Muəllif:

Mirzə Cəlili niyə həbs etmişdilər?

 və ya “Ölülər” aləmindən “Dəli yığıncağı”na düşməyin əbədi faciəsi                         

28 Apreldə Azərbaycanın işğalından iki ay sonra Mirzə Cəlil ailəsi ilə gedib Təbrizə sığıınmışdı. Şura hökumətindən ağlı bir şey kəsmirdi, bolşeviklərə inanmırdı, hadisələri uzaqdan izləyirdi. Tezliklə geri qayıtmaq fikri də yox idi. Təbrizli dostlarının köməyi ilə “Molla Nəsrəddin”in nəşrini bərpa etmişdi, iki il ərzində ara-sıra çıxan jurnalın nüsxələri Bakıda da yayılırdı.

Günlərin birində təzə hökumətin sayılan simalarından olan xalq maarifi komissarı Dadaş Bünyadzadə Təbrizə teleqram göndərir və M.Cəlili dilə tutmağa çalışır ki,  qayıt Bakıya və jurnalını burda rahat burax. M.Cəlil də yaxşı tanıdığı bu adama cavab yazır ki, gələ bilmərəm, çünki siz orda adamları haqq-nahaq tutub dama basırsız, xoşunuza gəlməyənləri də güllələyirsiz. Söhbət uzanır, onların arasında yazışma bir müddət davam edir və nəhayət, sovet hakimiyyəti jurnalın sərbəst nəşrinə, təbii ki, həm də M.Cəlilin təhlükəsizliyinə təminat verdikdən sonra böyük ədib 1922-ci ilin payızında Bakıya qayıdr. Elə həmin ilin axırlarından burada “Molla Nəsrəddin”in nəşrinə başlayır. Başında də hələ Tiflis havası qalmış jurnal mətbuat mühitində bir canlanma yaradır.

  *   *   *

Jurnaldakı kəskin tənqidləri görüncə bolşevik hökuməti M.Cəlili Bakıya çağırmağına peşiman olur. Görürlər ki, jurnalın toxunduğu mövzular, tənqid hədəfləri və tənqidin tərzi qətiyyən dəyişməyib, eynən çar dövründəki kimi bütün nöqsanları sərt şəkildə qamçılayır. Bir-iki dəfə xəbərdarlıq edirlər, başına ağıl qoymağa çalışırlar, amma xeyri olmur, çünki zamanın əsdirdiyi qorxulu yellərə baxmayaraq, məslək sahibi M.Cəlil bir kimsə ilə mənəviyyat alverinə girməmişdi, kimsədən umacağı, kimsə ilə sövdələşməsi yox idi. Yenə də həqiqətə sadiq, yalana qarşı güzəştsiz, nadanlığa qarşı barışmaz idi. Orası pis idi ki, tez-tez bu barışmazlığın altını çəkməli olurdu. Və günlərin birində bu barışmazlıqdan doğan qürurulu davranış ona şura həbsxanasının da yolunu tanıtdı.

1923-cü ildə çıxan nömrələrdən birində  jurnal “Ölkədə savadsızlığa qarşı mübarizə elan olunur” adlı karikatura verir və şəklin aşağısında iri hərflərlə “maarif komissarı Dadaş Bünyadzadənin savadı olmadığına görə bu şüarın altından “Molla Nəsrəddin” özü imza atır” sözlərini yazır. Aləm bir-birinə dəyir, vəzifəli şəxsi belə “hörmətsiz” şəkildə tənqid etdiyinə görə M.Cəlili həbs edirlər. Çox sorğu-suala tuturlar, izahat istəyirlər, amma o, ağzını açıb bir kəlmə də danışmır, “mən yalnız Dadaşın özünə izahat verə bilərəm” deyir. Bir də xatırladır ki, çar hökuməti jurnalı bir neçə dəfə bağlasa da, heç vaxt onu zindana salmamışdı.

