Muəllif:

İDXAL EDİLMİŞ KURİKULUM

VƏ YA ŞÜURUMUZU NECƏ REFRESH EDƏK

Tələbəlikdə diamatdan şüur və materiya haqqında dinlədiyim mühazirələr maraqlı gəlsə də, onları sxolastik sayırdım. Hansı ilkindir: şüur, yoxsa materiya, hansı vacibdir: forma, yoxsa məzmun – bütün bunlar sərxoş söhbətlərin baş ağrıdan paradokslarla dolu mövzularından başqa bir şey deyildi. Özümü fəxrlə materialist hesab edirdim. O mənada ki, gördüklərimi məntiqlə izah etməyə çalışırdım. Fərqinə varmırdım ki, məntiq də şüurdur, idrakdır. Axı kim deyə bilər ki, kosmik idrak məntiqsizlik, xaos, absurd deməkdir. Sonra M.Bulqakovu oxudum (tələbəlik dövrümüzdə bu müəllif yasaq idi). “İt ürəyi”nin qəhrəmanı professor Preobrajenskinin sözləri beynimdəki dialektik materializmi (?!) alt-üst etdi: “Cəmiyyətdəki dağıdıcı pozğunluq beyinlərdəki viranəlikdən başlayır. Eybəcər şüur ətrafda eybəcərlik yaradır”. Yavaş-yavaş başa düşdüm ki, şüur-materiya dualizmində ilkinlik məsələsi heç də sxolastika deyil.

Yaxşı, çox uzatmayım. Əslində təhsil haqqında yazmaq istəyirəm.

Bir neçə il əvvəl keçmiş təhsil naziri Misir Mərdanov təhsildəki geriliyin səbəbləri haqqında danışanda demişdi ki, təhsil də ictimai həyatın bir hissəsidir; cəmiyyətimiz necədirsə, təhsilimiz də elədir. Cənab eks-nazirin dilindən səslənməsi çoxlarını şoka salsa da, bu, bir aksiomdur. Ona görə də hərdən başımızı bir az yuxarı qaldırıb təhsilə qlobal bəşəri problemlər kontekstində nəzər salmaq faydalı olar.

Dünyaya meydan oxuyan dövlətlər ideyalar, texnologiyalar yaradır və ixrac edirlər. Bunun üçün onlar digər dövlətlərdən də beyinlər idxal edirlər. İkinci tip dövlətlər də var ki, bu ideyalardan bəhrələnib güclü istehsal infrastrukturu yaradır və başqa ölkələrə hazır məhsullar ixrac edirlər. Və nəhayət, üçüncü tip dövlətlər bu məhsulları idxal edir, öz torpaqlarının altında, üstündə olanlardan nə varsa, xaricə satırlar. Bu şərti təsnifatda Azərbaycanın yerini müəyyənləşdirmək çətin deyil.

İkinci tip dövlətlərdə – Çində, Cənubi Koreyada, Sinqapurda gedən proseslər maraq doğurur. Hiss olunur ki, ideya idxal edən ölkə statusu artıq bu dövlətləri qane etmir. Onlar başa düşürlər ki, superdövlətlərə çatmaq üçün elm və təhsili inkişaf etdirməli, ölkə əhalisinin İQ-sünü yüksəltməlidirlər. Bu ölkələrin son dövrdə təhsil sahəsindəki uğurları göstərir ki, yaxın zamanlarda dünyada beyin mərkəzlərinin yerdəyişməsi baş verəcək. Bircə onu demək kifayətdir ki, bu gün üçün ən mötəbər sayılan PİSA (Programme for International Student Assessment) beynəlxalq qiymətləndirilməsində bu ölkələr daim birinci beşliyə daxil olur. Qərb dövlətlərindən birinci onluqda, adətən, Finlandiya, Estoniya, Norveç, Kanada yer alır. Azərbaycan PİSA-nın son qiymətləndirmələrində iştirak etməyib. Çox güman ki, bu, ölkəmizin 2009-cu il qiymətləndirməsində 60 ölkə arasında 59-cu yeri tutması ilə bağlıdır. Belə hesab edirik ki, utandırıcı həqiqəti görməkdən və başqalarına göstərməkdənsə, onu ört-basdır etmək yaxşıdır.

Amma bəzən təhsildə uğurlardan da danışmağa söz tapırıq. Neçə illərdir, KİV-də təhsilin inkişafından söhbət gedəndə, əsasən, məktəblərin maddi-texniki bazasının möhkəmlənməsindən danışılır. Bəli, bu illər ərzində yüzlərlə məktəb tikilib, əsaslı təmir olunub. (Bəzi məktəblərə daxil olanda adam ayaqqabısını çıxarmaq istəyir). Çoxlu miqdarda parta, lövhə, kompüter avadanlığı alınıb. Bütün bunlar yaxşıdır. Amma təhsilin inkişafını təmin edən, ilk növbədə, onun məzmunudur. Əgər şagirdin ixtiyarına verilən kompüterin içində kifayət qədər elektron tədris resursu yoxdursa,  o (kompüter), çipləri və naqilləri olan dəmir yığnağından başqa bir şey deyil. Bir təhsil məmurunun dediyi kimi, bu günün özündə də Harvard universitetinin auditoriyalarında qara lövhə üzərində təbaşirlə işləyən müəllimlərə rast gəlmək olar. Bu auditoriyalardan isə gələcəyin Nobel mükafatı laureatları çıxır.

