Muəllif:

Çayxana, karxana, yasxana…

O, hər gün səhər günəş dənizin bir addımlığında olan yaşadığı kinoklubu işıqlandırmamış tərk edər bir də qəbiristanlığın arxasındakı təpədə batanda qayıdar. Heç zaman günəşin doğuluşuna şahidlik edə bilməyib. Bir tikə çörək üçün bütün günü min yola əl atan, hər sahədə çalışan kimisi üçün molla olan, kimisi üçün usta sayılan, kimisinə görə də çayçı adlanan beli bükük, vaxtından tez qocalanan bu adam məktəbi də yazı-pozunu öyrənənə qədər oxuyub. İndi övladı onun yolunu gedir. Arzulamasa da, buna məhkumdu. Necə ki, dəftər-qələmi tez yerə qoyub atasına kömək etməyə başladı, eləcə də oğlu eyni işi görür. Bu minvalla ata oğula, oğul nəvəyə estafeti — yaşamaq uğrunda savaşı ötürür, öyrədir.

***

O, yaşamaq, ailəsinin ac qalmaması üçün çayxana işlədir, fəhlələlik edir, hasar hörür, ev təmir edir, həyət-bacaları təmizləyir, daş karxanasında işləyir, ölünü yerdən qaldırır, məclis aparır, Quran oxuyur. Hamı həsəd aparır, hərşeyşünaslığına paxıllıq edir. Kənddə hərbi xidməti başa vurub iş tapa bilməyən onlarla gənc onun yerində olmağa çalışır. Amma heç kəs onun yaşadığı talenin, çəkdiyi əzabın, iztirabın onda birini cansız bədənlərində hiss etməyib. Sadəcə kənardan baxıb paxıllıq edirlər.

***

Səhərlər çayxanaya gedir gecədən qalan tör-töküntüləri yığışdırır, toz və şirə basmış qəndqabılarını təmizləyir, stulları beşlik formasında dəyirmi masaların ətrafında düzür, sonra yaxınlıqdakı bulaqdan iri qabları suyla doldurub oğlunun gəlməsini gözləyir. Günəş yaşadığı kinoklubun işıqlandırandan sonra övladı yanına gələr çayxananı ona təhvil verib başqa iş dalınca gedər. Günə belə başlayar.

Əgər gecədən sifariş alıbsa həmin adamın qapısına gedər həyət-bacanı səhmana salar, hörgü işlərini yapar, olmazsa, donqarlanmış beli onu ağrıtmazsa karxanaya yollanıb daş atar. Ağrıları güc gələrsə qəbiristanlığa gedib ölüsünə yasin oxutduranların yolunu gözləyər.

O, yaşamaq üçün mücadilə aparır. Həyatını — gəncliyini, sağlamlığını karxanada iri daşları qaldırmaqla, həyət-bacaları təmizləməklə, hasar hörərkən həm ustalıq, həm də fəhləlik edərək itirib.

Oğluna isə heç bir yol göstərmir. Başqa bir sənətin qulpundan yapışmağı öyrədə bilmir. Çünki işləməsələlər, övladı ona kömək eləməsə ac qalarlar.

***

Hamı ona iş gördürür. Çünki kənddə ondan ucuz iş görən adam yoxdu. Bütün işləri ona buyururlar. Uşaq kimi hər yerə qaçır. Hətta oğlundan kiçik olan işlədiyi evin sahibinin uşağı belə əmr verə bilir. O isə belə də olmalıymış kimi hər yana yüyürür. Nə etsin? Vaxtıyla atası da bu yolu gedib. İndi də o davam etdirir. Atasından öyrəndiyi hörgünü, quran oxumağı, daş yonmağı yəqin illər ötdükcə oğluna da aşılayacaq. Hələlik çayxana işlətməyi ona öyrədir. Qapısında iri kağıza əyri-üyrü hərflərlə yazdığı «Çay evi»ni ona həvalə edib.

Məktəb isə… Onsuz da onun da, atasının da oxuduğu təhsil ocağını söküb yerində restoran, min bir xırdavat satılan dükan, şadlıq evi tikilib. Yeni inşa edilən məktəb isə kəndin o biri başındadı — onların yaşadığı kinoklubdan xeyli uzaqda yerləşir. İşlətdikləri çayxanaya yol bir addımlıqdı, məscidin yanındadı. O məscid ki, ona yox deməməyi öyrədib. İndi çətin də olsa yaşayır, amma bir kimsənin «bu işi bacararsan?» sualına yox deməyib. Məktəbdən isə ona yalnız xatirələr, bir də nisyə çay içənlərin adlarının yazmağı öyrənmək qalıb…

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 9,50 из 10)
Oxunma sayı: 102