Ertəsi gün onu müstəntiqin otağına gətirirlər, xüsusi telefonla D.Bünyadzadə ilə calaşdırırlar. Komissar əda ilə ondan niyə belə yazdığını soruşanda M.Cəlil sakit tərzdə “Dadaş, bəyəm yalan yazmışam, axı sən haranı oxumusan, nə vaxt təhsil almısan, nə olsun ki, maarif işinə baxırsan, savadın yoxdur də…” deyir. Sonra komissarın hədələrinə, müstəntiqin əl-qol işarələrinə  əhəmiyyət verməyərək dəstəyi kənara qoyur. Heysiz və ümidsiz halda yaxındakı kətili altına çəkib oturur və başını gərilmiş əlləri arasına alıb dərin fikrə gedir. Həmin anda bu böyük şəxsiyyətin ağlından nələrin keçdiyini bir Allah bilirdi… Amma bir şey aydın idi ki, artıq illüziyalar bitmiş, ümidlər çilk-çilik olmuş, həqiqət soyuq həbsxana divarları arasında əsir edilmiş, gerçək söz ağır zindan qapılarının vahiməli səsi altında eşidilməz olmuşdu. Bisavadların, vəzifə kürsüsünə dırmaşmış matrosların və nəcabəti bəlli olmayan mutantların idarə etdiyi ölkədə “Molla Nəsrəddin” tənha və köməksiz qalmışdı.

M.Cəlil bu qısamüddətli həbsdən canını qurtarsa da, qorxunc rejimin əsl mahiyyətini, onun nəyə qadir olduğunu, bu sistemdə qazanların necə qaynadığını anlamışdı. Yox, qorxmamışdı, qorxsaydı, bu rejimlə qol-boyun olardı, onu vəsf edər, şəninə təriflər yağdırardı. Amma bütün məşəqqətlərə, maddi sıxıntılara, tənqid, təhqir və təhdidlərə baxmayaraq, bu qüdrətli qələm sahibi Şərə boyun əymədi, ona xidmət etmədi, heç bir güzəştə getmədi, bununla da nəsillərin qəlbində yazıçı adına, sözə və  özünə mənəvi abidə ucaltmış oldu.

“Molla Nəsrəddin”in isə bu həbsdən itkiləri çox oldu, tənqidin miqyası və kəsəri azaldı, hədəflər daraldı, yazılar müəyyən ideoloji çalar almağa başladı. Ona görə də mətbuat salnaməçisi, haqqında danışılan bu həbs əhvalatını söyləmiş Qulam Məmmədli yazırdı ki, sovet dövründə çıxan jurnal əvvəlki «Molla Nəsrəddin»ə qətiyyən bənzəmirdi. Səbəb o idi ki, M.Cəlilin adını redaktor kimi yazsalar da, jurnalı tamam başqa adamlar buraxırdı. Mənbələr bu kimi qara işlərdə M.S.Ordubadinin xüsusi fəallığını qeyd edir. Həmin vaxtlarda M.Cəlil Ordubadiyə yazıb ki, “gələn nömrədən başlayaraq, əgər siz o jurnalda “redaktor C.Məmmədquluzadə” yazsanız, mən bilirəm ki, haralara müraciət edəcəyəm”.

Bəli, vəziyyət ağır idi. Azərbaycan xalqının vicdanı sayılan bir dühaya mənəvi əzab verirdilər. Əlinə qələm alan, dili söz tutan bolşevik məddahları H.Cavid, Ə.Cavadla yanaşı, onu da dövrün nəbzini tuta bilməməyə görə tənqid edirdilər. Bir vaxtlar “Ölülər” aləmində yaşayıb, onu qəflət yuxusundan ayıltmağa çalışmış böyük bir yazıçı indi tamamilə yeni və daha qorxulu mühitə  — milli yaddaşını itirmiş, zombiləşmiş və qorxu yağdıran “Dəli yığıncağı”na düşmüşdü.

***

Mirzə Cəlilin sovet dövründə çəkilmiş bir neçə fotosu var. Bu fotoların heç birində böyük ədibin üzü gülmür, kədərlidir, dünyaya qəm pəncərəsindən baxdığı aşkar duyulur. Bu kədər, sanki ölmüş ideallara yasdır, peşmançılığın, azad düşüncənin buxovlanmasının, ruhi sıxıntının ifadəsidir. Mirzə Cəlil sovet dövründə sözlə yaza bilmədiyi acı mətləbləri, sanki bu kədərlə ifadə edir: həqiqətin, azad düşüncənin boğulduğu, yalanın tüğyan etdiyi, insan iradəsinin zorlandığı, ləyaqətin itirildiyi və matros düşüncəli fərdlərin idarə etdiyi bir cəmiyyətdə insanın üzü heç vaxt gülə bilməz…

email:[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (12 оценок, среднее: 9,67 из 10)
Oxunma sayı: 1463