Muəllif:

İntihar mesajları

İntihar yenə gündəm olub. Bir gündə bildiyimiz 2 intihar xəbəri. Altından xətt çəkərək bizim bildiyimiz yazıram. Bilmədiklərimiz də olubmu? Bunu dəqiq deyə bilmərəm.

Biri qatı cinayətkar kimi tanınan, böyük qətllərin, günahların müəllifi Hacı Məmmədovun intiharı. Baxmayaraq ki, bunun intihar olmadığına inananlar da var. Yeri gəlmişkən, nə məsələdirsə böyük vəzifələr tutan və böyük cinayətlərə imza atan şəxslər ifşa olunduqdan sonra həbsxanada intihar edirlər. İlqar Əliyev bir, Hacı Məmmədov iki.

O biri intihar isə günahsız, məsum 12 yaşlı uşağın intiharı.

Hər ikisi də özündən sonra məktub qoyub getdi.

Doğrudur, Hacı Məmmədovun özündən sonra bizə qoyub getdiyi çox böyük “miras” oldu. Özü ilə apardığı sirrlər. Özündən sonra qoyub getdiyi şifrəli mesaj dolu rəsmlər və.s. İndi o sirrləri, o mesajları çözməyə xeyli zaman lazımdır. Əgər ki, unudulmasa…

Amma indi çözə biləcəyimiz şifrəsiz-filansız bir məktubumuz var. 12 yaşlı uşağın intiharından əvvəl yazdığı, ölümündən sonra qoyub getdiyi məktub. Əslində həmin məktubun mesajı daha böyükdür. Düşünə biləcəyimiz, çözümünü tapa biləcəyimiz mesaj. Daha doğrusu bu məktub həm də böyük dərs olmalıdır valideynlərə, cəmiyyətə. Amma dərs alan olacaqmı?

Əvvəlcədən yazıram ki, məni doğru anlayasınız. Mən AzTV-nin dili ilə desəm, kifayət qədər multikultural, tolerant biriyəm. Liberalam. Dinlə, dindarla işim yoxdur. Heç vaxt dini, milli, irqi, cinsi ayrıseçkilik etmirəm. Və ya kiminsə dini heysiyyatı, əqidəsinə hörmətsizlik etmək mənlik deyil. Mənim işim cahilliklədir.
12 yaşlı uşaq intiharından əvvəl yazdığı məktubunda sevimli peyğəmbərinin yanına getdiyini yazıb. Məlum olur ki, uşaq yaşadığı kənddə dərs almaq üçün molla yanına gedirmiş.
Bu da nəticə.

Mən günahı hansısa mollada görmürəm. İndi yasda olan, övlad acısı çəkən ata-ananı da bu vəziyyətlərində günahlandırmaq istəmirəm. Allah kimsəyə övlad acısı yaşatmasın!

Amma acını çəkməmişdən öncə valideyn olaraq bütün addımlarımızı götür-qoy etməliyik. Dindarlar, dinə bağlı insanlar, dini, Allahı, peyğəmbəri sevən yetkin insanlar özlərinə, əqidələrinə, heysiyyatlarına hörmət tələb etdikləri kimi özləri də uşaqlarına əqidə, düşüncə azadlığı verməlidirlər.
Çox lazım deyildi. Cəmi 3-4 il sonra həmin bu 12 yaşlı İsmayıl özü hər şeyi dərk edəcəkdi. Özünün əqidəsi olacaqdı. Özü öz seçimini edəcəkdi.

Amma 12 yaşlı uşağın beynini dinlə, molla ilə doldurmağın nəticəsi bəzən belə sonluqla nəticələnir.
İndi onun müşahidə çağı idi. Həyatı, insanları, mühiti, cəmiyyəti müşahidə edib, özü üçün doğru nəticələr çıxaran çağı. Bizim borcumuz isə, valideyn olaraq, cəmiyyət olaraq 12 yaşlı uşağa doğru yolu göstərmək, doğruları öyrətmək idi.

İsmayıl bir qədər böyüyəcəkdi. İslamı seçsəydi, dərk edərək seçəcəkdi. Öyrənmək istəsəydi axtarıb, arayıb, doğru bir din alimi tapacaqdı. Ondan öyrənəcəkdi. Dərk edə-edə öyrənəcəkdi. Və onu da biləcəkdi ki, İslam intiharı qəbul etmir. Amma İsmayıl bunu bilmədən getdi.

Bir də məni düşündürən odur ki, bütün dünya çalxalanır. Din pərdəsi altında, İslam pərdəsi altında o qədər təhlükəli qruplar, ekstremistlər yaranıb ki. İsmayıl o qruplardan birinin üzvü olan “molla” yanına getsəydi, sonluq yenə də yaxşı olmayacaqdı. Bəlkə də özü yaşayacaqdı, amma başqalarını yaşatmayacaqdı. Beyni yuyulmuş, kafası ölümlə, qanla doldurulmuş bir ekstremist olacaqdı.

Allah qorusun!

Valideynlər, cəmiyyət uşaqları kiminsə yanına göndərməmişdən əvvəl bir qədər də bu barədə düşünsünlər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 101