Muəllif:

İNDUSTRY 4.0

“Mən düşündüyüm üçün mövcudam…”- deyən robot insanlara istehza ilə baxdı.

“Mən robotam”, Ayzek Azimov

 

Bir müddət əvvəl ailəvi dostlarımızla Türkiyəyə uçurduq. Əvvəlcədən elektron biletlər də almışdıq, amma hava limanında qeydiyyat zamanı çətinə düşdük – guya aldığımız biletlərin qiymətinə baqaj pulu daxil deyilmiş. Əlavə ödəniş etməli olduq. İstirahətimiz pis başlamırdı. Hamımız əsəbiydik. Qeydiyyatla məşğul olan xanım halımızı görüb bizə ürək-dirək vermək istədi və ağzını büzərək:”Heç internetnən də bilet alarlar!”,- dedi. Bir-birimizin üzünə baxdıq. Əlimizdən gülməkdən başqa heçnə gəlmədi…

***

Davosdakı Dünya İqtisadi Forumu (WEF- World Economic Forum) barədə xəbəri olmayan çox az adam tapılar. Bu Isveçrə qeyri-hökümət təşkilatı 1971-ci ildə Klaus Martin Şvab (Klaus Martin Schwab) tərəfindən yaradılıb. 1938-ci ildə Almaniyanın Ravensburq şəhərində doğulan Şvabın atası fabrik direktoru olub. Gimnaziyanı bitirdikdən sonra Sürixdə İsveçrə ali texniki məktəbində oxuyub və mühəndis diplomu alıb. 1965-ci ildə texniki elmlər doktoru olub. Daha sonra təhsilini davam etdirərək İsveçrənin Fraiburq universitetində sənaye iqtisadiyyatını öyrənib və 1967-də iqtisadiyyat doktoru elmi dərəcəsini də alıb. Bununla da kifayətlənməyən Şvab Harvard Universitetini dövlət idarəçiliyi magistr dərəcəsi alaraq bitirib (Master of Public Administration).

1972-ci ildən Cenevrə universitetinin professoru olaraq işgüzar idarəçilikdən mühazirələr oxuyub. Harvard universiteti və Massaçusets texnoloji institutunun akademik həyatında fəal iştirak edir.

Klaus Martin Şvab hələ də WEF-in təsisçisi və rəhbəridir. 1000-dən artıq üzvü olan bu QHT hər il İsverçrənin Davos şəhərciyində dünyada gedən iqtisadi, siyasi, texnoloji proseslər, o cümlədən də iqlim və ətraf mühitlə bağlı məsələləri ən nüfuzlu iş adamları, dövlət başçıları və digər sanballı insanların iştirakıyla müzakirə edir. Davosda hər il olduqca qlobal məsələlər haqqında həm açıq, həm də qapalı məsləhətləşmələr baş tutur. 2016-cı ildə isə cənab Klaus Şvab bəşəriyyətin artıq “industry 4.0”, yəni 4-cü sənaye inqilabı dövrünə girdiyini bəyan etdi.

Bəs 4-cü sənaye inqilabı nədir və ya nə deməkdir? Ümid edirəm ki, hörmətli oxucularım 3-cü sənaye inqilabı barədə yazdığımı unutmamışlar. Amerikalı Ceremi Rifkinin hətta bu barədə kitabı da var. Bir ildir ki, bu kitabı əldə etmək istəyimə rəğmən hələ də bunu edə bilməmişəm, çünki həmin əsər bestsellerə çevrilib. Hamı daxiliyanma mühərriyinin sonu və bununla bağlı baş verəcək dəyişikliklər haqqında oxumaq istəyir. Ceremi Rifkinin mühazilərində söylədikləri və yazdıqlarını tam anlamamış və həzm etməmiş Klaus Şvab 4-cü sənaye inqilabından söz açdı və bu barədə kitab da buraxdı. İndi də 3-cüsü barədə kitabı tapmamış 4-cüsünün axtarışına çıxmışam. Amma 4-cü sənaye inqilabının əlamətlərindən olan qlobal şəbəkədə artıq bu kitabı oxumaq mümkündür. Hər halda bu imkandan yararlanmaq niyyətindəyəm. Beləliklə, gəlin dünyanı da deyil, bizim özümüzü belə kökündən dəyişdirməli olacaq bu inqilabın nə kimi bir şey olduğunu anlamağa çalışaq.

