Muəllif:

KÖLƏ OLMAQ İSTƏYİRİK

Mehman Əliyevin həbsini eşidəndə vaxtılə köləliyə qarşı çıxışlarına görə eyni taleyi yaşamış bir ABŞ yazıçısının  dediyi sözlər yadıma düşdü:”Köləliyin dəstəkləndiyi və rəsmiləşdirildiyi bir dövlətdə vicdanlı insan üçün ən şərəfli yer həbsxanadır”.

Mehman Əliyev indi həbsxanadadır. Sözsüz ki, bütün dostları kimi mən də onu tezliklə azadlıqda görmək istəyirəm.

Azərbaycanda rəsmən, yəni, Konstitusiyamıza görə, hər bir fərd azad olmağa “məhkumdur”. Amma mənə əzab verən bir sual var: nə üçün son illərdə həbsxanalar vicdanı olan vətəndaşlar üçün ən şərəfli yerə çevrilib? Əslində, bu sualı cavabını tapmaq və ya kimdənsə eşitmək üçün   səsləndirmirəm. Məqsədim qarşılaşdığımız faciənin nə qədər böyük olduğunu hiss etdirməkdir. Axı Azərbaycan xalqı adlanan toplum (mən yalnız Azərbaycan türklərini deyil, ölkəmizdə məskunlaşmış millətləri və etnik azlıqları da nəzərdə tuturam) tədricən mənəvi kölələr cəmiyyətinə çevrilir.

Özü də söhbət yalnız Mehman Əliyev və digər siyasi məhbusların başına gələnlərdən getmir. İnsanların həbsi nə qədər ağrılı hadisə olsa da, yalnız böyük bir prosesin sonuncu akkordu, nəticəsidir.

Azadlığımızın simvolu olmuş və ola biləcək bütün dəyərlərin  bir-birinin ardınca sıradan çıxarıldığını artıq görməmək mümkün deyil. Mətbuatdan başlayaq. “Azadlıq” və “BBC” radiostansiyalarını susdurdular.  Bu çox böyük və görünməniş “qələbə” idi. Əvvəla, söhbət beynəlxalq aləmdə çox böyük nüfuza və gücə malik media qurumlarından gedirdi. İkincisi, bu media qurumlarının arxasında ABŞ və Böyük Britaniya kimi dünyanın taleyini həll etmək iddiasında olan beynəlxalq güclər dururdular. Necə deyərlər, “dişlərinə vurdular” və dəyərlərin “qəlp”, yəni, maraqlara qurban verildiyinin şahidi oldular.

Bundan sonra azadlığımızın digər media simvollarını – “Azadlıq”, “Ayna” və “Zerkalo” qəzetlərini, yolverilməz kompromislərə getdiyinə görə haqlı olaraq tənqid olunan ANS-i məhv etmək su içmək kimi asan idi.  Əzici sistem daxili müqavimət gücünün çox zəif olduğunu, xarici təzyiqin isə görüntü xarakteri daşıyacağını bilirdi. Keçən həftə mətbuat sahəsində azadlığımızın sonuncu simvolu – “Turan” “qalası” alındı.  Çox gözləməli olduq. Bu acınacaqlı sonun daha tez gələcəyini düşünürdüm.

Bu həm də qaçılmaz bir nəticə idi. Yenə də qeyd etmək istəyirəm ki, söhbət yalnız media sahəsindən getmir. Azad biznes çoxdan məhv edilib. Artıq insanları rüşvətsiz və proteksiyasız təhsil almaq hüququndan da məhrum etmək istəyirik. Demək olar ki, hamıya ali təhsil almaq imkanı yaradan test qəbul üsulu Elçibəy hakimiyyətinin əzici sistem üzərində çox azsaylı qələbələrindən biri idi. Azadlığımızın bu simvolundan da imtina etməyə hazırlaşırıq. Hələlik qalanı Dövlət müstəqilliyimizdir. Amma burada da hamıdan fərqlənmişik. Öz DÖVLƏT MÜSTƏQİLLİYİNİ bayram etməyən tək-tük dövlətlərdən biriyik, bəlkə də yeganəsiyik.

