Muəllif:

Müdafiədə kimdir?

Düşünürəm ki, dilimizdə ən az işlənən sözlərdən biridir, bəlkə də birincisidir, müdafiə sözü. Bu sözə daha çox Müdafiə Nazirliyinin adında rast gəlirəm. Amma adı Müdafiə Nazirliyi olan bir nazirliyin nə işlə məşğul olduğunu belə, bilmirəm. Çünki bir dövlət olaraq, heç bir halda, düşmənlərdən müdafiə olunmuruq. Dövlət sərhədlərimiz təcavüzə uğrayıb, torpaqlarımız işğal olunub, düşmən hər an daha da içərilərə soxulmağa çalışır, insanlarımızı öldürür, çay sularımızı zəhərləyir, sularla minalar “göndərirlər”, hər an təhlükə altındayıq və sair və ilaxır…Sosial Müdafiə Nazirliyimiz var, amma sosial müdafiəmiz yoxdur. Vətəndaş olaraq bu durumlardan çox narahatam. Müdafiə vacib bir anlayışdır, vətəndaş olaraq  müdafiə olunmaq isə təkbaşına yerinə yetirilməli durum deyildir. Çünki dovlətin öz vətəndaşını hər cür təhlükələrdən, haqsızlıqlardan qorumaq və müdafiə etmək kimi vəzifəsi, vətəndaşın isə  konstitusiya ilə təsdiq olunmuş hüquqları vardır. Əgər bu işə məsul olan və vəzifəsi vətəndaşı qorumaq və müdafiə etməkdən ibarət olanlar, bu vəzifənin öhdəsindən gəlmirsə, o zaman özümüzü müdafiəsiz hiss edirik və  narahat oluruq. Bəs nə etməli?

Hal-hazırkı şəraitdə  bircə variantımız vardır: qorxa-qorxa yaşamaq…Çox qəribə durumdur, deyilmi? İşinin öhdəsindən gələ bilməyənə, ”gözün üstdə qaşın var”, demə, amma qorxa-qorxa yaşa! Fərqində olmadığınız bir məsələ var ki, bu durum sadəcə bir nəfərlə kifayətlənmir, sənin göz yumduğun durum çoxlarını pis vəziyyətə salır, səni, ailəni, övladlarını, onların gələcəyini və sənin kimi bu ölkədə yaşayan minlərlə insanı. Ən böyük düşüncəsizliyimiz isə məhz bu məqamla bağlıdır.

Müdafiə sözünə bir də futbolda rast gəlmək olur,daha doğrusu  futbol şərhçilərinin ifadələrində. Hətta futbolda da müdafiəni bacarmırıq, hamı, “urrey!” edib hücuma keçir, rəqib əks hücuma keçəndə isə məlum olur ki, müdafiəçiləimiz yerində  yoxdur. Hər kəs yerini tutana qədər isə iş-işdən keçmiş olur, qol yemiş oluruq. Qəribədir, bəlkə müdafiənin nə olduğunu bilmirik, bəlkə də əhəmiyyətini anlamırıq?

Keçən günlərdən, bir vacib hadisə yadıma düşdü, çünki bu hadisə də müdafiə ilə bağlıdır.

1998-99-cu illərdə kitab yazmaq üçün material toplayırdım. Kitab Qarabağ müharibəsi haqqında olacaqdı, odur ki, keçmiş döyüşçüləri soraqlayıb tapırdım və onlarla görüşüb söhbət edirdim (Bu işdə anam mənə çox kömək edirdi, çünki kəndimizin köçkün camaatının haralarda məskunlaşdıqlarını bilirdi, onların xeyir-şərindən qalmazdı). Bu cür üzbəüz söhbətlər bir çox mətləbləri də aydınladırdı. Onlar yenidən o günlərə qayıdırdılar, xatırlayırdılar, əslində aradan elə də çox zaman keçməmişdi, amma unudulanlar da vardı, özlərinin danışmaq istəmədikləri də. Onlar mənə etibar edirdilər, ürəklərini açırdılar, dərdlərini danışırdılar, çünki məni şəxsən tanımasalar da, ata-anamı tanıyırdılar, onların hamısına atam, əmilərim,  əksəriyyətinə və onların uşaqlarına isə anam və bibim dərs demişdilər. Müharibə başlayanda da məhz bu gənc döyüşçüləri, şagirdlərini tək qoymadılar, onlarla bərabər müəllimləri də kəndimizin müdafiəsinə qoşuldular. Əslində kəndlərimizdə yaradılan dəstələr özünümüdafiə dəstələri adlanırdı, amma söhbətlərdən gəldiyim qənaətlərdən biri də bu idi ki,  müdafiə məsələsi heç də düzgün qurulmayıb, təbii ki, peşəkar hərbçilərin olmamağı durumu dəyərləndirmək məqamlarının  da  unudulması demək idi. Müdafiə yox idi. Müdafiə olmadan aparılan mübarizə və hər cür hücum isə  açıq məğlubiyyət deməkdir. Necə ki, onlar da hücum əməliyyatlarında bacarıqlı olsalar da, düşmənin əks hücumları ilə məğlubiyyətə uğrayırmışlar. O zamanlar baş verən uğursuzluqların əvvəlində də, axırında da, yalnız gücünə, silahına güvənənlərin müdafiə ilə bağlı heç kimlə məsləhət aparmamaqları olub. Hərbdən az-çox başı çıxanlar da böyükləri, ağıllı adamları, onlarla bərabər qalıb kəndini tərk etməyən müəllimləri ilə məsləhətləşmək əvəzinə, təkbaşına qərarlar verərək hər kəsin  həyatını riskə ataraq, itkilərin çox olmasına səbəb olmuşlar. Anladığım odur ki, hər hansı bir mübarizədə, müharibədə və döyüşdə qalib gəlmək istəyirsənsə, mütləq müdafiə sistemin və taktikan olmalıdır, qüvvələrini qorumağı bacarmalısan. Əks halda məğlubiyyətin qaçılmazdır. Əslində, bu döyüşçülər elə həmin söhbət etdiyimiz günlərdə də müdafiəsiz və köməksiz idilər. Özləri harda gəldi yaşamağa, övladlarının ac qalmaması üçün nə iş olsa işləməyə çalışırdılar.

