Muəllif:

Milli ruhun diriliyi üçün

Bir çox qədim mədəniyyətlər əxlaqi dəyərləri itirdiklərinə görə dünya səhnəsindən silinmişlər.

Alen Miln (ingilis yazıçısı)

Əxlaq sarıdan axsayan mediamızda mənəvi dəyərlərə hücumun yeni dalğası kükrəməsəydi, Abdulla Şaiq və Abbas Səhhət kimi dühalara dil uzadılmasaydı, yəqin ki, bu yazını yazmağa ehtiyac olmayacaqdı. Min təəssüf! Keçmişə daş yağdırmaqda heç bir ölçü gözləməyən, tarixi şəxsiyyətləri haqq-nahaq məşhər ayağına çəkməkdə pərgar olan bəzi saytlar, yenə də öz “mübarək” missiyalarını davam etdirirlər.   Əvvəllər Bəxtiyar Vahabzadə, Anar, Ramiz Rövşən və başqalarına hücum çəkirdilər, sonra sərhədləri Rəsul Rza və Səməd Vurğuna qədər genişləndirdilər. Orada da dayanmadılar, daha dərinliklərə baş vurub, Üzeyir bəyə, Mirzə Cəlilə, Sabirə daş atmağa girişdilər.

İndi də bu xalqın ictimai düşüncəsinin, əxlaq və mənəviyyatının memarları olan digər böyük kişilərə çamur atırlar. Peyğəmbər kimi A.Şaiqi ədəbi oğurluqda ittiham edir, xəmiri Vətən sevgisi ilə yoğrulmuş A.Səhhətdən poetik analizlər götürüb onu rus DNK-sı ilə tutuşdururlar. Düşünürsən ki, bunlar nə deməkdir? Həqiqət axtarışımı, ucuz sensasiyamı, anlamazlıqmı, yoxsa milli köklərə qəsdmi? Bəlkə nəsillərin amansız davası, tarixə yanaşmanın təzə üsulu, dayaz araşdırmaları gözə soxmağın yeni tərzidir bu? Bəlkə mahiyyətcə infantil və düşüncə qısırlığı yaradan postmodernizm diqtə edir bunları? Bəlkə biz absurd teatrındayıq, zehnimiz kilidlənib və çevrəmizdə baş verənlərin bu milləti hansı mənəvi fəlakətlərə aparmasından xəbərsizik?

Təbii ki, baş verənlərin hardasa teatra aidiyyəti ola bilər, çünki aktyorlar ortada, hərdən hənirtisi gələn dirijorlar isə pərdə arxasındadırlar. Amma bütün hallarda klassiklərə belə aşağılayıcı yanaşmanın nə nəsillərin toqquşmasına, nə həqiqət axtarışına, nə də tarıxə münasibətdə mahiyyətə deyil, fraqmentlərə önəm  verən postmodernizmə aidiyyəti yoxdur. Mənim düşüncəmə görə, bu, birbaşa tarixi şəxsiyyətləri vurmağa, milli dəyərləri gözdən salmağa, xalqa milli əskiklik kompleksi yaşatmağa, dəyərsizlik mühiti yaratmağa hesablanmış siyasətdir.

Tarixin mürəkkəb anlarında dəyərlər bəzən bir millət və xalq üçün mənəvi kompas rolunu oynayır. Bəzən də taleyinə və tarixinə biganəlik birbaşa mənəvi boşluqdan, dəyərləri tapdalamaqdan qaynaqlanır. Tarix də sübut edir ki, milli köklərə bağlılığını itirən, dəyərləri tapdalanan xalq və cəmiyyət mütləq “ölümlə rəqs” oynamağa məhkumdur…

* * *

Orta əsrlərdə birdən-birə  Avropa rəssamlığında insanların skeletlərlə qol-qola rəqsini əks etdirən çoxsaylı şəkil və qravürlər meydana çıxmağa başladı. İntibahdan əvvəlki Qərb incəsənətində «La danse macabre» (“Ölümlə rəqs”) adlanan bu qravürlərdəki ölüm mövzusu, ən ciddi rəssamların yaradıcılığına da sirayət edirdi. Ədəbiyyatda, incəsənət və boyakarlıqda makabr obrazları dəbə mindikcə “Ölüm rəqsləri”nin havası tədricən teatra da keçirdi, artıq aktyorlar belə ölüm rəqslərini səhnələşdirir və saraylarda canlı oynayırdılar.

Makabr təlqin edirdi ki, insanla onun ölümü ekizdir,  yəni rəqs edən ölüm və ya ölü deyil, ölmüş “Mən”dir. Bir də insanlara anladılırdı ki, həyat əbədi deyil və sən bu dünyada elə yaşamalısan ki, sanki ölürsən. Ara-sıra üzə çıxan vəba epidemiyaları bu qorxunu bir az da aktuallaşdırırdı. Təbii ki, belə  düşkün fəlsəfə insanların sabaha inamını qıraraq tərkidünyalıq, ümidsizlik, həm də kütləvi psixoz və depressiya  yaradırdı. Ölüm kabusu insanların bir qismini kilsələrə ibadətə, bir qismini isə şərab içmək və əylənmək üçün vakxanaliyalara dartırdı…

Burası da var idi ki, insanları həyat eşqindən və mənəvi gücdən məhrum edən makabr düşüncəsi o dövrdə hakim feodallar, diktatorlar, despotlar üçün ideal kütlə yetişdirirdi. Tənqid hissini itirmiş bu məğmun kütlə dinib-danışmır, heç nə tələb etmirdi. Bu kütlə nə bilik toplamaq, nə də düşünmək hayındaydı, onu nə azadlıq, nə ictimai duyğu, nə mübarizə, nə mənlik və ləyaqət hissi, nə də siyasət maraqlandırırdı. Qorxu içində dünyanın sonunu gözləyən, insan həyatına və cəmiyyətə, hansısa məna verə biləcək ideallardan uzaq olan bu kütlənin yalnız heyvani qorxusu, bir də qarnını necə doyurmaq qayğısı var idi. Elə o vaxtdan belə ümidsiz, üzüyola, kütləvi nevroza mübtəla olmuş toplum manipulyasiyalar üçün ideal hədəf sayılır…

* * *

Vaxtilə Üzeyir Hacıbəyli yazırdı ki, bir millətin dünyanın gərdişinə tab gətirə bilməsi üçün hərbi, iqtisadi və mənəvi qüdrəti olmalıdır. Bu üç şərtin içərisində mənəvi gücü önə çəkən böyük mütəfəkkir qeyd edirdi ki, millətin ruhu diri, mənəviyyatı üstün olarsa, o zaman hərbi və iqtisadi qüdrəti də yaratmaq asanlaşar. Deməli, bəzi media “cəngavərləri” millətin ruhunu diri saxlamaq, onu güclü görmək istəyirsə, dəyərləri gözdən salmaq şakərindən əl çəkməlidir. Əlbəttə, məqsəd mənəvi burulğana düşmüş cəmiyyəti batırmaq yox, onu xilas etməkdirsə.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (8 оценок, среднее: 9,75 из 10)
Oxunma sayı: 583