Muəllif:

“Cənnət”dən hökumətə hesabat

Radioda hökumətin doqquz aylıq fəaliyyətinin yekunlarına dair hesabatı dinləyirəm. Rəhbərlər bir-birini əvəzləyir, böhran içində çabalayan dünyada Azərbaycanın uğurlarından danışırlar: indi yalnız energetikamız “rövnəq”lənmir, bütün iqtisadiyyatımız “şahin” kimi pərvazlanır, durmadan irəliləyirik, inkişaf edirik, maaşlar artır, işsizlik azalır, güzəştli kreditlər çoxalır, biznes mühiti yaxşılaşır, təhsil güclənir, səhiyyə genişlənir, hər şey «ASAN»laşır, hər yan «ABAD»laşır…

Belə çıxır ki, geri gedənlər təkcə mən və ətrafımdakılardır. Səhər-axşam sönüb-yanan elə bizim küçənin işıqlarıdır, çaydanı qaynatmağa gücü çatmayan bircə bizim qazımız, çimən yerdə təzyiqi itən ancaq bizim suyumuzdur. Ölkənin bütün işsizləri məhz mənim başıma yığışıblar – hamısı qohum-qonşularımdan ibarətdir. Soyulmaqdan bezib dükanını bağlayanlar, biznesini xaricə qaçıranlar – yalnız mənim dostlarım və tanışlarımdır; məktəbə «fondpulu», «süpürgəpulu» ödəməkdən yorulanlar, institutda oxuyan övladlarının təhsil haqqını çatdırmayanlar – təkcə mənim əminəvələrim, dayıuşaqlarımdır, həkimlərin əlində olub-qalan sağlamlıqlarını da itirənlər bircə mənim xalalarım, bibilərimdir.

Bəlkə, özünün təsvir etdiyi firavanlıq içində yaşayan hökumətimizə bu cənnətə kənardan tamaşa edən xalqın ən adi qayğıları barədə biz də bir hesabat verək?

…Səhər durub dəniz kənarında gəzdim. Evə qayıdıb yuyundum: bəxtimdən suyun təzyiqi yaxşı idi. Kofe dəmləmək istədim — yadıma düşdü ki, qaz dünən günortadan kəsilib. Axşam əsəblərim tarıma çəkilənədək cəhd göstərmişdim, qaz idarəsinin telefonlarına düşə bilməmişdim. Məlahətli qız səsi ilə cavab verən robot dediyindən dönməmişdi: «Operatorlar məşğuldurlar, xahiş edirik xəttdə gözləyin». Deyinə-deyinə yerimə girmişdim: «Məşğul olarlar da! Bu saat sizi söyməyə növbəyə duranların sayı-hesabı yoxdur!».

Hər ehtimala qarşı, qazı bir də yoxladım. Heç iyi də gəlmədi. Elektrik sobasını yandırdım. Adətən, qaz kəsiləndə işıq da sönür, amma, yaxşı ki, energetika nəhənglərimizin — «Azəriqaz»la «Azərişığ»ın fəaliyyəti arasındakı sinxronluq hərdən pozulur.

Şəhərə getməliydim. Universitetdə işləyən tanışım Türkiyədən dərman gətirmişdi – həmin dərmanların daha keyfiyyətsiz nüsxələri Bakı apteklərində üçqat bahasına satılır. Onları götürməli, anama verməli və geri qayıdıb əlimdəki yazının üzərində işi yekunlaşdırmalı idim.

Binəqədi yoluna girmədim – ora çoxdan bərbaddır. Məsafəni uzatsam da, Balaxanı tərəfə döndüm. Burada isə yağışdan sonra hələ suyu çəkilməmiş şosseyə bir yandan asfalt döşəyirdilər, ona görə yol lap daralmışdı, tıxac yaranmışdı, maşınlar onlar üçün saxlanmış ensiz zolaqdan növbə ilə keçirdilər.