Klaus Şvab məqalələrinin birində 2008-ci ildəki böhrandan sonra dünyanın iqtisadi artımın əvvəlki səviyyəyə çatdırılması üçün olduqca böyük səylər göstərməsinə baxmayaraq bunu tam mənasında edə bilmədiyi haqda yazır. Onun fikrincə, böhranı doğurmuş səbəblərin müvəqqəti olduğunu düşünmək yanlış olduğundan anlamaq lazımdır ki, iqtisadiyyat böhrandan sonrakı yeni dövrdə tam başqa bir şəkildə işləyəcək.

Şvab yeni dövrün yaxud da yeni dünyanın altı əsas səbəbini qeyd edir.

Birincisi, iqtisadi artım böhrandan əvvəlkindən xeyli zəif olsa da, sabitləşəcək;

İkincisi, artımı texnoloji dəyişikliklər təmin edəcək və onların təsiri XIX və XX əsrlərdəki sənaye inqilabınındakından daha əsaslı, nəticələri isə daha tutarlı olacaq;

Üçüncüsü, dəyişikliklər müasir dünyada mövcud olan qarşılıqlı əlaqələr hesabına böyük sürətlə baş verəcək və onlar həm iqtisadi strukturlara, həm hökumətlərə, həm təhlükəsizlik təminatı mexanizmlərinə, ən əsası da insanlarin həyatına siraət edəcəklər;

Dördüncüsü, bütün sahələrin başdan ayağacan dəyişə biləcəyi ehtimalı olduqca güclüdür. Məsələn, bütün kommersiya daşınmaları sahəsini alt-üst etmiş Uber. Əmtəə və xidmətlərin “uberləşdirilməsi” baş verir, yəni, istehlakçılar onlardan istifadə etsələr də, mülkiyyətçi olmurlar;

Beşincisi, 3D çapı bütün sənaye istehsalını dəyişəcək, yəni təminatçılar (provayderlər) şəbəkəsi ya tam yoxa çıxacaq, ya da tamamilə başqa bir şəkil alacaq. Çeviklik hər şeyi həll edəcək;

Altıncısı, iqtisadi artım kapital və təbii sərvətlərdən  deyil, insan zəkası və innovasiyalardan asılı olacaq.

Davos forumunun yekun məruzəsində 2020-ci il üçün 4-cü sənaye inqilabının insanlara robot texnikası və avtonom nəqliyyat, süni zəka və onlayn (online) təhsil, yeni materiallar, biotexnologiya və genomika dünyasını açacağı vurğulanır. Bəzi peşələrin yox olacağı, bəzilərinin daha da inkişaf edəcəyi, ağlımıza gəlməyən yeni peşələrin yaranacağından da bəhs edilir.

