Muəllif:

BİZİM MİDASLAR VƏ YA SÜNİ İNTELLEKT

İncildəki rəvayətlərə görə Yer üzündəki sonuncu müharibə “Armageddon”da baş verəcək. Xristianlıqda Apokalipsis “Dünyanın sonu”“Qiyamət günü” ilə sinonimdir. Armageddon fəlsəfə və ədəbiyyatda bütün müharibələrə son verəcək olan Xeyirlə Şər arasındakı axırıncı savaşdır. Bu savaşdan sonra bütün canlılar kainatdan silinəcək və “daşüstə daş qalmayacaq”.

Apokalipsisin 3-cü Dünya müharibəsi, nüvə bombasının partladılması, nəhəng bir meteoritin Yer kürəsinə çarpması və b. səbəblərdən gələcəyi təxmin edilir. Tarix verənlər belə var. Nostradamus, məsələn, 3537-ci il deyir. Onun kəhanətləri daha çox qəbul gördüyü üçün “təhlükə tam-tamlarını” çalmağın vaxtı gəlib. Son yüzilliklərdə elmi-texniki yeniliklər, inqilabi ixtiralar orta hesabla hər 25 ildə bir olurdusa, indiki dövrdə bircə ilə baş verir. Hər şey elə sürətlə inkişaf edib yenilənir ki, onlara yetişmək imkansız olub. Bütün bunlar Qiyamət gününə yeni yanaşma və təxminlər gətirir. Funksional proqramlaşdırmanın banisi, görkəmli informatika mütəxəssisi Con Makkarti 1956-da Süni İntellekt (Sİ) kəlməsini ilk dəfə tələffüz edəndə bəşəriyyətin buna belə tez çatacağını təxmin edə bilməmişdi…

Zəmanəmizin “İki Dahi Çocuğu”İlon MaskMark Zukerberg də Apokalipsis ssenarilərinə qoşulublar. Dünyanın iki ən böyük düşünən beyni “Dünyanın sonu” ilə bağlı fərqli fikirlər yürüdürlər. Mask Sİ-in bəşəriyyətin sonuna çıxacağını, onu məhv edəcəyini deyir. O, Qiyamətin ehtimalı yüksək bir ssenari olduğunu və dövlətlərin təcili tədbirlər almasını tələb edir.

“Chatbot”lar insanı imitasiya edən proqramlardır, insanla onun anlaya biləcəyi dildə danışa bilirlər. İlon Mask hansısa bir “chatbot”un uydurduğu yalan bir xəbərlə dünya müharibəsinin başlanacağından ehtiyat edir.

Bazar dəyəri 497 milyard (!) dollara yüksəlmiş “Facebook”un qurucusu Zukerberg Maskın fikirlərini məsuliyyətsiz adlandırıb və Sİ-in insanların gələcəyini asanlaşdıracağını söyləyir. “SpaceX”, “Hyperloop”, “Tesla” kimi layihələrin müəllifi isə opponentinin Sİ haqda kasad bilgiyə malik olduğunu bəyan edib.

İki dahinin söz duelindən cəmi 3-4 gün sonra dünyanı lərzəyə salan qeyri-adi bir hadisə baş verdi. Facebook rəhbərliyi özünün süni intellekt sistemini söndürməyə məcbur oldu. Buna səbəb robotların öz aralarında ingilis dilində deyil, indiyə qədər mövcud olmayan yeni bir dildə danışmağa başlamalarıdır.

Robotların insanın anlamadığı bir dildə ünsiyyət qurmaları onları tamamən müstəqil edir və mütəxəssislərin nəzarətindən çıxmağa səbəb olur. Terminator, Matrix kimi filmlərdə gördüklərimiz həqiqət oldu. Bu da Dünyanın başqa bir formata keçməsinin ilk siqnallarıdır. Bəli, robotlar öz dillərini yaradırlar. “Chatbot”ların bu başqaldırışı İlon Maskın tərəddüd və əndişələrində nə qədər haqlı olduğunu göstərdi.

