklar, mərmərlər və sair və ilaxır. Bəs insanlar? Bəs adi insanlar onun şərbətini dada bildilərmi? Müstəqilliyi kimlər aldı, dadını kimlər daddı?

Bunları düşündükcə o iki insana haqq qazandırmaya bilmirdim. Amma bir tərəfdən də həmin insanların söhbətinə qıcıqlanırdım. Bu cür düşünən insanlara demək istəyirdim ki, nə edək ki, xalqın haqqı olan, onun əziyyəti ilə qazanılmış bir çox şeylər oğurlandığı kimi, müstəqilliyin dadını da, şərbətini də sizin əlinizdən oğurlayıblar. Adı sizin olub, dadı başqasının. Korrupsiya, rüşvət, təhsil, mədəniyyət, səhiyyə, insan haqqları və digər sahələrdə problemlər var. Amma bu müstəqilliyin günahı deyil. Onun dadını da sizdən oğurlayanların günahıdır. Sizin ümid etdiyiniz Azərbaycanı sizə verə bilməyənlərin günahıdır. Yoxsa ki, Azərbaycanın indi dünyada bəlkə də ilk sıralarda dura biləcək qədər perspektivi var idi. İndi Azərbaycanın hər bir sahədə Ukrayna, Gürcüstan, Litva, Latviya, Estoniya, Belçika, Polşa, Çexiya, Bolqarıstan, Slovakiya və adını çəkmədiyim digər Avropa ölkələrini geridə qoyub, ən azı Skandinaviya ölkələri ilə müqayisə ola biləcək nüfuzu ola bilərdi.  Bu tərəfini düşünək.

Uzun sözün gısası, demək istədiyim odur ki, bütün çatışmazlıqların günahını müstəqillikdə deyil, müstəqilliyin dadını qaçıranlarda axtarmaq lazımdır.

Bir sözlə, ümid hələ var.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (7 оценок, среднее: 9,57 из 10)
Oxunma sayı: 558