Qərb iqtisadçılarının gəldiyi qənaətə görə, iqtisadi inkişaf potensialı artıq tükənib və yeniliklər tətbiq olunmasa, artım barədə düşünməyə belə dəyməz. Bir sözlə, söhbət eyni əmtəənin daha az əmək (işçi qüvvəsi) sərf etməklə əldə edilməsindən gedir. Bundan əvvəl, bir çox beynəlxalq korporasiyalar əmtəənin maya dəyərini azaltmaq üçün istehsalı işçi qüvvəsi daha ucuz olan inkişaf etməkdə olan və ya üçüncü dünya ölkələri ərazilərinə keçirir, dilimizdə zərb-məsələ çevrilmiş offşorlardan yararlanırdılar. İndi isə vəziyyət dəyişir, daha Çindəki fəhləyə ABŞ yaxud Almaniyada eyni işi görən işçidən onqat az məvacib vermək mümkün deyil. Beləliklə, əmtəənin maya dəyəri artır. Bura daşınma xərcləri, gömrük rüsumları və digər məqamları da əlavə etsək, istehsalın astarının üzündən baha başa gəldiyi ortaya çıxır. Bahalı məhsulların alıcılıq qabiliyyəti zəif olan istehlakçılar tərəfindən alınmaması isə mənzərəni lap tamamlayır. Belə olan halda hansı sabit artımdan danışmaq olar? Buna heç bir iqtisadiyyat dözə bilməz. Hər halda, yaxın illərdə bütün dünya yenilənməsə, problemlər düyünü daha da artacaq, məhəlli və digər münaqişə və müharibələr ehtimalı başımızın üstünü daha kəskin şəkildə alacaq.

Bəs əmtəənin maya dəyərini azaltmaq üçün nə edilməlidir? Bu yerdə bir neçə ünsür ortaya çıxır — sənaye istehsalının robotlaşdırılması (bunun üçün süni zəkanın təkmilləşdirilməsi və ən elementar, yaradıcı düşüncə və qərar vermək qabiliyyəti tələb etməyən işləri görə biləcək robotların geniş tətbiqi lazımdır); sənaye müəssisələrinin istehlakçıya daha yaxın yerlərdə yerləşdirilməsi (üçüncü dünya ölkələrindəki zavod və fabriklərin geriyə qaytarılaraq daşınma və onunla bağlı xərclərin aradan qaldırılması); 3D printerləri və ondan da irəli getmiş additiv texnologiyaların məhsulu olan kvant printerlərinin tətbiqi (kvant printerləri 3D printerlərindən daha təkmil olaraq əşyanın molekulyar deyil, atom strukturunu təkrar edə biləcək, yəni, hər hansı detal qalsın bir yana, süni insan orqanları və əzaları yaradılacaq). Bir sözlə, yaxın, özü də ən yaxın zamanların trendi süni zəkası olan robotlardır. Onlar sənaye, nəqliyyat, elm və təəssüf ki, müharibələrdə tətbiq olunacaqlar. Hərbi sənaye komleksləri artıq bunu edir — dronlar vasitəsilə düşmən bombalanır.

Əslində, XXI əsr iqtisadiyyatı həm hökumətlər,  həm biznes, həm də cəmiyyətdən çevik olmağı, sürətlə dəyişən yeni şəraitə həmən uyğunlaşmağı tələb edir. Hökumətlər baş verənlərin nəticələri ilə əlləşməməli, əksinə, mümkün dəyişiklikləri öncədən görməli və innovasiyaların tətbiqi üçün özəl sektora şərait yaratmalı olacaqlar.

Bununla yanaşı, bir sıra iqtisadçıların fikrincə, robotlar insanları istehsalatda, xidmət sahəsində, nəqliyyatda əvəz etdikcə insanlar arasındakı qütbləşmə bir qədər də güclənəcək. Seqreqasiya və sosial bərabərsizlik kəskinləşəcək. Bir sözlə, ciddi sosial problemlər yaranacaq. Uduzmayanlarsa əqli (intellektual) və fiziki kapitalı təmin edəcək ixtiraçılar, səhmdar və investorlar olacaq.

Və bu yerdə gəlib yenə də təhsil məsələsi ilə üzləşirik. Bəzi iddialara görə, az sonra bir sıra peşələr yoxa çıxacaq və onları digərləri əvəzləyəcək. Hələliksə, söhbət 2020-ci il üçün ən aktual olacaq 10 bacarıqdan gedir:

1.Kompleks məsələlərin həlli bacarığı
2. Tənqidi düşüncə
3. Yaradıcı qabiliyyətlər
4. İdarəetmə istedadı

