Muəllif:

“Metal yorğunluğu”

Dövri olaraq mütəmadi şəkildə müsbətdən mənfiyə doğru dəyişən güclü təsirlərin nəticəsində yaranan məvhuma “metal yorğunluğu” deyilir. Sonda metal çat verib sıradan cıxır.

“Google”da axtarış verib “metal yorğunluğu”nun nə demək olduğunun elmi cavabını öyrənmək istədim. Əvvəl, rusca axtardım və onlarla istinad tapdım. Daha sonra isə azərbaycanca axtarış verdim. “Google” cavab verdi, amma türkcə. Nə qədər elədimsə, ana dilimdə bir istinad belə tapa bilmədim. Müsbətdən mənfiyə doğru dəyişən əsl sarsıntı idi, amma təəssüf ki, ömrüm boyu üzləşdiyim ilki deyildi, növbətisiydi… Lakin mən metal deyiləm, insanam. Ona görə də məndəki ruh, zehin yorğunluğudur…

***
Sahillərini Atlantika sularının yaladığı, Şimal qütbünə ən yaxın olan bir ada dövləti var – İslandiya. 330 min sakini var və onların bir çoxu hələ də elflərin və digər nağıl qəhrəmanlarının varlığına inanır… Orduları yoxdur, polisləri silah gəzdirmir, çünki oğru-quldur yoxdur, elə buna görə də evlərin qapılarını kilidləmirlər. Parlamentləri (Altinq) Avropada ən qədimdir – 930-cu ildə yaradılıb. Amma sözümün canı bu deyil. Bu günlərdə oxudum ki, ölkənin paytaxtı Reykyavikdə qışda buz bağlamasınlar deyə yerə isti səkilər döşənəcək. Bizdə isə çaydan yarım saatdan tez qaynamır…

Müsbətdən mənfiyə doğru yeni bir addım…

***
Xərçəng xəstəsi bir il əvvəl müalicəyə vəsaiti olmadığı üçün özünü xəstəxananın üst qatından yerə atır, bu bir il ərzində isə vətəndaşının müalicəsinə pulu tapılmayan ölkə ARDNŞ üçün 300 milyondan çox dəyəri olan ofis tikir…

Daha bir addım…

***
Dünyaca məşhur Hollivud ulduzu Corc Kluni az əvvəl rəsmən milyarder olur, bizimsə ondan heç də geri qalmayan aktyorlarımız az qala səfalət içində yaşayırlar…

Müsbətdən mənfiyə doğru bir addım daha…

***
Gürcüstan, Ukrayna və Moldovanın yaxın zamanda Avropa Birliyinə üzv olmaları üçün lazımi prosedurlara başlanılacaq. Az sonra bu ölkələrə də Şengen vizasıyla gedəsi olacağıq…

Müsbətdən mənfiyə daha bir addım…

***
Gənclərimiz nə Üzeyir Hacibəylini tanıyır, nə də Xan qızı Natəvanı. Mediamız çox kanallı, çox qəzetli, çox saytlı, amma bir ağızdan gələn bir səsli hala gətirilib. Buna baxmayaraq, Azərbaycanı tanıtmaq üçün daha bir TV kanalının açılmasını təklif edirlər, amma bir şeyi anlamırlar ki, metal da yorulub, zehin də…

İkisi də eyni səbəblərdən yorulsa da, nəticələri bambaşqa ola bilər…

***
Məşhur sovet fantastı İvan Yefremovun “Andromeda dumanlığı” adlı romanı var. Əsərdə bəşəriyyətin artıq kosmosla əlləşdiyi dövrdən bəhs edilir. Millət və dövlət məvhumları unudulub, hamı planet üçün çalışır. Demək olar ki, kommunizmdir… Bu əsəri məktəbli ikən oxumuşdum və elə o vaxtdan da yaddaşıma bir məqam pərçimlənib — “Yefremovun gələcəyində” işinin öhdəsindən lap əla gələn insanlar da bir yerdə 5 ildən artıq qalıb işləmirdilər, düşünürdülər ki, bir işlə sərasər 5 ildən artıq məşğul olmaq çox darıxdırıcıdır. Və depressiyaya düşməmək üçün planetlərarası birliyə uğurla rəhbərlik edən adam rahatca vəzifəsini buraxıb arxeoloji qazıntılarla məşğul olmağa başlayır… Sovet yazıçısı olduğu üçün gerçəklik haqqında birbaşa yaza bilmirdi, ona görə də fantastikanı seçmişdi, Ezop dilində yazırdı.

***
Müəmmər Qəzzafi Liviyaya 1979-cu ildən təkbaşına rəhbərlik edirdi. Bu rəhbərlik 32 il sürdü. Nəhayət, 2011-ci ildə “sevdiyi” milləti onu pazlayıb öldürdü. Ölkəsi də viran oldu.

Səddam Hüseyn İraqa 1979-cu ildən 24 il ərzində rəhbərlik etdi. ABŞ İraqa qoşun yeridib onu devirəndə millət etiraz etmədi, əksinə sevindi və Səddamı asdılar. İraq xaraba gündədir.

Hüsnü Mübarək Misirin başında 1980-ci ildən 2011-ci ilədək oldu. Hakimiyyəti “ərəb baharı”yla nəticələndi. Devrildi və ixtiyar yaşında məhbəs həyatı yaşadı. Bu günlərdə terrorçular məscidə bomba atıb cümə namazına yığışmış 240-dək insanı qətlə yetirdilər.

Bəşər Əsəd 2000-ci ildən Suriyanın başındadır. Ölkə darmadağın olub.

Robert Muqabe 1980-ci ildə Zimbabve (keçmiş Cənubi Rodeziya) yaranandan bəri onun rəhbəri idi. 2017-ci ilin noyabrında hərbi çevriliş nəticəsində prezident kürsüsündən istefa verəsi oldu. Milləti küçələrə tökülüşüb sevinir.

Vladimir Putin 2000-ci ildən Rusiyanın, Rəcəb Tayyip Ərdoğansa 2003-cü ildən Türkiyənin başındadır.

Angela Merkel də 2005-ci ildən Almaniyanın Bundeskansleridir. Bu il dördüncü dəfə seçkiləri uddu, amma az qala iki aydır ki, hökümət qura bilmir. İndi iki seçimi var, ya yeni seçkilər elan etməli, ya da istefa verməlidir. Almaniyaya sabitlik və iqtisadi çiçəklənmə veribsə də, milləti yorub…

Donald Trampsa seçildiyi bir il deyil artıq hamını yorub…

Və burada söhbət heç də demokratiya, insan haqları, iqtisadı və sosial çiçəklənmədən getmir, hərçənd, bu məqamlar çox böyük əhəmiyyətə malikdir. Sadəcə, metal yorulub çat verirsə, ruh da yorulur, zehin tab gətirmir, yəni metal yorğunluğu ruh (zehni) yorğunluğuna gətirib çıxarır…

Metal yorğunluğu fizika qanunudur. Fizika isə yer cazibəsi hesabına bu planetin üstündə gəzə bilən Afrika sakinindən tutmuş Qoca Avropa və Yeni Dünya insanınadək hər şeyə və hamıya eyni cür təsir edir.

Ruh yorğunluğu istənilən halda acınacaqlı nəticələrə gətirir, çünki millət ruhən yorulanda ya mütiləşib “sürünən kölgələrə” çevrilir, ya da qarşısına çıxan hər şeyi darmadağın edir.

Çalışın nə özünü yorasınız, nə də ətrafınızdakıları, çünki fizika qanunlarını hələ ləğv edən olmayıb!

Yorulmayasınız!

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (5 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 1192