Nəhayət, dəfn karvanına qoşulmuş maşın sürəti ilə sürünə-sürünə Heydər Əliyev prospektinə çatdım və bundan sonra qısa müddətə hökumətin «cənnət»inə düşdüm: quş kimi özümü universitetə yetirdim. Amma gecikdiyimdən müəllimin növbəti dərsdən çıxmasını gözləməli oldum.

Dərmanları verəndə anam dedi ki, qardaşının kiçik qızının da dərsdən çıxan vaxtıdır, məktəb yolu palçıqdır, gəlmişkən, bəlkə, gedib onu götürəsən?

Mən məktəbə çatanda zəng artıq çalınmışdı. Həyətdə iki qadın ağızlaşırdı. Bir dəstə valideyn və şagird hasarın bəri üzündən onlara baxırdı. Uşağı götürüb aralananda soruşdum:

— O qadınlar niyə elə eləyirdilər?

— Biri bizim müəlliməmizdir, o biri də sinfimizdə oğlan var, onun anası. Müəlliməmizin ad günüydü, hamı hədiyyə gətirməliydi. Bu oğlanın anasının pulu yoxuymuş nəsə almağa, evdə süni gülləri varıymış, onları verib oğluna, deyib, apar müəlliməni təbrik elə. Müəllimə də sinifdə gülləri götürdü, çırpdı oğlanın başına ki, qaytar anana, əzizlərinin üstünə qoysun. Oğlan ağlaya-ağlaya evlərinə getdi. İndi anası gəlib dalaşmağa…

Təsəvvür etdim ki, geri dönüb işə qarışmaq istəsəm, qadınların ikisi də birləşib üstümə düşəcək: «sən nə haqla müdaxilə edirsən, dalaşırıq – barışacağıq, çıx get, biz belə yaşamağa öyrəşmişik».

Balaxanı yolunda çox vaxt itirmişdim, ona görə risqə gedib evə Binəqədi şossesi ilə qayıtmağı qərara aldım. Böyük səhv elədim! On altı ildir bu tərəflərdə yaşayıram, yalan olmasın, onun on ilini Binəqədi yolunu asfaltlanan, təzədən sökülən, qazılan, doldurulan, bir də asfaltlanan görürəm. Çarə tapılmır ki, tapılmır. Hər yağışdan sonra yol göllənir. Bu yaxınlarda sonsuz təmirlərə dolayısı aidiyyatı olan bir mütəxəssisdən səbəbini soruşdum. Dedi, kanalizasiya çəkmək istəyirlər, düzgün bucağı heç cür tuta bilmirlər — su borulara dolub geri vurur…

Başa düşmədim, mütəxəssis mənimlə zarafat elədi, ya ciddi sözüydü. Amma həqiqət odur ki,  mən indi «Binəqədi gölü»ndə batdaq içində üzə-üzə Nazirlər Kabinetinin tər-təmiz və qupquru həyatımız haqqında mistik hesabatını dinləməyə məcburam.

Kimsə deyəcək ki, elə hey olmayanlarımızdan danışırsan, bir az da olanlarımızdan yaz. Heç yerdə abadlıq görmürsən? Görürəm, hər şeyi görürəm. Ona görə dönə-dönə təkrarlayıram: yüz minlərlə insanın həyat çətinliklərini abad prospektlər boyu ucaldılmış bəzəkli hasarların arxasında gizlədənlər hamıdan əvvəl özlərini aldadırlar. Və getdikcə öz yalanlarına daha çox inanırlar. Hesabat günündə problemləri önə çəkmək, onların həlli üçün tədbirlər görmək əvəzinə, bir-birlərini tərifləyə-tərifləyə «analoqu olmayan uğurlar»ından dəm vururlar. Gündəlik qayğıların yükü altında qəddi əyilən insanlar da qulaq asır, eşitdikləri ilə gördüklərini tutuşdurur və… rəhbərlərlə öz aralarında dərinləşən uçurumu hiss edirlər.

Bu uçurumu doğuran səbəblərdən birincisi yalandır! Yalan isə bumeranq kimi şeydir: hədəfdən yan keçəndə qayıdıb onu atanın özünə dəyir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (10 оценок, среднее: 9,80 из 10)
Oxunma sayı: 508