Gec də olsa keçmiş döyüşçülər də bunun fərqində idilər ki, biz müdafiə olunmurduq və bizi müdafiə edən, köməklik göstərən  yox idi. Bu qədər bacarıqlı, qeyrətli, ürəkli oğullarımızın, adi, elementar, amma çox vacib bir məqamı unutmaqları, yaxud da əhəmiyyət verməməkləri, eləcə də bunu etməli olanların “unutması”  ucbatından düşdükləri çarəsiz, ümidsiz, hal-hazırda isə dəhşətli duruma, bilmirdim üzülüm, əsəbiləşim, yoxsa ağlayım. Əlbəttə ki, bu üç hissin üçünü də onlarla bərabər mən də yaşayırdım.

Guya bu gün, ya sabahımız üçün belə bir müdafiəmiz var? Düşmənlə sərhəddə yaşayan insanların  qorunması üçün, zirzəmilər, sığınacaqlar varmı? Yoxdur! Guya müdafiə divarları tikiblər, bu divarlar insanları qoruya bilirmi? Yox! Yenə eyni səhvləri təkrar edirik. Müdafiə olunmuruq. Müdafiə olunmaq o deyil ki, düşmən güllə atanda sən də cavab verəsən, müdafiə olunmaq odur ki, sənin dövlət sərhədlərin var, etibarlı qorunur  və bu sərhədlər silahlı düşmən üçün keçilməzdir. O zaman vətəndaş da özünü güvəndə hiss edir.

Son zamanlar hüquq müdafiəçiləri anlayışı da hərdən eşidilməkdədir. Hansısa məmurun qəzəbinə tuş gələn vətəndaşların hüququnu müdafiə edən, onlara, özünü müdafiə etməkdə kömək edən insanlar. Amma onlar da hərdən  vətəndaşları sonadək qoruya bilmirlər, çünki onları  müdafiə edənlər də  bəzən zəif olurlar, müdafiəsiz olurlar. Vətəndaşın hüquqlarını tanımayan, onları incidən, təhqir və təhdid edən, vəzifəsindən sui-istifadə edən məmurlardan da qorunmaq, müdafiə olunmaq üçün heç bir müdafiə proqramlarımız, fəaliyyətimiz və təcrübəmiz yoxdur. Cəmiyyət  bu barədə məlumatsız, fəaliyyətsiz və köməksizdir. Dövlətin qorumadığı, qoruya bilmədiyi və ya qorumaq istəmədiyi  vətəndaşı kim qorumalıdır və ya kim qoruya bilər? Çox istərdim ki, hər kəs bu sual haqqında düşünsün və bunun çox vacib olduğunu anlasın.

 Qeyd: Əslində hər bir müəssisənin Həmkarlar Təşkilatı olur və o təşkilat işçilərin hüquqlarını qorumaq və işçini məmur haqsızlıqlarından, özbaşınalıqlardan  müdafiə etmək üçündür, amma təəssüf ki, illərdir maaşımızın əhəmiyyətli bir hissəsini bizdən qoparan Həmkarlar Təşkilatı nəinki işçini müdafiə etmir, hətta hansısa məmurları, işçidən qopardığı pullarla “yemləyir”.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 71