Az qala yadımdan çıxmışdı. Sistem bizi Allahdan məhrum edir. Bəziləri deyəcəklər ki, Allahı bu masələlərə qatma. Ağını çıxarma. Elə deyil. 30-cu illərin ictimai-siyasi sahədəki “ixtiralarından” biri “Vətən xainlərinin  ailə üzvləri” anlayışı idi. Hətta “Vətən xainlərinin ailə üzvləri haqqında” 1935-ci il 30 mart tarixli qanun belə qəbul olunmuşdu. Valideynlər, övladlar, bacı-qardaşlar “vətən xainlərinin ailə üzvləri” sayılırdılar. Onları bir çox hallarda Sibirə sürgün edirdilər.  Bizdə heç kimi Sibirə sürgün etmirlər. Ən azından ona görə ki, Sibir indi başqa bir dövlətin ərazisindədir. Həbs edirik. Düzdür, “vətən xainlərinin ailə üzvləri” adı ilə yox, narkoman, xuliqan kimi. Ən vacibi isə bacını qardaşdan, ana-atanı övladdan, yəni, “vətən xainlərinindən” imtinaya məcbur edirik.

Konstitusiya və qanunlara görə, heç kim yaxım qohumlarına qarşı ifadə verməyə məcbur edilə bilməz. Bəzi ölkələrdə isə ər-arvadın bir-birinə qarşı ifadə verməsi qanunla qadağan olunub.  Bu hüquq və qadağaların çox dərin dini-fəlsəfi kökü var. Hesab edilir ki, ailədaxili münasibətlər, bağlar  Yaradan tərəfindən müəyyənləşdirilib və qanunun bu bağları qırmaq imkanları qeyri-məhdud olmamalıdır.

Allahı, başqalarını demirəm, özümüzün gələcəyini belə düşünmürük. Əslində övladlarımıza deyirik ki, bir az çətinə düşən kimi və ya maddi nemətlər xatirinə  istənilən vaxt bizdən imtina edə bilərsiniz. Bu Allahdan imtina etməyə bərabərdir.

Keçən əsrdə yaşamış ingilis riyaziyyatçısı, filosofu və ictimai xadimi Bertran Rasselin fikrincə  “çox az insan başqa insanlara, millətlərə, fərqli fikirlərə nifrət etmədən xoşbəxt ola bilər”. İstəməzdim ki, bu cür qlobal yanaşma təcrübədə öz həqiqiliyini sübut etsin. Bu  halda sivilizasiyamızın gələcəyi yoxdur. Onda bİz məhvə məhkumuq.

Amma unutmamalıyıq ki, qaliblər xatirələrlə, məğlublar isə nifrət və  intiqam hissi ilə yaşayır! Əslində məğlubları yaşadan, məncə, nifrət hissi və intiqam arzusudur. Mən Mehman Əliyev kimiləri nəzərdə tutmuram. Çünkü Mehman Əliyev məğlub olmayıb. O sona qədər inandığı dəyərlərə sadiq qalıb. İnanıram ki, əgər nə vaxtsa bu gün həmkarımı və dostumu həbsə göndərənlərin hüquqları pozularsa, Mehman yenə də etiraz səsini ucaldacaq.

Söhbət bütün bunların baş verməsinə imkan  yaradan “susan çoxluqdan”, yəni yuxarıda haqqında danışdığım “mənəvi kölələr toplumundan” gedir. Hamımızın onların hüdudsuz nifrətinə əsaslanan intiqamının qurbanı olmaq təhlükəsi var. Bu da qaçılmaz sonucdur. Əgər onu doğuran səbəbləri aradan qaldirmasaq.  Bunun üçünsə, “kölələr” deyil, “qaliblər” toplumu yaratmaq lazımdır…

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (7 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 1502