Amma insaf naminə demək lazımdır ki, biz də pulumuz olanda Qərbdən ideyalar alırıq. Necə ki on il bundan əvvəl kurikulumu idxal etdik.

Kurikulum ənənəvi olaraq tədris proqramı adlandırdığımız bir anlayışdır. İctimaiyyətin ona qarşı aqressiyasına görə çoxlarını günahlandırmaq olar: bu sənədi tərtib edənləri, kurikulum əsasında dərslik yazanları və ya dərs deyən müəllimləri. Bircə kurikulumun ümumi konsepsiyasını, fəlsəfəsini pisləmək lazım deyil. Ənənəvi proqramdan fərqli olaraq kurikulum sadəcə, tədris olunan bilikləri sadalamır, həm də həmin biliklərin tətbiqini, yəni bacarığa çevrilməsini tələb edir. Burada hər bir tədris mərhələsi üçün məqsədlər elan olunur və o məqsədə aparan yollar göstərilir. Bu konsepsiyaya görə şagirdlərə verilən biliklər onlarda həyati bacarıqların formalaşmasına xidmət etməlidir.

Bəs nəyə görə ictimaiyyətin kurikuluma münasibəti bu qədər neqativdir? Əsas səbəb odur ki, kurikulum aşağıların şüurlu tələbi ilə meydana gəlməyib, yuxarıdan endirilib. Necə deyərlər, onu cəmiyyət doğmayıb, leylək qanadlarında gətirib. Ona görə də bu proqram müəllimlərə hələ də yaddır. Əcnəbi ekspertlər üçün bu sənədin aydın və anlaşıqlı dildə olmasının heç bir əhəmiyyəti yox idi. Onlar sənədin hazırlanmasına ayrılmış 2,7 mln pulun böyük qismini ciblərinə qoyub vətənlərinə qayıtdılar. Ortada qaldı qeyri-müəyyən ifadə olunmuş məzmun standartları üzərində baş sındıran dərslik müəllifləri və onlardan nə tələb olunduğunu başa düşməyən müəllimlər. Beləliklə, idxal olunmuş ideya iflasa uğradı. Ona görə yox ki, pis ideya idi, ona görə ki, cəmiyyət bu ideyanın tətbiqinə hazır deyildi. Bu ideyaya doğru addım-addım getmək, onu insanların şüuruna tədricən yeritmək lazım idi.

Bir sözlə, belə çıxır ki, hələ mütərəqqi ideyaları nəinki yaratmağa, heç idxal etməyə də hazır deyilik. Buna nə idarəçilik sistemi, nə də ictimai şüur hazırdır.

İctimai şüur demişkən, onu kosmik şüurdan fərqləndirmək lazımdır. İctimai şüur mentallıqla bağlıdır, arxetiplərlə buxovlanıb. Burada qədim türk köçərisinin genetik yaddaşı da var, orta əsrlərin Şərq irrasional, obrazlı təfəkkür tərzi də, sovet dövrünün militarist, ideoloji düşüncəsi də. Hər şey qarışıb bir-birinə, bu buxovlardan azad olmaq elə də asan deyil. Amma bir şey dəqiqdir ki, bu arxetiplər arasında tərəqqiyə mane olanlar da çoxdur: kənardan gələn hər bir yeniliyə qarşı aqressiya, hadisə və varlıqların funksionallığına, mahiyyətinə deyil, zahiri görünüşünə diqqət yetirmək…

Vallah, adam hərdən istəyir ictimai şüurun bəzi sahələrini refresh eləsin. Elə bilirsiniz, bu mümkün olan şey deyil. Necə deyərlər, heç vax deməyin “heç vaxt”. Avropa nüvə araşdırmaları mərkəzinin alimləri irreal aləmdən materiyanın yaradılması modelini quraşdırıblar. Onlar sübut ediblər ki, virtual dalğalar müəyyən şəraitdə materiya hissəcikləri yarada bilir. Beləliklə, alimlər heç nədən mini-kainat yaradıblar. Bununla da onlar elmə əks gedərək dünyanın kosmik idrak, sadə dildə desək, Tanrı tərəfindən yaradıldığını sübuta yetiriblər. İndi bu alimlərin əlində hansısa ölkədə ictimai şüuru dəyişdirmək nə böyük işdir ki.  Ona görə də yaxşısı budur, özümüz özümüzü dəyişmək haqqında düşünək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (6 оценок, среднее: 9,83 из 10)
Oxunma sayı: 1204