* * * * *

Şərab və üzümçülük Tanrısı Dionis müəllimi Silenin itməsindən sarsılır, onu tapana böyük mükafat vəd edir. İçkiyə düşkün olan Silen sərxoş olub Frigya meşələrində sızıb 14 gün yatır. Frigya kralı Midas Sileni tapır, ona diqqət və qayğı göstərir. Dionis itmiş müəllimini tapmağın qarşılığında Midasdan nə istədiyini soruşur. Çox zəngin olmasına baxmayaraq gözü var-dövlətə doymayan Midas toxunduğu hər şeyin qızıla dönməsini istəyir. Dionis onun bu istəyini yerinə yetirir. Midasın toxunduğu hər şey qızıla çevrilir – qızını qucaqlayır, qızı altuna dönür, yemək istəyir, əlinə aldığı qızıl olur. Ac qalıb öləcək qorxusu ilə gedib Dionisin ayaqlarına yıxılır, bu “qabiliyyətindən” imtina edir. Dionis Midasa rəhm edir.

Bizim bəzi məmurlar pula hərisliyi, var-dövlət düşkünlüyü ilə necə də Midasa bənzəyirlər. Sadəcə olaraq əgər Midasın toxunduğu hər şey qızıla çevrilirdisə, bunların əlləri nəyə dəysə …a dönür. Çəkilən yollar qısa zaman içində sıradan çıxır, açdıqları fabriklər pas atır, böyütdükləri övladlar isə potensial cani olurlar.

Dionis isə Midasa rəhm edir.

Bizim “Midaslardan” birinin nəvəsinin qarajında ümumi dəyəri 3 milyon dollar olan avtomobil parkı aşkarlanıb. Bu pula istedadlı riyaziyyatçı tələbələri seçib əməllicə təqaüd vermək, onları, məsələn, elə Süni İntellektlə bağlı müxtəlif beynəlxalq layihələrə yönləndirmək olardı. Amma bizim “Midasların” Süni İntellekt bir yana, heç öz intellektləri varmı görəsən?..

Dionis isə Midasa rəhm edir.

Elmi-tədqiqat institutlarında çalışan fədakar alimlərimizin 300 manat aldıqları bir vaxtda güləşçiləri 2 min manat maaşa bağlamaq fəlakətdir. Bizim Qiyamət günümüz də elə burdan başlayacaq.

Beyinlə görüləcək işi başqa orqanlara buraxmaq olmaz…

Bizim güləşçilər qədər maaş alan Amerikadakı gənc alimlər və Silikon vadisinin araşdırmaçıları isə Bəşəriyyətin sabahı naminə möhtəşəm layihələr üzərində çalışırlar. Bunlardan biri də elə media ilə bağlıdır.

“New York Times” və “Associated Press” kimi nəhəg media quruluşlarında gündəlik xəbərləri artıq süni intellekt dəstəkli robotlar hazırlayırlar. Bu sahəyə astronomik sərmaye qoyulmağa başlanıb. Google özünün RADAR layihəsi ilə mediada yeni eranın qapısını açmaq üzrədir. Düşünə bilirsizmi, qəzet oxuyursan və oxuduğun insan tərəfindən deyil, robot tərəfindən yazılıb. Görün indi Dünya hara gedir, biz hardayıq. Amma nə olursa olsun, bu yeniliklər gəlib bizə də çatacaq. Görüm robot-jurnalistlər də ev tələb edəcəklərmi?…

Özünü oxumuş və ağıllı sayan biri dünən deyir ki, 8-ci sinifdə oxuyan oğlumu jurnalist edəcəm, çünki heç olmasa evi olacaq. “İntellektini yeyim” dedim…

nebioglu.i@gmail.com

www.twitter.com/ibrahimnebioglu

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (19 оценок, среднее: 9,95 из 10)
Oxunma sayı: 861