Muəllif:

Güllə, mərmi altında yaşayan uşaqlar: “itirilmiş nəsil”

Sosial şəbəkədə bir foto gördüm. Vaxtilə Türkiyədə çalışmış icra məmuru idi.  Deyir ki, “evə daxil olduq, ev əşyalarını müsadirə etməliydik, növbə televizora çatdı. Evdəki balaca uşaq cizgi filminə baxırdı…. qeyri-ixtiyari baxışlarımız toqquşdu. Həmin gün vəzifəmdən istefa verdim.”

Ötən ilin aprel hadisələri gərək ki, yadınızdadır. 20 ildən artıq davam edən Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlar ən aktiv fazaya keçmişdi. Jurnalist kimi həmin günləri cəbhəyanı kəndlərdə gərgin işləmişdim. Evimə döndüm, çox yorğun, etiraf edim ki, bir qədər də bitkin idim. O vaxt qızım 6 aylıq idi. Onu qucağıma aldım, diqqətlə üzümə baxdı və gülümsədi. Mən də ona gülümsədim. Məşhur “Balaca şahzadə”nin müəllifi Ekzüperinin gözəl cümləsi var:“Dünya bir körpənin qığıltısına da dəymir.”

Bu gün sağ qalan, hər gün güllə, partlayış qorxusu altında yaşayan, böyüyən, hətta bu şəraitdə özü valideyn olan insanlar var.

Güllədən və mərmidən qorunmaq üçün gecələri evində keçirməyən, atasının maşınında, anasının qucağında əllərini ovcuna sıxıb yatan uşaqların soyuqdan donmuş burnu, qızarmış yanaqları, günlərdir çarpayısında deyil, maşında və qucaqda yatan uşaqlar müharibənin ən zavallı qurbanlarıdır. Bir az yaşca böyük uşaqların isə atasının maşınında arxa oturacaqda dizlərini büküb oturması və pəncərədən çölə baxması qədər də dəhşətli bir şey yoxdur. O arxa oturacaqların pəncərəsindən baxan iki balaca, həm də dərin gözlər…

Ən dəhşətlisi isə həmin aprel gecələrində evlərində deyil, kənd qəbirstanlığının yaxınlığına yığılan uşaqlar idi. Valideynləri, nənə-babaları qarşı tərəfə baxıb “bu dəqiqə atacaqlar” deyə-deyə sanki səbrsizliklə nəyisə gözləyirdilər. Uşaqlar isə bir kənara toplaşıb oyun oynayırdılar. Halbuki, həmin saatlarda onların böyük şəhərlərdə yaşayan həmyaşları yatmağa hazırlaşırdılar. Bələdçim mənə, “bura onların evlərindən təhlükəsizdir”, ona görə buraya yığışıblar deyirdi. Bir də… həmin insanlar arasında hamilə qadınlar da vardı. Dünyaya gəlməsələr də, artıq müharibəni yaşayan körpələr də var.

Kiçik qız səhər tezdən adəti üzrə anasının deyil, çox yaxınlarda ağır partlayış səsinə oyanır, anasını çağırır, cavab gəlmir, nə baş verdiyini anlamır, yenə anasını çağırır. Beləliklə, yenidən müharibə başlanır. Uzun çəkir müharibələr – uşaq doğulur, oynayır, oxuyur, böyüyür amma ona elə bir zərbə vurur ki, bir ömür boyu onun yaddaşına həkk olunur. Uşaqlar müharibədə vuruşmur, yalnız onlar hər gün “yaralanırlar”, evlərinə hər gün bomba düşür.

Bu uşaqlar “Mən yay tətilimi necə keçirdim” mövzusunda inşa mövzuları yazmırlar. Çünki, onlarda hər zaman qışdır.

Bakıda və digər böyük şəhərlərdə yaşayanlar bu insanları anlamaz. Onlar evakuasiya, gecələr evdən çıxıb maşında və kənd qəbirsitanlığının yanında gecələmək, həyəcanın nə olduğunu bilsələr də, dərk edə bilməzlər. Çünki, o həyatı yaşamırlar. Amma balaca uşaqlar yaşayır.

Ağdamda 9 yaşlı Fariz Bədəlov vardı. 2011-ci ildə həyətlərində oynayarkən snayper gülləsindən həlak olmuşdu. O, yaşasaydı 15 yaşı olacaqdı, bəlkə də kimsə onu tanımayacaqdı. Amma o, ölümündən illər keçsə də, həmin 9 yaşlı uşaq kimi artıq yaddaşlara həkk olunub.

Tez-tez eşidirik:“Uşaqlar bizim gələcəyimizdir”. Cəbhədə yaşanan gərginliklər zamanı uşaqların qorxudan  hansı xəstəliklərdən əziyyət çəkdiyindən xəbəri olan varmı?

Hələ güllənin dəydiyi, xoşbəxtlikdən sağ qalan uşaqlar da var. Bu gün münaqişə zonalarında yaşayan uşaqlar da Azərbaycanın gələcəyidir.

O uşaqlar ki, müharibələr onların psixologiyasını məhv edir. Bundan əlavə, nə qədəri normal təhsil ala bilmir, üstəlik onlara göstərilən səhiyyə xidməti də istənilən səviyyədə deyil.

Sonra onlar böyüyür və “itirilmiş nəsil” yaranır.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 100