Muəllif:

Mən Zərdabidən niyə küsdüm?

 Yalama müdafiəçiləri haqqında materiala bütövlükdə cəmiyyətin süst reaksiyasından pəjmürdə idim. Qorxaqlarından, satqınlarından üz döndərənləri çox görmüşdüm, amma qəhrəman övladlarına yiyə durmaq istəməyənlər mənim üçün heç yerdə müşahidə etmədiyim əcaib bir yenilik idi.

Kədərli düşüncələr içində «milli özünəməxsusluğun» bu incəliyinin sirrini anlamağa çalışırdım. Həsən bəy Məlikovun 1871-ci ildə Zərdabdan Bakıya, hələ də bizə naməlum qalan ünvana yolladığı «Redaksiyaya məktub»u yadıma düşdü. Onun sovet vaxtı çapdan çıxmış «Seçilmiş məqalələr və məktublar»ını tapmaq üçün şəxsi kitabxanamı ələk-vələk etdim. Tapa bilmədim. Görünür, kiməsə vermişdim və təbii ki, qaytarmamışdılar.

Bir neçə həftə şəhərin kitab mağazalarını gəzdim, topdansatış məntəqələrində oldum, nəşriyyatlara zəng etdim, bukinistlərlə əlaqə saxladım. Zərdabi üzə çıxmadı ki, çıxmadı. İnternet də köməyimə yetmədi. Qəribədir, Azərbaycan mətbuatının banisinin, faktiki olaraq, ilk naşirlərdən birinin ömrünü həsr etdiyi ölkəsində öz kitabı ələ keçmirdi. Əlbəttə, Axundov kitabxanasına üz tuta, tədqiqatçılara zəng edə bilərdim, amma istəmirdim. Bilmirəm, bəhsə düşmüşdüm, ya Zərdabinin Axundova münasibəti qarşımı kəsirdi.

Bukinistlərdən xahiş etmişdim ki, hər hansı kitab əllərinə düşsə, mənə zəng vursunlar. Tez-tez də onlara baş çəkirdim. Bağdan şəhərə benzin yandırmağım özümə qalırdı.

Bir dəfə köhnə dəyirmanla üzbəüz bukinistlə söhbət edəndə onun yanındakı qəribə görkəmli adam gözlənilmədən: «Nə lazımdır? Zərdabi? Nə kitabdır? Mən taparam!» dedi. İnanmadım. Heç kitab adamına bənzəmirdi, əksinə, özü Hüqonun kitablarından çıxmış «gecəqondular qəhrəmanı»na oxşayırdı.

Növbəti həftə bukinist zəng edib bizi görüşdürdü. «Hüqonun qəhrəmanı» qoltuğundakı  bağlamanı mənə uzatdı. Açıb baxdım. O İDİ! Məndən cəmi iki yaş kiçik olan kitabın ağzı-burnu əyilsə də, ən əsası, saralmış səhifələri yerindəydi, bəzilərinin hələ qatı kəsilməmişdi. Hər ehtimala qarşı, səhifələrdə möhür olub-olmamasına da diqqət yetirdim («hardansa çırpışdırmayıb ki?»)

— Neçə verəcəyəm?

«Gecəqondular adamı» sınayıcı nəzərlərlə üzümə baxdı, sonra barmaqlarını şaqqıldatdı və qaş-qabaqlı tərzdə «Otuz beş manat» dedi.

Pulu çıxardım. İlk dəfə idi ki, üzərində «1r. 60kop.» yazılmış mala məndən 35 manat alındığına görə özümü aldadılmış sanmırdım, sevinirdim.

Maşina oturan kimi «Redaksiyaya məktub»u açdım.

…Erməni, gürcü xeyriyyə cəmiyyətlərinin on ildən artıq gördüyü işlərdən həvəslənən Zərdabi belə cəmiyyətlərdən birini də müsəlmanlar üçün açmaq istəyir. Nizamnaməni qeydiyyata aldırır, özü isə «milyonlar və generallar» şəhəri adlandırdığı Tiflisdən düşüb üzü Şuşaya və Bakıya tərəf Dərəçiçəyi, İrəvanı, Naxçıvanı, Zəngəzuru, s. yerləri gəzir. Müsəlman tələbələrə yardım cəmiyyəti üçün lazımi vəsaiti toplaya bilmir, amma dərk edir ki:«Bizim müsəlmanlar hərəkət etməyə öyrəşməyiblər, yaxşı nə varsa, hökumətdən alacaqlarını gözləyirlər, şəxsi təşəbbüslərə şübhə ilə baxırlar. Həm də onlar özlərini evdə, bir də zəiflərə qarşı göstərirlər, dünyanın güclüləri qarşısında isə baş əyməyə, onların hər istəyini yerinə yetirməyə hazırdırlar. Baxmayaraq ki, güclü heç onların üzünə baxmaq istəmir».

Yeri gəlmişkən, Zərdabinin min bir əzabla yaratdığı müsəlman xeyriyyə cəmiyyəti cəmi bir neçə il yaşadı. Axırda, bağlananda, orada beşcə nəfər qalmışdı, onun da üçü müsəlman deyildi.

Belə-belə işlər.

Zərdabidən niyə küsdüm? Nə bilim, mənim də gücüm ona çatdı… Özləri uzun illərdir dövlət vəzifələrini, kitabları piştaxtaları, pyesləri teatr səhnələrini tutmuş məmur-deputatlarımızdan küsməyəcəkdim ki! Hakimiyyət dəhlizlərinin havasında nə varsa, adamın bütün istedadını yerindən oynadır, fantaziyasına güc verir: vaxt tapıb əsər də yazırlar, kitablar da buraxırlar, qəzet-jurnal, kino da yaradırlar, mahnı da bəstələyirlər, rəsm də çəkirlər.

Mənsə özümə söz verdim ki, «Yalama» pyesini qurtarıb Zərdabinin «Ucqar yerdən xəbərləri» əsasında bir pyes də yazım.

Ustadla barışmaq üçün.

email:arif@yeninesil.az

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (7 оценок, среднее: 9,86 из 10)
Oxunma sayı: 943