5.Başqalarıyla uzlaşma

6. Emosional zəka

7.Düşünmək və qərar vermək bacarığı
8. Xidmətə yönümlülük
9. Danışıq aparmaq səriştəsi
10. Koqnitiv çeviklik

2000-cilərin əvvəlində üç qlobal ünsür konsepsiyası barədə danışmağa başlamışdılar: qlobal rabitə, qlobal naviqasiya və qlobal bilgi. İndi isə söhbət dördüncü qlobal ünsür – “təhsil”dən gedir. Qlobal təhsil deyəndə hamının bildiyi və haqqında eşitdiyi onlayn (online) təhsil nəzərdə tutulur. Dünyanın “uberləşdirilməsi” nəticəsində onlayn təhsil geniş vüsət alacaq ki, bu da iddialara görə “Bolonya sistemi”nin sonu olacaq. Söhbət çox sürətlə dəyişən şəraitdə iş yerini itirməmək üçün yeni tələb və çağırışlarla ayaqlaşacaq insanların çevik şəkildə və qısa zaman kəsiyində lazımi biliklərə yiyələnmək məcburiyyətindən gedir. Ənənəvi təhsil forması, yəni ali məktəb və universitetlərdən diplom almaq az qala bir ömür vaxt aparır. İnnovasiya və texnologiyalar isə gözləmir və bu yerdə onlayn təhsil öz çevikliyi ilə tələbatı ödəyir. İddialara görə, yaxın gələcəkdə artıq ali təhsil diplomu əhəmiyyətini itirəcək. İşi bacarana tapşıracaqlar!

Amma iş təkcə onlayn təhsillə bitməyəcək – onlayn idarəetmə də populyarlaşacaq. Məsələn, robotlaşdırılmış sənaye müəssisələrini işə çıxmamaqla, yəni oturub evdən də idarə etmək mümkün olacaq. Bu müəyyən mənada artıq mövcuddur. Elə götürək, redaksiyaları. Vaxtilə, böyük ofislər, nyus-rumlar (newsroom) qurur, onları bilgisayarlarla təmin edirdik. Xəbər və ya yazını bir bilgisayardan o birisinə disketlərə yazmaqla ötürürdük, sonra naqillər vasitəsilə redaksiyadaxili şəbəkələr yaratdıq – disketlər yox oldu. Nyusrumlar arı pətəyinə bənzəyirdi. İndi isə artıq nə böyük ofislərə, nə də nəhəng nyusrumlara ehtiyac var. Qlobal rabitə — internet mövcuddur. Elə götürək “Ayna”nı. Müəlliflərimiz dünyanın hər yerindən yaza bilirlər – Türkiyədən, İsveçrədən, İngiltərədən, Hollandiyadan, hətta Goradil və Şüvəlandan. Özü də yerlərindən tərpənmədən. Bu, artıq gerçəklikdir.

İndustry 4.0 barədə innən belə hələ çox danışmalı olacağıq və danışacağıq da, çünki proseslərin quyruğunda sürünməməliyik. Əksinə, onları qabaqcadan görməyi bacarmalıyıq. Yeni texnoloji həyat düzəni evimizin astanasındadır və orada adicə “keyfiyyətli istehlakçılara” yer olmayacaq, o cümlədən də istehlakçı ölkələrə. Anlamalıyıq ki, innən belə iqtisadi artım kapital və təbii sərvətlərdən deyil, insan zəkası və innovasiyalardan asılı olacaq. Almaniya son 3-4 ildir ki, məhz  bu istiqamətdə hər il 40 milyard yevro pul xərcləyir. Bədbin proqnozlara görə, istehsal sənayesi olmayan ölkələr, yəni texnoloji düzənlə ayaqlaşmağı bacara bilməyənlər nəinki müstəqilliklərini, hətta dövlətçiliklərini də itirəcək və qlobal robot-texniki korporasiyalar tərəfindən idarə olunacaq ərazilərə çevriləcəklər…

 

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (7 оценок, среднее: 9,86 из 10)
Oxunma sayı: 987